Qadın haqları müdafiəçisi Vəfa Rüstəm Amerikanın Səsinə müsahibəsində Azərbaycanın İstanbul Konvensiyasına qoşulmaması, məişət zorakılğının səbəbləri, bu sahədə olan problemlərin aradan qaldırılması barədə danışıb.
Amerikanın Səsi: İstanbul Konvensiyası özündə nələri ehtiva edir?
Vəfa Rüstəm: İstanbul Konvensiyası məişət zorakılğı və qadınlara qarşı zorakılığa qarşı mübarizə, onun qarşısının alınması sahəsində bir konvensiyadır. Bu konvensiya dünyada 2-ci konvensiyadır ki, qadın hüquqlarının qorunması üçün ixtisaslaşmış beynəlxalq sənəddir. 2011-ci il may ayının 11-də Türkiyənin İstanbul şəhərində qəbul edildiyinə görə qısaca ona İstanbul Konvensiyası deyilir. Bu konvensiyaya Avropa Şurasının demək olar ki bütün ölkələri qoşulub. Yalnız qoşulmayanlar arasında Rusiyadır, Azərbaycandır.Təəssüf ki,Türkiyə qoşulmuşdur, sonradan geri çəkilməyə başladı.
Amerikanın Səsi: Azərbaycanın İstanbul Konvensiyasınа qoşulması nə üçün vacibdir ?
Vəfa Rüstəm: Biz Azərbaycandakı vəziyyətə ümumi baxsaq, statistik məlumatlara baxsaq, görərik ki, ciddi şəkildə bu sahədə görüləsi tədbirlər var. Yəni, qadın hüquqları ilə bağlı, məişət zorakılğı sahəsi ilə bağlı çox ciddi addımlar atılmalıdır. Məsələn, sadalaya bilərəm ki, mühafizə orderi (Mühafizə orderi məişət zorakılığı törətmiş şəxsin zərər çəkmiş şəxsə qarşı edə biləcəyi hərəkətlərə tətbiq olunan məhdudiyyətlər haqqında aktdır.) ilə bağlı ciddi problemlər var. Bu, yerli icra orqanları tərəfindən verilir. Amma çoxu bilmir ki, bu, necə tərtib olunur. İcrası ilə bağlı problemlər var. Keçən il üzrə cəmi 46 order verilmişdir. Onun heç yarısı icra edilməmişdir. Qadınlara qarşı statistikaya baxsaq, görərik ki, 2019-cu ildə rəsmi statistikaya görə məişət zorakılığı qurbanlarının 76 faizindən çoxu qadın olub. Məişət zorakılğı zəminində öldürülən şəxslərin arasında 80 faizindən çoxu qadındır. Yəni, bu rəqəmlər göstərir ki, ciddi şəkildə qadınlar məişət zorakılğına məruz qalırlar. Bu da nədən irəli gəlir ki, onların hüquqları real şəkildə qorunmur. Sığınacaqlarla bağlı problemlər var ki, say azdır. Başqa problemlər, yəni, təhsil, maarifləndirmə sahələrinə problemlər var.
Amerikanın Səsi: Konvensiya qadınlara qarşı cinayətlərin qarşısının alınması üçün hansı mexanizmləri ehtiva edir?
Vəfa Rüstəm: Qarşısının alınması üçün biz proflafktik olaraq aşağıdakı tədbirlər nəzərdə tutulub. Təhsil sahəsində tədbirlər ki, bu, kurikuluma daxil olsun. Məktəblərdə tədris olunsun. Bu, gender streotiplərinin aradan götürülməsi, gender bərabərliyinin təbliğ olunması kimi məsələlər lap aşağı sinifdən, həm də universitet səviyyəsində olmalıdır. Digəri isə maarifləndirmədir. Bu, media vasitəsilə maarifləndirmə, televiziya, radioda bu şəkildə maarifləndirici proqramlar olmalıdır. Eyni zamanda, bu sahədə mütəxəssislərin yetişdirilməsidir. Bır sıra halda, məsələn, vəkil istəyər kömək eləsin. Amma o, bu sahədə ixtisaslaşmayıb, təlimlər keçməyib. O, çətinlik çəkəcək qorunmağa, polis istəsin kömək eləsin, amma bu sahədən xəbəri yoxsa çətindir. Ona görə ixtisaslaşmış şəxsləri təlim keçirilməklə bu kimi tədbirləri görə bilər. Bir də aqressiyaya meyilli, zorakılığa meyilli şəxslərin reabilitasiyasıdır ki, onda qabaqcadan qeydə alınırlar ki, sonradan onlar zorakılıq törətməsinlər.
Amerikanın Səsi: Qurbanların müdafiəsi üçün konvensiyada hansı tədbirlər nəzərdə tutulur?
Vəfa Rüstəm: Söylədiyim kimi, yəni qarşısının alınması üçün proflaktik tədbirlər nəzərdə tutulur. Ondan başqa da hadisə baş verdyi halda da mütləq qaynar xəttlər olmalıdır. Kompleks yardım göstərilməlidir zorakılıq qurbanlarına. Zorakılıq qurbanına yalnız hüquqi yardım kifayət etmir. Ona psixoloji yardım göstərilməlidir. Tibbi yardım göstərilməlidir. O, sığınacaqla təmin olunmalıdır. Onlar geyim, qida ilə təmin olunmalıdır. Uşaqlarla bağlı məsələlər var ki, uşaq şahidlər həmişə məişət zorakılığının qurbanıdır. Biz çox vaxt ona diqqət yetirmirik. Onların müdafiəsi ilə bağlı, onlara qayğı göstərilməsi ilə bağlı məsələlər var. Digər məsələlər bir sıra cinayət əməllərinin kriminallaşdırılmasıdır. Azərbaycanda yoxdur. Döymə, məişət zorakılığı kriminallaşdırılmalıdır. Məişət zorakılığı şəraitində psixoloji zorakılıq kriminallaşdırılmalıdır. Mühafizə orderlərinin pozulması bizdə inzibati xətadır. Amma o kriminallaşdırılmalıdır.
Amerikanın Səsi: Azərbaycanda qadın qətlləri niyə siyasidir?
Vəfa Rüstəm: Bu, o mənada deyil ki, dövlət özü qadınları öldürür. Dövlət neqativ öhdəliklərinə əməl edir. Amma dövlətin pozitiv öhdəlikləri var. Yəni o deməkdir ki, dövlət üçüncü şəxslərin qadınlara qarşı törətdikləri cinayətləri, zorakılığın qarşısını alması ilə bağlı tədbirlər görməlidir. Və yaxud da hadisə baş veribsə, bunu cəzalandırmalıdır. Cəzalanmırsa bunun kompensasiyası ödənməlidir. Dövlət bu sahədə öz öhdəliklərini yerinə yetirmirsə, bu artıq siyasidir. Yəni cəzasızlıq mühiti var və onlar rahatlıqla bu cinayəti törədə bilirlər. Ona görə də biz deyirik ki, qadın qətilləri siyasidir.
Amerikanın Səsi: Azərbaycanda bu konvensiyaya qoşulma nədən yubadılır, bunun hansısa siyasi səbəbləri varmı?
Vəfa Rüstəm: Məsələn, səsləndirilir ki, bu,mentalitetə ziddir. Azərbaycandakı sosial normalara ziddir. Amma bu, səbəb ola bilməz. İstanbul Konvensiyası qadınların hüquqlarının qorunması ilə bağlı bir konvensiyadır. Orada hər hansı adət-ənənləri, mentaliteti dəyişmək məsələsi yoxdur. Mən düşünürəm ki, ciddi büdcə tələb olunur. Ehtimal etmək olar ki, bəlkə bu büdcəni xərcləməyə həvəsli deyil. Mənə əsaslı görünən səbəb kimi bu gəlir. Ciddi təşkilati işlər görülməlidir. Çoxlu təlimlər keçirilməli, mütəxəssislər yetişdirilməlidir. Çoxlu sığınacaqlar açılmalıdır. Psixoloji, hüquqi yardım. Bunun hamısı təmin olunmalıdır. Bu, ciddi siyasi iradə tələb edir. Ola bilər ki, bu iradə yoxdur.