Rusiyada həbsdə olan amerikalı basketbol ulduzu Brittni Qraynerin azad edilməsini qeyd edən Bayden administrasiyası 2018-ci ildən Rusiyada saxlanan Pol Uilan da daxil olmaqla, xaricdə həbsdə olan digər amerikalıların da azad edilməsi üçün təzyiq altındadır.
Prezident Co Bayden və Britni Qraynerin həyat yoldaşı Çeril Qrayner fevral ayından bəri narkotik maddə ittihamı ilə Rusiyada həbsdə olan WBNA ulduzunun azad edilməsini qeyd etdiyi bir vaxt, administrasiya rəsmiləri 2018-ci ildən Rusiyada casusluq ittihamı ilə 16 il həbs cəzasına məhkum edilmiş amerikalı Pol Uilanın da azad edilməsi üçün işi davam etdirəcəklərini vəd edib. ABŞ dövlət katibi Antoni Blinken: "Bu, hansı amerikalının evə gətirilməsi ilə bağlı bir seçim deyildi. Seçim biri və ya heç biri idi."
Administrasiya əvvəlcə Rusiyadan 2011-ci ildə amerikalılara qarşı sui-qəsddə təqsirli bilinən və 25 il həbs cəzasına məhkum edilən Rusiya vətəndaşı, silah alverçisi Viktor Butun müqabilində həm Qrayner, həm də Uilanın azadlığa buraxılmasını istəmişdi. Lakin ruslar Butu yalnız Qraynerlə dəyişməyə razılaşdı. Uilanın ailəsi qərarı dəstəklədiyini bildirib. Pol Uilanın qardaşı Deyvid Uilan: "Mənim üçün prezidentin "evə qayıda biləcək bir amerikalı var" deməsi məntiqlidir. Və bu, həqiqətən də hazırda yeganə razılaşmadır - Rusiya hökuməti Viktor Butu Britni Qraynerə dəyişməyə hazır idi. Nəyə görəsə, Pol Rusiya hökumətinin potensial güzəştə getmək üçün seçəcəyi bir insan deyil".
Deyvid Uilanın dediyinə görə, ailəsi Polun uzun illər azad olunmayacağından qorxur. Bayden ictimaiyyətə açıqlamazdan əvvəl Uilan və ailəsi Qraynerin azad edilməsi barədə administrasiya rəsmiləri tərəfindən məlumatlandırılıb.
Prezident Co Bayden: "Biz Polun ailəsi, Uilan ailəsi ilə sıx əlaqə saxlayırıq və mənim düşüncələrim və dualarım bu gün onlarladır. Bu gün onlar qarışıq duyğular içindədir."
Qraynerlə Butun mübadiləri Əbu-Dabidə həyata keçirilib. Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı bəyanat yayaraq, vasitəçilik səylərinin uğurunun bu iki ölkə, Rusiya və ABŞ arasındakı əlaqələri əks etdirdiyini bildirib.
Lakin Ağ Evin mətbuat katibi Karin Jan Pyer danışıqlarda yalnız ABŞ və Rusiyanın iştirak etdiyini deyib. "Heç bir vasitəçilik olmayıb. Biz, prezidentin qeyd etdiyi kimi, indi də qeyd etdiyim kimi, Birləşmiş Ərəb Əmirliklərinə ərazilərindən istifadəyə və mübadilənin baş tutmasına görə minnətdarıq. Biz Rusiya hökuməti ilə haqsız yerə həbs edilmiş amerikalılarımızla bağlı məsələni qaldıran Səudiyyə Ərəbistanı da daxil olmaqla, digər ölkələrə də minnətdarıq."
Uilanın işi yüksək profilli olsa da, daha az tanınan başqa insanlar da var. Dövlət Departamenti rəsmisinin sözlərinə görə, 40 ilə 50 arasında amerikalı xarici hökumətlər tərəfindən haqsız olaraq həbs edilib. Mediada onların çoxuna Uilan və ya Qraynerə yetirilən qədər diqqət yetirilməyib.