Accessibility links

ABŞ Qırmızı dənizdə yeni hücumdan sonra husilərə məxsus raketləri vurub


Arxiv fotosu - Silahlı husi tərəfdarları Yəməndə Səna şəhərində Qəzza zolağında fələstinlilərlə həmrəylik nümayişi zamanı, 29, 2024.
Arxiv fotosu - Silahlı husi tərəfdarları Yəməndə Səna şəhərində Qəzza zolağında fələstinlilərlə həmrəylik nümayişi zamanı, 29, 2024.

İranın dəstəklədiyi üsyançılar Qırmızı dəniz və Ədən körfəzindəki gəmi yollarını təhdid etməyə davam etdiyi bir vaxt ABŞ hərbi qüvvələri Yəmən yaxınlığında husilərə yeni raket zərbələri endirib.

ABŞ Mərkəzi Komandanlığı bölgədə gəmiçilik üçün təhlükə təşkil etdiyini bildirdiyi gəmi əleyhinə raketlərdən ikisini vurduğu haqda məlumat verib.

Zərbələr husilərin Ədən körfəzində konteyner gəmisinə hücumundan bir neçə saat sonra endirilib.

Britaniya Dəniz Ticarət Əməliyyatları Mərkəzinin bildirdiyinə görə, hücum Yəmənin Ədən limanından təxminən 170 kilometr cənub-şərqdə həyata keçirilib.

Britaniyanın dəniz təhlükəsizliyi şirkəti "Ambrey" gəminin İsraillə əlaqəli Liberiya bayraqlı konteyner gəmisi olduğunu bildirib.

Şirkətin bildirdiyinə görə, hücum zamanı baş verən partlayış və yanğın nəticəsində gəmiyə müəyyən dərəcədə zərər dəyib.

Husilər hücumları Qəzza zolağında fələstinlilərlə həmrəylik olaraq həyata keçirdiklərini və İsrail Qəzza zolağında hərbi əməliyyatları dayandırana qədər kampaniyalarını davam etdirəcəklərini bildiriblər.

Hücumlar Aralıq dənizinə gedən gəmilər üçün mühüm qısa yol olan Qırmızı dəniz dəhlizində gəmi nəqliyyatının pozulmasına səbəb olub. Bir çox kommersiya daşıma şirkəti husilərin hücumu riskindən qaçmaq üçün Afrika qitəsi ətrafında daha uzun və daha bahalı marşrut seçərək, gəmilərinin istiqamətini dəyişib.

Forum

XS
SM
MD
LG