Accessibility links

Vəkil: Cəzaçəkmə müəssisəsinə girişimə maneələr yaradılır


2019-cu ilin yanvar ayından başlayaraq vəkil Şəhla Hümbətovanın cəzaçəkmə müəssisələrinə getməsinə maneələr yaradılır. Bu barədə o, facebook səhifəsində yazıb.

Vəkil yazıb ki, lazımsız sənədlər tələb edirlər.

“Baxmayaraq ki, tələb qanunvericiliyə uyğun deyil, əməl edirəm. Bu dəfə də başqa bir məktub tələb edirlər. Həmin məktubu gətirirəm, yenə başqa sənəd istəyirlər. Konkret olaraq 15 saylı cəzaçəkmə müəssisəsinə iki dəfə buraxılmamışam- fevral və mart ayında səbəb bu oldu ki, 2019 il üçün yeni icazə məktubu gətirməlisən, mən ombudsman aparatına zəng vurub şikayət etdim və aparatın işçisi Penitensiar Xidmətə bunun qanunsuz tələb olduğunu başa saldı. Razılaşdılar ki, düzdür, məktub tələb olunmur, amma orderi köhnədir, Vəkillər Kollegiyası yeni order forması tətbiq edir, o formada order versin. Mən və Ombudsman aparatının işçisi Rəşid müəllim başa salmağa çalışmışıq ki, bu yeni müqavilələrə aididir, iki il əvvəl bağlanan müqaviləyə yeni order verilə bilməz. Dedilər onda Kollegiya bizə təzədən məktub yazsın ki köhnə müqavilələrə aid deyil, çünki yazdıqları məktubdan bu aydın deyil. Nə isə, beləliklə, 4 saat ərzində mən də Rəşid müəllim də dirəşməyimizə baxmayaraq içəri buraxılmadım. 13 may tarixdə yenidən 15 saylı müəssisəsəyə getdim və bu dəfə də yeni görüş məktubu tələb etdilər. Mən yenə qanunu başa salmağa başlayanda isə getdi Baş İdarəyə zəng elədi və qayıdıb sakitcə dedi ki vallah bizlik deyil, Xidmət belə tapşırıb,” vəkil qeyd edib.

Şəhla Hümbətova deyib ki, 2019-cu ilin yanvarına qədər cəzaçəkmə müəssisələrinə baş çəkməsi ilə bağlı problem olmayıb.

Vəkil ona qarşı tətbiq edilən məhdudiyyəti barəsində yeni ittiham irəli sürülmüş bloger Mehman Hüseynovun hüquqlarının müdafiəsində tutduğu mövqeyi ilə əlaqələndirib.

Vəkil məhbusun aclıq etməsi və hüquqlarının pozulması faktlarını açıqlayıb. Hüseynovun məsələsi ölkədə və xaricdə böyük rezonans doğurub, Avropa Parlamenti xüsusi qətnamə qəbul edib.

Bundan sonra cinayət işinə xitam verilib və Mehman Hüseynov birinci iş üzrə cəzasını çəkərək martda azadlığa çıxıb.

Hümbətova məsələ ilə bağlı Vəkillər Kollegiyasına, Ədliyyə Nazirliyinə, Penitensiar Xidmətə və ombudsman aparatına şikayət göndərib, ancaq hələ heç bir reaksiya yoxdur.

“Məsələ ilə bağlı iki həftə əvvəl Vəkillər Kollegiyasına (Anar Bağırova), Ədliyyə Nazirinə, Penitensiar Xidmətin rəisinə və Ombudsmana şikayət göndərmişəm, amma, heç birindən cavab almamışam. Bundan əvvəl Vəkillər Kollegiyaysına gedərək sədr müavini Aydın müəllimə məsələni anlatmışam, söz verdi ki araşdırıb həll edəcək. İki gün sonra bildirdi ki, mən penitensiar xidmtlə danışdım, dedilər nəyisə pozuruqsa getsin versin məhkəməyə. Belə də edəcəm,” vəkil yazır.

Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Amerikanın Səsinə bildiriblər ki, vəkil Şəhla Hümbətova qanunvericilikdə tələb olunan sənədləri təqdim etdiyi təqdirdə onun cəzaçəkmə müəssisəsində müdafiə etdiyi istənilən şəxslə görüşünə hər hansı məhdudiyyət yoxdur.

Vəkillər Kollegiyasının sədri Anar Bağırov Amerikanın Səsinə bildirib ki, vəkil Şəhla Hümbətova onun qəbulunda olmayıb.

“O yalan yazır, həqiqətə uyğun deyil. Mənə deyirlər ki, mənimlə görüşdüyünü yazıb. Onun üzünü görməmişəm, mənim qəbulumda olmayıb. Vəkilliyi ilə məşğul olsun. Müraciət edib. Müraciəti ilə məşğul olacağıq. Hazırda müraciəti öyrənilir. Tədbir də görəcəyik,” o qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Nazarbayev etirazlardan sonra ilk dəfə video müraciət yayımlayıb
please wait

No media source currently available

0:00 0:10:04 0:00
XS
SM
MD
LG