Accessibility links

Vəkil: 6 şahidə 2 vəsatətə görə Müsavat fəalının məhkəməsi 180 gündür davam etdirilir


Azad Həsənovun məhkəməsi dördüncü dəfə təxirə salınıb

İyulun 15-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənovanın sədrliyi ilə Müsavat Partiyasının fəalı Azad Həsənova qarşı cinayət işi üzrə məhkəmə prosesi yenidən iyulun 22-dək təxirə salınıb.

Hakim bildirib ki, məhkəmənin təxirə salınmasına səbəb Bakı şəhər Baş Polis İdarəsinin məhkəmənin sorğusuna hələ cavab verməməsidir.

Vəkil: 6 şahidə, 2 vəsatətə görə Müsavat fəalının məhkəməsi 180 gündür davam etdirilir
please wait

No media source currently available

0:00 0:02:53 0:00

Vəkil Osman Kazımov məhkəməyə etirazını bildirərək deyib ki, 6 şahidin dindirilməsinə və 2 vəsatətə görə müxalifət fəalının məhkəməsi artıq 180 gündür davam etdirilir. O, polis idarəsinin məhkəmənin sorğusuna məhəl qoymadığını deyib.

“Artıq dörüdüncü dəfədir ki, Bakı şəhər Baş Polis İdarəsi məhkəmənin sorğusuna cavab vermir. Sorğu polis idarəsinin qeydiyyat kitabından çıxarışla bağlıdır. Çünki cinayət işinə hal şahidlərinin siyahısı daxil edilib. Amma polis idarəsinin qeydiyyat kitabında hal şahidlərinin adı yoxdur. Azad Həsənov məhkəmədə ifadə verərkən bildirib ki, o, Bakı şəhər Baş Polis İdarəsində olarkən orada hal şahidləri olmayıb. Bu səbəbdən də polis idarəsi qeydiyyat kitabından çıxarış verməkdən imtina edir” , vəkil qeyd edib.

İsa Qəmbər açıqlama verir
İsa Qəmbər açıqlama verir

Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər isə jurnalistlərə ölkədə məhkəmə islahatları ilə bağlı deyilənlərin yalan olduğunu bildirib.

“Bu il aprelin 4-də məhkəmə və hüquq sistemində islahatlarla bağlı İlham Əliyevin sərəncamı olub. Orada qəşəng-qəşəng maddələr yazılıb. Hamısından sonra da yazır ki, bu iki ay, üç ay, altı ay ərzində hazırlansın və təqdim olunsun. Müddətin üç ayı keçib, məhkəmədə hər hansı bir islahat aparılıbmı? Əlbəttə, bu cür sifarişlə işləyən məhkəməyə nəinki hakimiyyətin özündən, hətta polisindən də sayğı, tabeçilik olmayacaq. Bu, məhkəmənin günahıdır. Məhkəmə bu cür dişsiz, mənasız, yuxarıdan gələn sifarişlə fəaliyyət göstərməsə idi, polis də bu cür saymamazlıq edə bilməzdi” , o qeyd edib.

Azad Həsənov Cinayət Məcəlləsinin külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi maddəsi ilə ittiham olunur. O, 2014-cü ildən Litvada mühacirət həyatı yaşayıb. Ağır xəstə olan atasını görmək məqsədilə 2018-ci il oktyabrın 11-də Bakıya gəlib. Elə həmin gün atasının yaşadığı Hövsan qəsəbəsində Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Həsənov 2003-cü ildən Müsavat Partiyasının üzvüdür.

Müsavat Partiyası onun həbsinin siyasi motivli olduğunu bəyan edib.

Ancaq Azərbaycan rəsmiləri ölkədə insanların siyasi baxışlarına görə həbs edilməsinə dair iddiaları qəbul etmir.

XS
SM
MD
LG