İyulun 13-də Vəkillər Kollegiyasınin Rəyasət Heyəti Bakı şəhər prokuroru İlqar Abbasovun vəkil Nemət Kərimlinin barəsində inzibati tədbir görülməsi ilə bağlı müraciətinə baxıb. Kollegiya prokurorluğun şikayətini rədd edib, eyni zamanda vəkilə xəbərdarlıq elan olunub.
Nemət Kərimli “prokurorluqda gedən müvafiq araşdırmanın nəticəsini gözləmədən” Müsavat Partiyaının və Milli Şuranın üzvü Tofiq Yaqubluya işgəncə verilməsi haqda xəbər yaydığına görə qanunu pozduğu bildirilirdi.
Nemət Kərimli bir sıra tanınmış siyasi məhbusların vəkili olub. Vəkillər Kollegiyasının Rəyasət Heyəti 2018-ci ilin aprelində Nemət Kərimlinin vəkillik fəaliyyətinin bir illik dayandırılması barədə qərar qəbul edib.
Son illər Azərbaycanda hüquq müdafiəçiləri tərəfindən müstəqil vəkil kimi tanınan Namizəd Səfərov, Xalid Bağırov, Aslan İsmayılov, Əlaif Həsənov, Elçin Namazov, Yalçın İmanov, İntiqam Əliyev, Müzəffər Baxışov, Ənnağı Hacıbəyli, Fərhad Mehdiyev, İradə Cavadova, Şəhla Hümbətova və digərlərinin vəkillik fəaliyyətinə xitam verilib. Bir çox vəkillər barəsində isə intizam tədbirləri görülüb.
Sonuncu dəfə, bu il iyunun 8-də Yeni Yasamalda həbs olunan şəxslərdən polislərin yarıçılpaq vəziyyətdə apardığı Elvin və Kərim Süleymanlı qardaşlarının hüquqlarını müdafiə edən vəkil Cavad Cavadova xəbərdarlıq olunub.
Vəkillər Kollegiyası bir qayda olaraq vəkillərin fəaliyyətinə xitam verilməsini onların qanun və əsasnaməni pozması ilə izah edir.
Beynəlxalq təşkilatlar dəfələrlə vəkillərin hüquqlarının pozulmasına son qoyulması barədə bəyanatlarla çıxış edib.