Accessibility links

Vəkil Cavad Cavadova xəbərdarlıq edilib


Cavad Cavadov

Vəkil Cavad Cavadov Bakının Yasamal rayounda baş verən hadisə zamanı həbs edilən şəxsin işgəncələrə məruz qalması ilə bağlı fikirlərini jurnalistlərə çatdırmasına kömək etdikdən sonra Vəkillər Kollegiyasının Rəyasət Heyətinə dəvət olunaraq xəbərdarlıq edilib.

Vəkillər Kollegiyasının məlumatında deyilir ki, vəkilin kollegiyaya dəvət edilməsinə səbəb iyunun 7-də Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində yerləşən yaşayış massivinin ərazisində baş vermiş hadisələrlə bağlı saxlanılmış Kərim Süleymanlı haqqında məlumatların yayılması olub.

"Kərim Süleymanlı adlı şəxs İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən saxlanılıb və o, sonradan azad edilib. Vəkil Cavad Cavadov müqavilə əsasında vətəndaş Süleymanlıya hüquqi yardım göstərir. İyunun 9-da vəkil Cavad Cavadov sanki bir jurnalist kimi Süleymanlıdan müsahibə götürüb, aldığı məlumatları sosial şəbəkələrdə yayıb və məsələyə geniş ictimaiyyət tərəfindən yanlış fikir formalaşdırılmasına rəvac verib," kollegiyanın məlumatında qeyd edilir.

Qurumun Reyəsət Heyəti hesab edir ki, bununla vəkil Cavadovun hərəkətləri ”Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun və “Vəkillərin Davranış Qaydaları haqqında” Əsasnamənin tələbləri ilə ziddiyyət təşkil edib.

"Qeyd edilənlərlə əlaqədar vəkil Cavad Cavadov Vəkillər Kollegiyasının Rəyasət Heyətinə dəvət olunaraq, onunla müvafiq söhbət aparılıb. Cavadova xəbərdarlıq edilərək tapşırıllb ki, vəkillik fəaliyyətini həyata keçirərkən qanunvericiliklə nəzərdə tutulmuş üsullardan istifadə etsin və ona bildirilib ki, gələcəkdə belə hərəkətlər davam etdirilərsə, daha ciddi tədbirlər görüləcək".

Cavad Cavadov Amerikanın Səsinə məlumatı təsdiqləyib və Vəkillər Kollegiyasının qərarını şərh etməyəcəyini bildirib.

"Qeyd etmək istəyirəm ki mən kollegiyanın rəsmi məlumatını şərh eləməyəcəm və öz aramızda olan söhbətin məzmununu açıqlamayacam. Kollegiyanın rəhbərliyi ilə normal qarşılıqlı hörmətə əsaslanan münasibətimiz var. Bununla belə vəkillik fəaliyyətimi, o cümlədən Süleymanovlar ailəsinin müdafiəsini qanunvericiliyə əsasən davam etdirəcəyəm," deyə o qeyd edib.

Xatırlatma

Sosial şəbəkələrdə polisin iyunun 7-də bir neçə gənci karantin qaydalarını pozarkən saxladıqları zamanı sakinlərin etiraz əlaməti olaraq zibilləri polislərin üzərinə atması əks olunan videolar yayılıb.

İyunun 8-də səhər saatlarında Çevik Polis Alayının əməkdaşları Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsindəki binada yaşayan bir neçə nəfəri saxlayıb.

Polis adı çəkilən binanın bloklarına daxil olaraq sakinləri evlərindən zorla aparıb. Sosial şəbəkələrdə polislərin hərəkətləri əks olunmuş videolar yayılıb. Videolarda görünür ki, polis vətəndaşın evinə basqın edərək onu çılpaq şəkildə zorla saxlayıb. Onkoloji xəstə olan digər vətəndaşı isə ayaqları yalın şəkildə saxlayıb. Polis əməkdaşlarından biri Gülər Süleymanovanı və onun həyat yoldaşını kəskin ifadələrlə təhqir edib.

Polis Yasamal rayonunda əməliyyat keçirtir
Polis Yasamal rayonunda əməliyyat keçirtir

Polisin hərəkətləri sosial şəbəklərdə etirazlara, tənqid və təhqirlərlə səbəb olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti bildirib ki, iyunun 7-də Yasamal rayonunda gücləndirilmiş karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşlarının üzərilərinə məişət əşyaları atanlar saxlanılarkən çəkilmiş videogörüntülər araşdırılmış və bu zaman əməkdaşlardan birinin bir qadınla yüksək səs tonunda danışaraq onun həyat yoldaşının ünvanına yersiz ifadələr işlətməsi müəyyən edilmişdir ki, bu da bağışlanmaz hal kimi qiymətləndirilmişdir.

“Həmin qadın Bakı Şəhər Baş Polis İdarəsinə dəvət edilmiş və ondan üzr istənilmişdir. Bundan sonra DİN rəhbərliyi tərəfindən həmin əməkdaşın tutduğu vəzifədən azad edilməsi və barəsində xidməti yoxlama aparılması haqqında qərar qəbul edilmişdir,” mətbuat xidməti qeyd edir.

Kərim Süleymanov
Kərim Süleymanov

Rəsmi məlumatda deyilir ki, polisin üstünə müxtəlif əşyalar atan 11 nəfərin şəxsiyyəti müəyyən edilib.

Onlar inzibati qaydada 15 sutkadan 30 sutkayadək həbsə məhkum edilib.

Saxlanılanlar arasında Gülər Süleymanovanın oğlanları Elvin və Kərim Süleymanov qardaşları da olub. Kərim Süleymanov iyunun 9-da xəstəliyi ilə əlaqədar sərbəst buraxılıb. O, polis bölməsində 5 saat ərzində işgəncələrə məruz qaldığını, xəsarətlər aldığını bildirib.

XS
SM
MD
LG