Accessibility links

Vəkil Fuad Qəhrəmanlının səhhətinin `çox yaxşı` olduğunu desə də, ailəsi narahatdır


Əli Kərimli və Fuad Qəhrəmanlı
Əli Kərimli və Fuad Qəhrəmanlı

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Rəyasət Heyətinin həbsdə olan üzvü Fuad Qəhrəmanlının səhhəti ilə bağlı ailəsinin narahatlığı qalmaqda davam edir.

Bu barədə hazırda 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Fuad Qəhrəmanlının ailəsindən Amerikanın Səsinə bildiriblər.

Fuad Qəhrəmanlı iyulun 14-dən 15-nə keçən gecə Qarabağa dəstək yürüşündə baş verənlərə (bir qrup şəxsin parlamentin binasına girişi, polis maşınının aşırılması) görə başlanmış cinayət işi üzrə istintaqa iyulun 23-də cəlb olunub, barəsində dörd aylıq həbs qətimkan tədbiri seçilib.

Ona qarşı Cinayət Məcəlləsinin 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlamağa yönəlik hərəkətlər), 186-cı (əmlakı qəsdən məhvetmə və ya zədələmə), 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlər təşkil etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) maddələri ilə ittiham irəli sürülüb.

AXCP Fuad Qəhrəmanlı aksiyada iştirak etmədiyini, aksiyanın təşkilində hər hansə rolunun olmadığını bildirib. Partiya fəallarının həbsini `siyasi sifariş və absurd` hesab edir.

Ailə üzvü bildirib ki, son dəfə, ötən həftənin sonunda əvvəlkilərdən fərqli olaraq Fuad Qəhrəmanlının kirli paltarlarını, ərzaq apadıqları qab-qacağı geri qaytarıblar.

“Amma onun səhhəti ilə bağlı hələ də narahtıq. Səhhəti ilə bağlı hər hansı məlumat ala bilmirik. Evə indiyədək cəmi bir dəfə zəng edib, onunla görüşümüzə icazə vermirlər,” Fuad Qəhrəmanlının ailə üzvü deyib.

Bununla yanaşı, Fuad Qəhrəmanlının hüquqlarını müdafiə edən dövlət tərəfindən təyin edilmiş vəkil Araz Həsənov Amerikanın Səsinə bildirib ki, Qəhrəmanlının səhhətində hər hansı problem yoxdur.

“Beş gün bundan qabaq Fuad Qəhrəmanlı ilə görüşmüşəm. Vəziyyəti yaxşıdır, çox yaxşıdır. Səhhəti ilə bağlı heç bir şikayəti yoxdur. Ailəsi ilə telefonla danışır,” vəkil Həsənov qeyd edib.

Onun sözlərinə görə, hazırda istintaq araşdırmaları davam etdirilir.

Öz növbəsində, Penitensiar Xidmətdən ailənin dediklərinə münasibət almaq mümkün olmayıb.

Fuad Qəhrəmanlı buna qədər 2 dəfə uzunmüddətli həbsə məhkum edilib, bir neçə dəfə inzibati qaydada sutkalıq cəzalar alıb.

O, sonuncu dəfə uzunmüddətli həbsə 2015-ci ildə 6 nəfərin ölümü ilə nəticələnən Nardaran hadisələri ilə bağlı yazdığı statuslara görə məhkum edilmişdi.

Qəhrəmanlı Cinayət Məcəlləsinin 281-ci (dövlət hakimiyyəti əleyhinə çağırışlar etmə) və 283-cü (milli, irqi, sosial, dini nifrət və ya düşmənçiliyin salınması) maddələri ilə ittiham edilərək 10 il azadlıqdan məhrum edilmişdi.

2019-cu il martın 16-da əfv sərəncamı ilə azadlığa çıxan Fuad Qəhrəmanlı ittihamları qəbul etmirdi.

AXCP-nin məlumatına görə, Azərbaycanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində döyüşlərdə iştirak edən Azərbaycan Ordusunu dəstəkləmək məqsədi ilə iyulun 14-15-də keçirilən aksiya zamanı yaranan insident faktı üzrə qaldırılmış cinayət işi üzrə bu partiyanın 48 nəfər fəalı həbs edilib.

“Onlardan 17 nəfərinə qarşı ağır ittihamlar irəli sürülüb. 18 nəfər inzibati qaydada həbs edilib. 1 nəfər ev dustaqlığındadır. 12 nəfər şahid qismində dindirilərək sərbəst buraxılıb. AXCP-nin 10 üzvü öncədən siyasi məhbusdur. Beləliklə, hazırda AXCP-nin 43 fəalı siyasi sifarişlə həbsdədir,” məlumatda qeyd edilir.

Qısa tarixcə və rəsmi məlumat

İyulun 14-də Bakıda minlərlə insanın Ermənistan-Azərbaycan sərhədində gedən döyüşlərə dəstək məqsədilə keçirdiyi yürüş-mitinq iyulun 15-də səhərə yaxın polis tərəfindən dağıdılıb. Aksiyanın dağıdılması zamanı polis su şırnaqlarından, gözyaşardıcı qazdan və dəyənəklərdən istifadə edib.

Belə ki, gecə saatlarında bir qrup aksiya iştirakçısı parlamentin binasına daxil olub, polis avtomobili aşırılıb. Bu zaman polis aksiyaçıları parlamentin binasından çıxarıb və polislə qarşıdurma yaşanıb.

Yaranmış insidentlə bağlı cinayət işi qaldırlıb, çoxsaylı insan həbs edilib.

Rəsmi qurumlar həbs edilənlərin sayı barədə məlumat verməsə də, hüquq müdafiəçiləri onların sayının yüzdən çox olduğunu güman edir.

XS
SM
MD
LG