Accessibility links

ABŞ husilərin "hücuma hazır vəziyyətdə" olan raketlərini məhv edib


ABŞ Mərkəzi Komandanlığının (USCENTCOM) bildirdiyinə görə, ABŞ qüvvələri çərşənbə günü gecə saatlarında Yəmənin qərbində husilərin 14 raketinə havadan zərbələr endirib.

USCENTCOM-un bəyanatında deyilib ki, raketlər atılmaq üçün yüklənmişdi və "bölgədəki ticarət gəmiləri və ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri üçün qaçılmaz təhlükə idi".

"İranın dəstəklədiyi husi terrorçuları beynəlxalq dənizçiləri təhlükə altında qoymaqda, Qırmızı dənizin cənubunda və ona bitişik su yollarında ticarət gəmilərinəqarşı qaydaları pozmaqda davam edir," USCENTCOM-un komandanı, general Maykl Erik Kurilla bildirib.

"Biz günahsız dənizçilərin həyatını qorumaq üçün tədbirlər görməyə davam edəcəyik və insanlarımızı həmişə qoruyacağıq," o deyib.

ABŞ-ın zərbələri Qırmızı dənizdəki gəmilərə hücumlara və təhdidlərə cavab olaraq, Yəməndəki Husi mövqelərinə qarşı Britaniya qüvvələri ilə birlikdə endirilən zərbələr də daxil olmaqla, dördüncü birbaşa hücumdur.

Zərbələr Yəmənin husilərin nəzarətində olan bölgəsindən atılan birtərəfli pilotsuz təyyarənin Ədən körfəzində ABŞ-a məxsus və onun idarə etdiyi Marşal adaları bayraqlı "M/V Genco Picardy"ni vurmasından bir neçə saat sonra endirilib.

Gəminin operatoru hücum nəticəsində xəsarət alanların olmadığını və gəmiyə cüzi ziyan dəydiyini bildirib.

Husilər İsrailin Qəzzada HƏMAS militantlarına qarşı müharibəsi fonunda fələstinlilərlə həmrəylik nümayiş etdirdiklərini və Qırmızı Dənizdə 30-dan çox hücum törətdiklərini bildirib.

Pentaqonun mətbuat katibi, general-mayor Pat Ryder çərşənbə günü jurnalistlərə husilərin növbəti hücumlarının qarşısını almaq üçün ABŞ ordusunun hərbi əməliyyatlarını davam etdirəcəyini deyib.

Forum

XS
SM
MD
LG