Accessibility links

Vəkil: Eldar Həsənovun səhhəti ağır olaraq qalır


Eldar Həsənov

Avropa İnsan Hüquqları Məhkəməsinin Məhkəmə Qaydalarının 39-cu maddəsinə uyğun olaraq mayın 7-də keçmiş səfir Eldar Həsənovun stasionar qaydada Dövlət Təhlükəsizliyi Xidmətinin Tibbi Hospitalına yerləşdirilməsi, zəruri müayinə, tibbi müdaxilə, cərrahiyyə əməliyyatı aparılması barədə qərarı məlum olmayan səbəbdən icra edilmir.

Bu barədə vəkil Cavad Cavadov Facebook səhifəsində məlumat yayıb.

Vəkilin sözlərinə görə, Eldar Həsənovun səhhəti ağır olaraq qalır.

“Hətta Avropa Məhkəməsində höküməti təmsil edən Çingiz Əsgərov bu tədbirin ləğv edilməsini Avropa Məhkəməsindən xahiş edib, lakin məhkəmə hökümətin xahişini rədd edib.”

Vəkil bu gün, mayın 21-də keçmiş səfirlə görüşdən sonra bidirib ki, ötən gecə Eldar Həsənovun səhhəti daha da ağırlaşıb və ağır ağrıkəsicilərin təkrar qəbulu ilə durumu nisbətən sabitləşdirilib.

“Avropa Məhkəməsinin qərarını qoyuruq kənara, bəs konstitusiyamız, öz qanunlarımız, insanlıq, humanistlik, bunlar da yoxdur? Prokurorluq tibbi müayinə ilə bağlı vəsatətləri təkrar olaraq təmin etməyib. Mən əminəm ki, Eldar Həsənova qarşı olan bu münasibətdən cənab Prezidentin məlumatı yoxdur və ümid edirəm ki, bu yazdıqlarımız ona mətbuat vasitəsi ilə çatdırılar,” Cavadov qeyd edib.

Baş Prokurorluğun Mətbuat Xidmətindən Amerikanın Səsinə bir neçə həftə əvvəl bildiriblər ki, cinayət işi uzrə cinayət-prosessual qanunvericiliyin tələbələrinə uyğun olaraq tam obyektiv və hərtərəfli istintaq aparılır.

Mətbuat Xidməti həmçinin bildirib ki, müdafiə tərəfinin vəsatəti əsasında Eldar Həsənovun səhhəti barədə məhkəmə-tibb ekspertizası təyin edilib, verilən rəyə əsasən cinayət işi üzrə hal-hazırda istintaq hərəkətləri davam etdirilir.

Eldar Həsənov 2020-ci il avqustun 13-də Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb. Avqustun 14-də Bakının Səbail rayon Məhkəməsi hakim Azər Tağıyevin sədrliyi ilə Eldar Həsənov barəsində həbs qətimkan tədbiri seçib.

Xarici İşlər Nazirliyinin əməkdaşları barəsində DTX istintaq idarəsində istintaq edilən cinayət işindən Həsənovun barəsində Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərində sui-istifadə etmə) və 308-1.1-ci (büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə) maddələri ilə cinayət işi ayrılaraq aidiyyəti üzrə Baş Prokurorluğa göndərilib və hazırda istintaq orada davam etdirilir.

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) 2020-ci il iyulun 3-də Xarici İşlər Nazirliyində (XİN) keçirdiyi xüsusi əməliyyatdan sonra bu nazirliyin 5 vəzifəli şəxsi saxlanılıb. Sonradan həmin şəxslərin hamısı ev dustaqlığına buraxılıb. Yalnız Eldar Həsənovun ev dustaqlığına buraxılması barədə vəsatəti təmin edilməyib.

Həsənov 2013-cü ildən 2020-ci ilədək Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfiri idi. O bundan öncə 2001-2013-cü illərdə Rumıniyada səfir olub. Həsənov həmçinin 1995-2000-ci illərdə Azərbaycanın baş prokuroru olub.

Şərhlərə bax

XS
SM
MD
LG