Accessibility links

İsti hava şəraiti nəticəsində ABŞ-ın Qərb bölgələrində ölüm halları qeydə alınıb


Bazar ertəsi ABŞ-ın böyük hissəsini isti hava dalğası bürüyüb. Həftə sonu Kaliforniyanın "Ölüm Vadisi"ndə motosikletçinin təhlükəli istidən ölümündən sonra Oreqon ştatının Portlend bölgəsində rekord həddə çatan müsbət temperaturun 4 nəfərin ölümünə səbəb ola bildiyi ehtima edilir.

Bazar ertəsi əsasən də Qərb ştatları olmaqla, ABŞ-da 146 milyondan çox insana istiliklə bağlı xəbərdarlıq edilib. Kaliforniya, Nevada, Arizona, Oreqon, Vaşinqton və Aydaho ştatları Milli Hava Xidmətinin həddindən artıq istilər, Şərq Sahilinin bəzi hissələri, Alabama və Missisipi isə isti hava şəraiti xəbərdarlığı altında olub.

Qərbdə və Sakit Okeanın Şimal-Qərbində onlarla ərazi həftə sonu əvvəlki istilik rekordlarına çatıb və ya daha yüksək olub. Belə hava şəraitinin həftə ərzində davam edəcəyi gözlənilir.

Rəsmilər Oreqon ştatının Portlendin yerləşdiyi Multnoma dairəsində həkimlərin cümə, şənbə və bazar günləri dörd nəfərin şübhəli istiliklə bağlı olduğu ehtimal edilən ölüm hallarını araşdırdığını bildirib. Rəsmilərin elektron poçtla bildirdiyinə görə, ölənlərdən üçü 64, 75 və 84 yaşda sakinlər olub. Həmçinin Portlend xəstəxanasına aparılan 33 yaşlı kişinin də ölüm səbəbinin çox yüksək istilik olduğundan şübhələnilir.

Milli Hava Xidmətinin meteoroloqu Hanna Şandler-Kuli cümə, şənbə və bazar günləri Portlenddə gündəlik temperaturun rekordu qırdığını və bazar ertəsi müsbət 40 dərəcəyə qədər yüksələcəyini bildirib. Çərşənbə axşamı axşama kimi Portlenddə yüksək temperatur gözlənilir.

Rəsmilər istilik səbəbindən xəstəlik və xəsarət hallrının bir gün və ya bir neçə gün ərzində yarana biləcəyi ilə bağlı xəbərdarlıq edib. Kaliforniyanın San Hose şəhərinin meri Matt Mahan X sosial platformasında keçən həftə evsiz bir insanın istiliklə əlaqədar dünyasını dəyişdiyini bildirib və bunu "qarşısı alına bilən faciə" adlandırıb.

Kaliforniyanın şərqindəki "Ölüm Vadisi" parkında şənbə və bazar günləri Selsi şkalası üzrə müsbət 53.3 dərəcə temperatur qeydə alınıb. Orada şəxsiyyəti açıqlanmayan bir ziyarətçinin şənbə günü istidən öldüyü, daha bir nəfərin xəstəxanaya yerləşdirildiyini bildirilib.

Parkdan verilən açıqlamada onların qızmar havada Badvoter Hövzəsi ərazisindən keçən altı motosikletçi arasında olduqları deyilib. Digər dörd nəfərə isə hadisə yerində tibbi yardım göstərilib.

Forum

XS
SM
MD
LG