Accessibility links

Vüqar Bayramov: "2019-cu ildə avtomobillərin qiyməti artacaq"


2019-cu ildə Azərbaycanda avtomobillərin qiymətindəki artım sürətlənəcək. Bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisad elmləri doktoru Vüqar Bayramov Facebook səhifəsində yazıb.

Onun sözlərinə görə, “Vergi Məcəlləsi”nə edilən dəyişikliklərə əsasən ölkəyə idxal edilən avtomobillərə tətbiq edilən aksiz vergi dərəcələri gələn il yanvarın 1-dən etibarən artırılacaq.

Mühərrik gücü böyük olan avtomobillərdə daha yüksək vergi artımları nəzərdə tutulur

“Dəyişikliyə əsasən, bütün növ mühərrikə malik avtomillərin idxalına tətbiq edilən aksiz vergisinin artırılması nəzərdə tutulub. Avtomobillərin mühərrikin həcmi 2000 kubsantimetrədək olduqda mühərrikin həcminin hər kubsantimetrinə görə aksiz vergisi 0.20 manatdan 0.30 manatadək yüksəldilib. Bu göstərici 3000 kubsantimetrədək olan avtomobillər üçün əvvəllər 400 manat + mühərrikin həcminin 2001- 3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 3 manat idisə, gələn ildən bu rəqəmlər uyğun olaraq 600 manat və 5 manat olacaq. Mühərrik gücü böyük olanlarda daha yüksək vergi artımları nəzərdə tutulur.”

Ekspert bildirir ki, dəyişikliklərin gələn ildən qüvvəyə minəcəyinə baxmayaraq artıq avtomobil bazarında qiymət artımları müşahidə edilməkdədir.

“Mühərrik gücü böyük olan avtomobillərin idxalına tətbiq edilən aksiz vergilərinin artırılmasını fiskal baxımdan əsaslandırmaq mümkün olsa belə, kiçik mühərrikli avtomobillərin idxalındakı vergilərin yüksəldilməsi izah edilən deyil” , o belə hesab edir.

Avtomobil bazarı
Avtomobil bazarı

Bayramovun firkincə, avtomobil idxal aksiz vergilərinin mütəmadi olaraq artırılması ölkədə avtomobil parkının köhnəlməsinə səbəb olur.

Ekspert hesab edir ki, bütövlükdə gələn il xüsusən, yeni avtomobillərin qiymətində daha çox artım gözlənilir.“Bu baxımdan, növbəti illər bu faktor ekoloji, tıxac baxımdan problemlər yarada bilər. Buna görə də, mühərrikin həcmi 2000 kubsantimetrədək olan avtomobillərin idxalına tətbiq edilən aksiz vergilərin artırılmasına ehtiyac yox idi. Eyni zamanda gücü 3000 kubsantimetrədək olan avtomobillərdə vergi artımı da cüzi olması məqsədəuyğun idi”.

Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2017-c ildə Azərbaycanda 1 milyon 342 min 324 avtomobil olub.

2018-ci ilin yanvar-sentyabr ayında Azərbaycana idxal olunan avtomobillərin sayı 16 min 382 ədəd olub

Dövlət Gömrük Komitəsi bildirib ki, 2018-ci ilin yanvar-sentyabr aylarında Azərbaycana 16 min 382 ədə avtomobil idxal olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə və ya 9 min 739 ədəd artıb.

2017-ci ilin 9 ayında Azərbaycanda 6 min 643 ədəd nəqliyyat vasitələri idxal olunub.

Ekspertlər hesab edir ki, ölkə ərazisinə idxal olunan avtomobillərin ilkin bazar qiymətinin 60-80 faizi qədər vergi və rüsum tətbiq olunur.

Ölkədən avtomobillərin reeksportu barədə statistik rəqəmlər dərc olunmayıb.

Ekspertlər hesab edir ki, Azərbaycan bazarında avtomobillərin qiymətlərinin qonşu və region ölkələri ilə müqayisədə daha yüksək olduğundan reeksport biznes maraqlarını cəlb etmir.

XS
SM
MD
LG