Accessibility links

Vüqar Bayramov: Sənədsiz evlər probleminin həlli üçün əmlak amnistisyası elan edilməlidir


Dostluq Parkındakı sənədsiz villalar

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov ölkədəki sənədsiz inşa edilmiş tikililərlə bağlı problemin həlli üçün “Əmlak Amnistisiyası” elan edilməsini təklif edir.

İqtisadçı bildirir ki, İqtisadi və Sosial İnkişaf Mərkəzi hələ 2014-cü ildə sənədsiz inşa edilmiş tikililərin sənədləşdirilməsi ilə bağlı Azərbaycan hökumətinə təkliflər paketi təqdim edib.

İlkin monitorinqlər göstərir ki, Bakı və ətrafdakı ərazilərdə sənədsiz həyət evlərinin sayı 450 mindir. Onların 70 minə yaxını inşaata icazə verilməyən və ya nisbətən riskli hesab edilən ərazilərdədir.
Vüqar Bayramov, iqtisadçı

“Bizim təkliflərimiz “Əmlak Aministiyası”nı nəzərdə tutur. O baxımdan yaxın zamanda sənədsiz əmlaka aministiya verilməsi məqsədəuyğun olardı. İlkin monitorinqlər göstərir ki, Bakı və ətrafdakı ərazilərdə sənədsiz həyət evlərinin sayı 450 mindir. Onların 70 minə yaxını inşaata icazə verilməyən və ya nisbətən riskli hesab edilən ərazilərdədir. Bunlar yüksək gərginlikli elektrik, mavi qaz, yaxud su xətlərinin yaxınlığında olan evlərdir”.

Ekspert təklif edir ki, əgər elektrik, ya da su xəttinin istiqamətini dəyişmək mümkünsə, o zaman evə toxunulmasın.

“Bununla da həmin ərazi təhlükəli zona anlayışından çıxarılsın. Amma su, qaz xəttinin üstündə tikilən evlərə real təhlükə varsa ev sahiblərinə kompensasiya ödənilməklə evlərin köçürülməsi təmin edilsin. Bizim konsepsiyamızda daha çox Rusiyada tətbiq edilən praktikadan istifadə olunub. Burda söhbət dövlət tərəfindən müəyyənləşdirilmiş kiçik tariflərə uyğun olaraq məsələnin həllindən gedir. Çünki həmin evlərin böyük bir qisminin icra hakimiyyətlərindən, yaxud bələdiyyələrdən sənədləri var. Mənzil sahiblərinin günahı deyil ki, bələdiyyə onlara sənəd verib, onlar da həmin sənədlə evlərini özəlləşdirə bilmirlər. Əgər bu cür sənədlərlə evi özəlləşdirmək mümkün deyilsə, həmin sənədlər verilməməli idi. Xüsusən də ev sahiblərinin həmin sənədləri müəyyən xərc bahasına aldıqları da nəzərə alınmalıdır”.

Bakı ətrafında son illərdə tikilmiş sənədsiz evlər
Bakı ətrafında son illərdə tikilmiş sənədsiz evlər

İqtisadçının fikrincə, evlərin rəsmiləşdirilməsi üçün çox simvolik məbləğ müəyyənləşdirilməli və məbləğ ev sahibi üçün hər hansı bir ağırlıq yaratmamalıdır.

“Məbləğ ödənildikdən sonra evlərin qeydə alınması və “kupça” ilə təmin olunması prosesi başlanmalıdır. Əslində, bu prosedur dövlətin özü üçün də əhəmiyyətlidir. Bir tərəfdən ev sahiblərinin mülkiyyət hüquqları təmin edilir, digər tərəfdən də əmlak vergiyə cəlb olunur. Ona görə problemin həlli dövlət qurumlarının özünün marağında olmalıdır və onlar qısa zamanda məsələnin aradan qaldırılmasına çalışmalıdır,” o qeyd edir.

Bu ilin martında president İlham Əliyev "Çoxmənzilli binaların istismarına icazənin verilməsinin sadələşdirilməsi haqqında” fərman imzalayıb. Sənəddə çoxmənzilli binaların qısa zamanda sənədləşdirilməsi ilə bağlı müvafiq hökumət qurumlara tapşırıqlar verilib.

Fərman 50-60 min ailəni, 300-dən çox çoxmənzilli binanı əhatə edir.
Samir Nuriyev, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev bildirib ki, fərman 50-60 min ailəni, 300-dən çox çoxmənzilli binanı əhatə edir.

Bununla yanaşı, ekspertlər Bakı şəhəri və ətraf qəsəbələrdə 500 minə yaxın sənədsiz ev və tikililərin olduğunu bildirir. Bu ev və tikililərin sənədləşdirlməsi məsələsi də diqqət mərkəzindəıdir.

Prezidentin İqtisadi məsələlər üzrə köməkçisi xidmətinin baş məsləhətçisi Feyruz Mustafayev deyib ki, prezident Əliyev həyət evlərinin istismarına icazə verilməsinin sınədləşdirilməsi haqqında müvafiq qurumlara tapşırıq verib. Onun sözlərinə görə, hazırda bu istiqamətdə müvafiq işlər görülür.

Dəmir yol xəttinin ətrafındakı evlər
Dəmir yol xəttinin ətrafındakı evlər

"Mühafizə zonasına düşən, dövlət şirkətinə məxsus torpaq sahəsində tikilmiş, təyinat üzrə olmayan, yəni kənd təsərrüfatı üçün ayrılmış torpaq sahələrində tikilən həyət evləri var. Ona görə də bütün bunlarla bağlı araşdırma aparılacaq. vətəndaşların bütün problemləri aradan qaldırılacaq,” o qeyd edib.

2015-ci ilin yanvarında prezident Əliyev “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə fərman imzalayıb.

Neftli ərazidə tikilmiş sənədsiz evlər
Neftli ərazidə tikilmiş sənədsiz evlər

Fərmana görə, siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir.

Bütün bunlara baxmayaraq müşahidəçilər problemin həllinin uzanacağını düşünür. Çünki neftli ərazilərdə, dəmir yollarının, elektrik xəttlərinin, magistral kəmərlərin mühafizə zonalarında, kənd təsərrüfatı təyinatlı torpaqlarda sənədsiz evlərin sayı on minlərlə hesablanır. Çoxsaylı belə evlərin sökülməsi ilə bağlı məhkəmə qərarları da mövcuddur.

XS
SM
MD
LG