Ukrayna prezidenti Volodimir Zelenski cümə günü donorların Almaniyada keçirilən konfransında Qərb müttəfiqlərinə sadə bir mesaj verib: Silah tədarükünüzü "sürətləndirin."
Ukraynanın müttəfiqlərinin təxminən bir ildir davam edən Rusiyanın işğalı ilə mübarizə apardığı bir vaxt Ukraynaya yardımın ən yaxşı yollarını müzakirə etmək üçün toplaşdıqları ABŞ Hərbi Hava Qüvvələrinin Ramşteyn avia-bazasındakı toplantıya video vasitəsilə müraciət edən Zelenski deyib ki, müttəfiqlər "tankların sayı barədə bazarlıq etməməli, pisliyi dayandıracaq əsas təchizatın yolunu açmalıdır".
ABŞ-ın müdafiə naziri Lloyd Ostin donor ölkələrə "Daha dərinə getməliyik. Bu, Ukrayna üçün həlledici məqamdır. Ukrayna xalqı bizi izləyir, Kreml bizi izləyir, tarix də bizi izləyir" deyib.
İclasda bütün NATO üzvləri də daxil olmaqla, 50 ölkədən nümayəndələr iştirak edib.
Cümə günü görüşdən əvvəl ABŞ və Almaniya Ukraynanın tələb etdiyi "Leopard 2" və "Abrams" tanklarının tədarükü məsələsinə toxunmayıb. Ostin Ramşteyndə "Ukraynanın özünümüdafiəsini uzun müddət dəstəkləmək üçün öhdəliyimizi təzələyəcəyik" desə də, yeni avadanlıqdan konkret bəhs etməyib.
Ukrayna prezidenti Volodimir Zelenski açıq şəkildə bildirib ki, Ukraynaya müasir tanklar lazımdır. Cümə axşamı gecə etdiyi video müraciətində o, ölkəsinin "qəti qərarlar" və "ABŞ-dan güclü hərbi yardım paketi" gözlədiyini deyib.
Ukraynanın Qərb müttəfiqlərinə Rusiyanı məğlub etmək üçün tanklar göndərməli olduqları barədə müraciət etməsindən bir neçə saat sonra Birləşmiş Ştatlar 2,5 milyard dollardan çox hərbi yardım göstərdiyini, lakin tankların olmadığını bildirib.
ABŞ-ın ən son silah paketinə 59 "Bradley" döyüş maşını və 90 "Stryker" zirehli daşıyıcı daxildir. Maşınlar üç növ raket, on minlərlə artilleriya və minaatan mərmiləri, əlavə HİMARS və digər hava hücumundan müdafiə sistemləri ilə birlikdə gəlir.
ABŞ-ın yeni yardım paketi Rusiyanın təxminən bir il əvvəl işğalından bəri Amerikanın Ukraynaya hərbi yardımını təxminən 27 milyard dollara çatdırır.
Cümə axşamı xarici işlər naziri Dmitro Kuleba və müdafiə naziri Oleksiy Reznikov birgə bəyanatında Ukraynanın müdafiəsini gücləndirməsinə yardım edən 50 ölkəyə təşəkkür edib. Lakin onlar Rusiyanın "qoşun, silah və hərbi texnika baxımından əhəmiyyətli dərəcədə üstünlüyə malik" olduğunu deyib.
Ukrayna rəsmiləri deyiblər ki, Rusiyanın işğalı ilə mübarizədə ən aktual ehtiyaclardan biri Ukraynanı müasir zirehli maşınlarla təmin etmək və Qərb tankları ilə daha yaxşı atəş və manevr imkanları verməkdir.
Kuleba və Oleksiy Britaniyanın Ukraynaya "Challenger 2" tanklarını göndərmək addımını alqışlayıb. Eyni zamanda onlar Almaniyanın "Leopard 2" tanklarına sahib olan ölkələri Ukrayna qüvvələrini onlarla təmin etməyə çağırıb.