Qadın hüquqları müdafiəçisi Vəfa Rüstəm Amerikanın Səsinə müsahibəsində cəmiyyətdə qadınlarla bağlı streotiplər və onların aradan qaldırılması yolları haqda danışıb.
Amerikanın Səsi: Son zamanlar sosial şəbəkələrdə qadınların geyimi ilə bağlı kəskin, təhqiramiz ifadələr işlədilir. Bu günlərdə bir bloger hətta “açıq -saçıq“ geyinən qadınlara qarşı zorakılıqa çağırış edib. Daha sonra üzr istəyib. Belə bir çıxışın açıq ifadə edilməsi nədən qaynaqlanır?
Vəfa Rüstəm: Səbəbləri ondan ibarətdir ki, patriarxal normalar ciddi şəkildə qüvvədədir. Həmin normalara görə qadın-kişi bərabər deyil, insanlar buna inanır. Kişi qadın üzərində güc və nəzarətə malikdir. O qadının nəyi və necə etməyini tənzimləyə bilər. Xoşuna gəlməsə onu cəzalandıra bilər. Belə bir mif var. Buna inananlar bu cür zorakılğı təbliğ edirlər. Təbii, bu bir nifrət nitqidir. Bu nifrət nitqi müəyyən bir qrupa qarşı, qadınlara qarşı zorakılığa çağırış edib. Cinsinə görə ayrı-seçkilik eləyir. Buna görə də bu, bir məsuliyyət yaradır. Qadınların hüquqlarını pozur. Ona çağırış eləyən şəxsin, xüsusilə çoxlu auditoriyası olan şəxs tərəfindən bunun edilməsi bir cinayət faktıdır.
Amerikanın Səsi: Medianin məlumatlarına görə, qadınlara qarşı cinayətlər səngimir. Dövlət qadınların müdafiəsi üçün üzərinə düşən vəzifələri yerinə yetirirmi?
Vəfa Rüstəm: Bu istiqamətdə ciddi sistem, struktur problemləri görə bilirik. Var, müəyyən tədbirlər var. Məsələn, konstitusiyadan tutmuş qanunvericiliyimizə qədər müxtəlif normaları görə bilirik, bu hüquqların müdafiəsinə yönələn, qadın və kişi hüquqlarının bərabərliyi haqqında normanın olması, artıq bu müsbət haldır. Amma kifayət deyil. Yəni daha çox tədbirlərin görülməsi arzuolunandır.
Amerikanın Səsi: Qadınların hüquqlarının təmin edilməsi, onların zorakılıqdan qorunması üçün dövlət qurumları nə etməlidir?
Vəfa Rüstəm: Qadınlara qarşı zorakılıqda məlumatlandırmanı nəzərə almaq lazımdır. Məlumatlandırmanı həyata keçirəndən sonra, əhalini məlumatlandırırıq ki, zorakılıq etmək olmaz. Genderlər bərabərdir. Bu, zorakılığın azalmasına gətirib çıxarır. Digər məsələ proflaktikadır. Bu cür risk qrupu olan zorakı şəxslər qeydə alınmalıdır, onlar zorakılıq törədə bilərlər. Onlarla daimi iş aparılmalıdır. Bu cür hadisələr baş verəndə həmin şəxslər cəzalandırılmalıdır. Cəzasız buraxılmamalıdır. Şikayət edən qadına bəlkə sən yalan deyirsən, əlində sübutun yoxdur deməklə onu uzaqlaşdırmamalıdırlar. Qadınların şikayət etməsi prosesində ciddi problemlər görürük. Onlar buna həvəsləndirilməlidir ki, yəni qadın zorakılığa məruz qalırsa rahatlıqla başa düşməlidir ki, gender həssas bir yanaşma olacaq ona qarşı o öz şikayətini edə bilsin. Bu cür mühit yaradılmalıdır. Lazımı tədbirlər görülməli, müəyyən fondlar olmalıdır ki bu işləri dəstəkləsin.
Amerikanın Səsi: Bu işdə cəmiyyət hansı rol oynaya bilər? Vətəndaş cəmiyyətləri bu istiqamətdə dövlətə nə kimi töhfə verə bilər?
Vəfa Rüstəm: Birinci bunu nəzərə almalıyıq ki, zorakılığın az olması həm də dövlətin büdcəsinə xeyirdir. Həm cəmiyyətin özünə xeyirdir ki, cəmiyyət özü inkişaf edir və rifah içində yaşayır. Qadınlara qarşı zorakılığın çox olduğu ölkələrdə biz daha ağır vəziyyətlərin olduğunu görə bilirik. Buna görə cəmiyyət buna maraqlı olmalıdır. Nə edə bilər? Əlbəttə, kimin gücü çatırsa, məsələn, mediadır məlumatlandırmanı həyata keçirir. Hüquqşünaslardır üzərlərində işləyir. Daha həssas yanaşmaqla daha çox köməklik edirlər. Çox yaxşı olar ki, bu sahədə müəyyən dəstəkləyici fondlar yaradılsın. Ümumiyyətlə bu işlə məşğul olan hər bir kəs ona töhfə verir.
Amerikanın Səsi: Azərbaycan İstanbul Konvensiyasına qoşulmalıdırmı?
Vəfa Rüstəm: İstanbul Konvensiyası qadınlara qarşı zorakılıq sahəsində spesifik bir konvensiyadır. Bizim əlbəttə ki, Avropa İnsan Hüquqları konvensiyasının üzvüyük, BMT-nin konvensiyaları var. Bu, çox əladır. Amma çox spesifik məsələləri tənzimlədiyinə görə, məsələn bir çox cinayətləri nkriminallaşdırılmasını tələb etdiyinə görə biz burada görə bilirik, psixoloji zorakılıq hallarını görə bilirik. Seksual qısnamanı, məsələn, iş yerində seksual qısnamaların kriminallaşdırılması kimi tələblər var. Bizdə hal-hazırda bunlar yoxdur. Ümumiyyətlə, orada çoxlu sayda tövsiyələr, tələblər var ki, dövlət buna qoşulmaqla daha yaxşı həm iradəsini göstərir ki, qadınlara qarşı zorakılığa qarşı maraqlıyam.Həm də daha çox məsuliyyət daşımalı olur.