Accessibility links

Konqresdə Birləşmiş Ştatların Qafqaz siyasəti ilə bağlı dinləmə keçirilib


Karen Donfrid
Karen Donfrid

ABŞ Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Avropa, Enerji, Ətraf Mühit və Kiber üzrə Alt Komitəsində sədr Vilyam Kitinqin başçılığı ilə Birləşmiş Ştatların Qafqaz regionu ilə bağlı siyasəti ilə əlaqədar dinləmə keçirilib.

Dinləmədə Amerika Birləşmiş Ştatları dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid hesabat verib. O, Nümayəndələr Palatasının Demokrat və Respublikaçı üzvlərinin suallarını cavablandırıb.

Konqresmen Vilyam Kitinq açılış çıxışında Amerika Birləşmiş Ştatlarının Ermənistanla Azərbayan arasında sülh danışıqlarındakı rolunun vacibliyini vurğulayıb. O hər iki ölkəni uzunmüddətli sülh əldə etmək üçün çalışmaq istəyi və təşəbbüskarlığına görə alqışlayıb.

“Mən hər bir ölkənin səfirləri ilə dərin müzakirələrdən sonra açıq şəkildə bildirdim ki, mən hər iki ölkəyə və bütövlükdə regiona fayda gətirəcək həllin sürətli şəkildə əldə olunacağına ümid edirəm,” Kitinq deyib.

Vilyam Kitinq
Vilyam Kitinq

Kitinq həmçinin bildirib ki, Ermənistan və Azərbaycan arasında davamlı sülh sazişi ilə birikdə davamlı demokratik islahatlar da region üçün həyati əhəmiyyət kəsb edir. O, Gürcüstanda demokratik geriləmənin davam etdiyini bildirib və Gürcüstan hökumətinin müxalifət liderlərinə qarşı təqibləri və ölkədəki fəallar və azlıqların insan hüquqlarına təhlükə yaradan fəaliyyətindən narahatlığını ifadə edib. Kitinq eyni zamanda Azərbaycan hökumətini azlıq qruplarını, o cümlədən LGBTQ fərdlərini qorumağa və ölkədə demokratik proseslərin qurulması üçün lazımi islahatlar aparmağa çağırıb.

Daha sonra çıxış edən Karen Donfrid Ermənistan və Azərbaycanın 30 ildən artıqdır davam edən münaqişəyə davamlı sülhü təmin etmək üçün tarixi imkanlarının olduğunu deyib. O deyib ki, sentyabr ayında baş verən döyüşlərdən sonra, hər iki ölkə sülh prosesinə, o cümlədən sülh sazişinin mətni üzrə tarixi birbaşa danışıqlara diqqətlərini yeniləyiblər. Donfrid xüsusilə də ABŞ-ın bu prosesdə mühüm rol oynadığını vurğulayıb.

“Biz Azərbaycan və Ermənistana danışıqların sürətini saxlamaq üçün təzyiq göstərməkdə davam edirik və bunu ikitərəfli, üçtərəfli qaydada və Avropa İttifaqı və digər tərəfdaşlarla sıx koordinasiyada edirik,” Donfrid bildirib.

Donfrid Azərbaycan və Birləşmiş Ştatlar arasındakı ikitərəfli münasibətlərə də toxunaraq, ABŞ-ın ikitərəfli prioritetlərini, o cümlədən təhlükəsizlik, iqtisadi artım, demokratiya və insan hüquqularını inkişaf etdirməyə sadiq olduğunu bildirib.

“Azərbaycanla təhlükəsizlik sahəsində əməkdaşlıq bizim milli təhlükəsizlik prioritetlərimizi, o cümlədən terrorizmlə mübarizə məqsədlərini, narkotik vasitələrin və qeyri-qanuni materialların qarşısının alınmasını və Xəzərdə mühüm enerji infrastrukturunun təhlükəsizliyinin artırılmasını dəstəkləyir,” o deyib.

Karen Donfrid bildirib ki, Azərbaycanla Ermənistan arasındakı sülh prosesindəki əsas problem ondan ibarətdir ki, bu iki ölkə 30 ildən artıqdır ki, münaqişədə olduğuna görə, onlar arasında etimadsızlıq mövcuddur. Onun sözlərinə görə, məhz bu səbəblə də iki ölkənin liderləri və ya rəsmiləri arasında görüşlərin olması kritikdir.

“Buna görə də administrasiya iki tərəfin bir-birini başa düşməsi, narahatlıqları anlaması üçün onlar arasında müzakirələr təşkil etməyə çalışır,” o deyib.

Karen Donfrid sədr Kitinqin Rusiyanın regiondakı nüfuzu və təsiri ilə bağlı sualına cavab olaraq deyib ki, Rusiyanın Cənubi Qafqaz regionunda uzunmüddətdir mövcud olan maraqları var və tez-tez Ermənistan və Azərbaycandan rəsmilər ilə görüşür. O, Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin regionda Rusiyanın uzun-müddətli niyyəti ilə bağlı suallar yaratdığını və Cənubi Qafqazda heç bir ölkənin Rusiyanınu Ukraynadakı müharibəsini dəstəkləmədiyini və bunun da regiondakı dimanikanı dəyişdyini deyib.

Donfrid Rusiyanın Azərbaycan-Ermənsitan arasında baş vasitəçi olmadığını və bu prosesə müxtəlif aktyorların cəlb olunduğunu bildirib. O həmçinin ABŞ-ın da son bir neçə ildə bu prosesdə daha aktiv iştirak etdiyini deyib.

“İstər katib Blinken olsun, istər Müdafiə Departamentindəki, istər Milli Təhlükəsizlik Şurasındakı həmkarlarımız olsun, istər Qafqaz danışıqları üzrə baş məsləhətçimiz olsun, istərsə də mənim şəxsi iştirakım - biz bu fürsəti görürük və hər iki ölkə də bizdən iştirak etməyi xahiş edib,” o deyib.

Karen Donfrid həmçinin Türkiyənin bu prosesdə kritik oyunçu olduğunu və buna səbəbin Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasının ola biləcəyini deyib.

“[Bu,] bütün region üçün yaxşı olar və Ermənistanla Azərbaycan arasında sülh prosesini təşviq edər,” o bildirib.

Cim Kosta
Cim Kosta

Daha sonra dinləmədə çıxış edən Kaliforniya ştatını təmsil edən Demokrat nümayəndə Cim Kosta Azərbaycanın Ermənistanla Qarabağ arasındakı yolu blokladığını və bu yolun kritik humanitar çıxış olduğunu bildirib. O bunun Azərbaycan tərəfinin niyyətinin yaxşı olmadığını göstəridiyini söyləyib və ABŞ-ın Dağlıq Qarabağda yaşayan ermənilər üçün hansı addımlar atdığını sual edib.

Karen Donfrid cavab olaraq Dövlət Departamentinin sözçüsünün bir gün öncə verdiyi bəyanatını vurğulayaraq, Laçın dəhlizinin bağlanmasının ağır humanitar fəsadlarının olduğunu və sülh prosesinə xələl gətirdiyini bildirib. O, ABŞ-ın Azərbaycan hökumətini dəhliz boyu sərbəst hərəkəti bərpa etməyə çağırdığını deyib. Bununla yanaşı o, dekabrın 14-də Vaşinqtona səfər edən Azərbaycan rəsmisi ilə də məsələni müzakirə edəcəyini və sərbəst hərəkətin bərpasına çağıracağını bildirib.

Karen Donfrid Bayden administrasiyasının Azadlığa Dəstək Aktına 907-ci düzəliş altındakı istisnanı uzatmaq qərarına da toxunaraq ABŞ-ın Azərbaycana edilən təhlükəsizlik yardımının Ermənsitana qarşı istifadə olunmadığından əmin olduğunu və bunun Dağlıq Qarabağ regionu ilə bağlı uzunmüddətli siyasi həllə dair danışıqlara əngəl olmadığını qeyd edib.

“Azərbaycana verdiyimiz təhlükəsizlik yardımı sülhməramlı qüvvələrin qarşılıqlı fəaliyyətini gücləndirir, Azərbaycanın İranla 765 kilometrlik sərhədində təhlükəsizliyi təmin etməyə kömək edir və Avropadakı müttəfiqlərimiz üçün vacib olan enerji mənbələrinin təhlükəsizliyini təmin edir,” o deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Aleksey Navalnı ilə vidalaşıb
please wait

No media source currently available

0:00 0:13:15 0:00
XS
SM
MD
LG