ABŞ azərbaycanlılarının şəbəkəsi USAN Senatı Birləşmiş Ştatların Azərbaycandakı səfiri Metyu Brayzanı bu vəzifədə tam müddətə təsdiq etməyə çağırır.
ABŞ-dakı Azərbaycan icmasının üzvləri Amerikadakı erməni lobbisinin Birləşmiş Ştatların Azərbaycandakı səfiri Metyu Brayzanın bu vəzifədə tam müddətə təsdiqinə mane olmaq məqsədilə apardığı kampaniyanın qarşısını almaq üçün əks kampaniyaya başlayıb.
Azərbaycanlıların şəbəkəsi USAN xəbər verir ki, Amerikada erməni milli komitəsi (ANCA) aprelin 6-da cənab Brayzanın Senatda təsdiqinə mane olmaq üçün erməni icmasının üzvlərinə müraciət kampaniyası başlayıb (http://www.anca.org/action_alerts/action_disp.php?aaid=24455501).
Bunun qarşısını almaq məqsədilə USAN Azərbaycan icmasının üzvlərini cənab Brayzanın ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsində tam müddətə təsdiqi üçün onların ştatlarını təmsil edən senatorlara müraciət etməyə çağırıb. İcma üzvlərinin senatorlara göndərməsi üçün hazırlanan məktubda ABŞ və Azərbaycan arasında ikitərəfli münasibətlərin regionun inkişafı üçün önəm daşıdığı və mühüm bir regionda ABŞ-ın strateji tərəfdaşı olan Azərbaycan kimi bir ölkədə səfir postuna təyinatın təsdiq edilməsinin əhəmiyyəti vurğulanır.
USAN-nın kampaniyasının nəticəsi olaraq ABŞ senatorları Azərbaycan icmasının üzvlərinin göndərdiyi məktublara cavab verməyə başlayıb. Nyu York ştatını təmsil edən senator Kirsten Gillibrand cavab məktubunda azərbaycanlı amerikalıların ABŞ-ın Azərbaycandakı səfiri məsələsi ilə bağlı narahatlıqlarını başa düşdüyünü bildirib. "ABŞ Senatında məsələ ilə bağlı iştirak etdiyim müzakirələrdə Nyu York seçicilərinin fikirləri və baxışlarına xüsusi diqqət verilir"-deyə senatorun məktubunda bildirilir.
Xatırladırıq ki, 2010-cu il mayın 25-də ABŞ prezidenti Metyu Brayzanı Birləşmiş Ştatların Azərbaycanda səfiri vəzifəsinə nominasiya etmişdi. (http://www.whitehouse.gov/the-press-office/president-obama-announces-more-key-administration-posts-52510)
2010-cu il mayın 26-da erməni milli komitəsi (ANCA) pres-reliz açıqlayaraq, cənab Brayzanın namizədliyinə etiraz edəcəyini bildirmişdi. Bundan bir gün sonra USAN senatorlar və ABŞ-ın vitse-prezidenti Co Baydenə məktublar göndərmək üçün azərbaycanlılar arasında məktub kampaniyasına başladı. ABŞ-da erməni lobbisinin təzyiqləri nəvitəcində Kaliforniya ştatını təmsil edən senator Barbara Bokser Metyu Brayzanın Senatda nominasiyasının təsdiqini saxladı. ABŞ-ın Azərbaycandakı səfiri postu bir il yarım vakant qaldıqdan sonra prezident Obama Konqres tətildə olduğu zaman səlahiyyətlərindən istifadə edərək, Metyu Brayzanı bu vəzifəyə təyin etdi.