Fevralın 14-də Azərbaycanın Şamaxı rayonunda (Bakıdan 122 kilometr qərb) “PROACT-Qayğı” layihəsinin açılışı olub.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan Nümayəndəliyinin məlumatına görə, layihə COVID-19 kontekstində vacib səhiyyə xidmətlərinin göstərilməsində yarana biləcək problemlərin qarşısını almaq üçün ilkin səhiyyə sisteminin gücləndirilməsi, həmçinin, Azərbaycan üçün məqsədəuyğun ilkin səhiyyə modelinin yaradılmasını nəzərdə tutur.
ÜST-nin Azərbaycandakı Nümayəndəliyi tərəfindən həyata keçirilən layihə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID), Böyük Britaniyanın Ukaid, Rumıniyanın RoAid təşkilatları və UPC-Əməkdaşlıq Təşəbbüsü (ÜST-nin tərəfdaşları ilə ortaq layihəsi) tərəfindən maliyyələşdirilir.
ÜST layihənin icra olunmasında Şamaxı Rayon İcra Hakimiyyəti, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB, Heydər Əliyev Fondu, UNICEF və BMT-nin Əhali Fondu ilə tərəfdaşlıq edir.
Açılış tədbirində ÜST-nın Azərbaycandakı nümayəndəsi Hande Harmancı, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, USAID-nin Azərbaycandakı missiya direktoru Cey Sinqx, UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin rəhbər müavini Min Yuan, Heydər Əliyev Fondunun Beynəlxalq Əlaqələr Departamentinin direktoru Soltan Məmmədov və FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak çıxış edib.
Tədbir iştirakçıları daha sonra Şamaxıda USAID-in maliyyə və ÜST-nin texniki dəstəyi ilə UNICEF tərəfindən həyata keçirilən “PROACT-Təlim” layihəsi çərçivəsində yaradılan tibb işçilərinin təlim mərkəzi, eləcə də Çarhan və Quşçu kəndlərindəki kənd həkim məntəqələrini ziyarət edib.