Accessibility links

ABŞ-ın 3 hərbi qulluqçusu Qəzzaya yardım estakadasında əməliyyat zamanı xəsarət alıb


ABŞ rəsmilərinin cümə axşamı bildirdiyinə görə, humanitar yardımın çatdırılması üçün Qəzza sahillərində müvəqqəti estakada quraşdırmağa çalışdıqları zaman üç amerikalı hərbçi yaralanıb. Onlardan birinin vəziyyətinin ağır olduğu və İsrail xəstəxanasına aparıldığı bildirilib.

Bu, ABŞ qüvvələrinin fələstinlilərə humanitar yardım çatdırmaq üçün apardığı son əməliyyat zamanı qeydə alınan ilk xəsarətlərdir.

Estakadanın inşası ABŞ prezidenti Co Bayden tərəfindən mart ayında elan edilib və ordu üzən qurğunu sahil yaxınlığında inşa edib. İnşası 90 gün ərzində 320 milyon dollara başa gələn estakadanın quraşdırılmasında 1000 ABŞ hərbçisi iştirak edib və o, keçən həftə istifadəyə verilib.

ABŞ Mərkəzi Komandanlığının komandir müavini, ABŞ vitse-admiralı Bred Kuper jurnalistlərə iki hərbçinin topuq və bel nahiyəsindən "çox yüngül, adi xəsarətlər" aldığını deyib. "Həmin şəxslər vəzifələrinə qayıdıb" - deyə, o bildirib.

Onun dediyinə görə, gəmidə yaralanan üçüncü hərbçi İsraildə xəstəxanaya təxliyə edilib. Adının açıqlanmasını istəməyən ABŞ rəsmisi həmin şəxsin vəziyyətinin ağır olduğunu bildirib.

ABŞ qanunvericiləri Amerika əsgərlərinin Qəzza sahillərində yerləşdirilməsi riskləri ilə bağlı narahatlıqlarını dilə gətirib. Bayden onların müharibənin viran qoyduğu şəhərə girməyəcəklərini deyib.

Pentaqon ABŞ hərbi qüvvələrinin təhlükəsizliyini prioritetləşdirəcəyini bəyan edib.

Kuper "Bizim gözümüz açıqdır və qüvvələrimizin mühafizəsini bütün gün, hər gün izləməyə davam edirik. Və hazırda əməliyyatların davam edə biləcəyi qənaətindəyik" deyib.

Forum

XS
SM
MD
LG