Accessibility links

ABŞ Ukraynaya səkkiz NASAMS hava hücumundan müdafiə sistemi tədarük edəcək


NASAMS
NASAMS

ABŞ Ukraynaya səkkiz NASAMS orta mənzilli hava hücumundan müdafiə sistemi və sursat tədarük edəcək. Bu barədə Pentaqon məlumat yayıb.

Yaxın vaxtlarda iki ədəd, daha sonra isə altı sistemin təhvil veriləcəyi bildirilir.

ABŞ Müdafiə Nazirliyinin sözçüsü Sabrina Sinq keçən həftə Ukrayna hərbçilərinin NASAMS hava hücumundan müdafiə sistemlərinin istifadəsi üzrə təlim prosesini tezliklə başa çatdıracağını, bundan sonra onların Ukraynaya çatdırılmasının mümkün olacağını bildirib.

ABŞ-ın müdafiə naziri Lloyd Ostin bildirib ki, NASAMS hava hücumundan müdafiə sistemlərinin noyabrın əvvəlində Ukraynaya çatdırılması gözlənilir.

ABŞ həmçinin VAMPIRE və digər radar sistemləri də daxil olmaqla, pilotsuz təyyarə sistemlərinə qarşı müdafiə sistemi yaratmağı planlaşdırır.

NASAMS orta mənzilli mobil zenit-raket kompleksi bütün hava şəraitində aşağı və orta hündürlükdə hava hədəflərini vurmaq üçün nəzərdə tutulub. Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi daha əvvəl bildirmişdi ki, ABŞ Ukraynaya Təhlükəsizliyə Yardım Təşəbbüsü (USAI) çərçivəsində səkkiz belə sistem tədarük etmək niyyətindədir.

Avqustun sonunda Pentaqon komplekslərin Ukraynaya təhvil verilməsi üçün Raytheon şirkəti ilə 182,2 milyon dollardan çox məbləğdə müqavilə imzalayıb. Hazırda NASAMS sistemindən ABŞ, Norveç, Finlandiya, İspaniya, Niderland, Oman, Lita, İndoneziya, Avstraliya, Qətər, Macarıstan da daxil olmaqla 12 ölkə istifadə edir.

XS
SM
MD
LG