Accessibility links

ABŞ rəsmisi: Baydenin baş müşaviri ilə Səudiyyə şahzadəsi Yəmən müharibəsini müzakirə edib


Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman.
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman.

Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan çərşənbə axşamı Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla telefonla danışıb. Administrasiyanın yüksək vəzifəli rəsmisinin dediyinə görə, bu, səudiyyəlilərlə Yəməndə İranla müttəfiq olan husilərin doqquz illik münaqişəyə daimi son qoymaq yolunda “əhəmiyyətli irəliləyiş” əldə etdiklərinə dair işarədir.

Vəliəhd şahzadə ilə Bayden arasında münasibətlər insan hüquqları və neft hasilatı ilə əlaqədar narahatlıqlar səbəbilə gərgindir. Ancaq Səudiyyənin de fakto lideri və prezidentin baş milli təhlükəsizlik müşaviri Bayden üçün priroitet olan uzun və qanlı müharibəni sona qoymaqla bağlı ruhlandırıcı işarələr fonunda danışıq aparmaq qərarına gəlib.

Telefon danışığı səudiyyəli diplomat Məhəmməd bin Səid Əl-Cabirin bazar günü Yəmənin paytaxtı Sənada Husi rəsmiləri ilə müharibəyə son qoymaq üçün danışıqları sürətləndirməyə yönəlmiş müzakirələr aparmasından sonraya təsadüf edib. Bu barədə administrasiyanın yüksək vəzifəli rəsmisi The Associated Press-ə məlumat verib. Rəsmi ictimai açıqlama vermək səalhiyyətinə malik olmadığı üçün adının anonim qalmasını istəyib.

Rəsminin dediyinə görə, Baydenin Yəmən üzrə xüsusi elçisi Tim Lenderkinq bu həftə səudiyyəli rəsmilərlə danışıqlar üçün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada səfər edəcək. Mərkəzi Kəşfiyyat Agentliyinin (CIA) direktoru Vilyan Börns ötən həftə kəşfiyyat rəsmiləri ilə görüşmək üçün Səudiyyə Ərəbistanına səfər edib.

Əl-Cabirin Husilərin nəzarətində olan Yəmən paytaxtına səfəri səudiyyəlilər ötən ay Çində İranla 2016-cı ildə pozulan diplomatik əlaqələri bərpa etməklə bağlı razılıq əldə edəndən sonraya təsadüf edir. İran Yəmən münaqişəsində Husilərin əsas xarici dəstəkçisidir.

Rəsminin sözlərinə görə, bazar günü keçirilən danışıqlardan sonra “Yəməndə atəşkəsi möhkəmləndirmək və nəticədə müharibəyə son qoymaq üçün hərtərəfli yol xəritəsi ilə bağlı əhəmiyyətli irəliləyiş” Ağ Ev rəsmilərini “ruhlandırıb.”

Rəsmi deyib ki, Sallivan və vəliəhd şahzadə əsas diqqəti Yəmənə yönəldib, ancaq eyni zamanda Səudiyyə Ərəbistanı və İranın diplomatik münasibətləri bərpa etməsini, İranın nüvə proqramını və başqa məsələləri də müzakirə ediblər.

İranın müttəfiqi olan husilər 2014-cü ildə Sənanı ələ keçirdilər və beynəlxalq səviyyədə tanınan hökuməti Səudiyyə Ərəbistanına sürgün etməyə məcbur ediblər. ABŞ silahları ilə silahlanan Səudiyyənin başçılıq etdiyi koalisiya və kəşfiyyat 2015-ci ildə Yəmənin sürgündə olan hökuməti tərəfindən müharibəyə daxil olub.

İllərdir davam edən döyüşlər humanitar fəlakətə səbəb olub və ərəb dünyasının ən yoxsul ölkəsini aclıq həddinə çatdırıb. Ümumulikdə müharibədə 145 mindən çoxu mülki vətəndaş olmaqla 150 min nəfər ölüb.

XS
SM
MD
LG