ABŞ müdafiə naziri Lloyd Ostin hökumətinin Ukraynaya 200 milyon dollar dəyərində daha bir hərbi yardım paketi təqdim edəcəyini bildirib.
Paketə ABŞ-ın yaxın vaxtlarda Ukraynaya göndərəcəyi yeni hava hücumundan müdafiə sistemi üçün AIM-9 mərmiləri, əlavə artilleriya sursatları və raketlər, yüksək dəqiqlikli aviasiya sursatları, tank əleyhinə silahlar və Rusiyanın pilotsuz uçuş aparatlarına qarşı avadanlıqlar daxil olacaq.
Reuters xəbər agentliyi də Ukraynaya yeni hərbi yardım paketinin təqdim edilməsi barədə məlumat yayıb. Bu vəsait Pentaqonun ABŞ yardımını yenidən dəyərləndirməsindən sonra ayrılan 5,4 milyard dollardan çıxılacaq.
Wall Street Journal-ın yazdığına görə, ABŞ konqresmenləri Ukraynaya 50-100 milyard dollar dəyərindəki böyük yardım paketini təsdiq etmək istəyirlər. Nəşrin qeyd etdiyi kimi, Bu vəsait 2024-cü ilin sonuna, Birləşmiş Ştatlarda növbəti prezident seçkilərinin keçiriləcəyi vaxta qədər kifayət edəcək. Ukraynaya böyük yardım paketi səsverməyə Konqresin plenar iclasına qayıtdığı vaxt, oktyabrın 16-sı ilə noyabrın 17-si (ABŞ hökumətinin fövqəladə maliyyələşdirməsinin sona çatma tarixi) arasında çıxarıla bilər.
ABŞ Konqresinin Nümayəndələr Palatası sentyabrın 30-da növbəti 45 gün üçün hökumətin maliyyələşdirilməsini nəzərdə tutan müvəqqəti büdcənin qanun layihəsini təsdiqləyib. Bu büdcəyə Ukraynaya hərbi yardım xərcləri daxil edilməyib.
Pentaqon xəbərdarlıq edib ki, Konqres tədbir görməsə, yaxın aylarda Ukraynaya maliyyə vəsaiti tükənəcək. Müdafiə Nazirliyində 5,4 milyard dollardan əlavə, Ukraynaya göndərilən silahların artırılması üçün Konqres tərəfindən daha əvvəl ayrılmış 30 milyarddan cəmi 1,5 milyard dollardan bir qədər çox pul qalıb.
Forum