Accessibility links

Vəkil: Gülər Süleymanova üzrxahlığı qəbul etmir


Vəkil Cavad Cavadov və Gülər Süleymanova
Vəkil Cavad Cavadov və Gülər Süleymanova

Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində yerləşən yaşayış massivinin sakini Gülər Süleymanova ona qarşı nalayiq ifadələr işlədən polis əməkdaşını bağışlamadığını və ondan üzr istənilmədiyini bildirib.

Onun sözlərinə görə, polisə dəvət edilsə də getməyib.

Süleymanova bildirib ki, özünə və iki öğluna qarşı olan qanun pozuntusu ilə bağlı məhkəməyə şikayət verəcək.

Sosial şəbəkələrdə polisin iyunun 7-də bir neçə gənci karantin qaydalarını pozarkən saxladıqları zamanı sakinlərin etiraz əlaməti olaraq zibilləri polislərin üzrəinə atması əks olunan videolar yayılıb.

İyunun 8-də səhər saatlarında Çevik Polis Alayının əməkdaşları Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsindəki binada yaşayan bir neçə nəfəri saxlayıb.

Polis adı çəkilən binanın bloklarına daxil olaraq sakinləri evlərindən zorla aparıb. Sosial şəbəkələrdə polislərin hərəkətləri əks olunmuş videolar da yayılıb. Videolarda polis vətəndaşın evinə basqın edərək onu çılpaq çəkildə zorla saxlayıb. Onkoloji xəstə olan digər vətəndaşı isə ayaqları yalın şəkildə saxlayıb. Polis əməkdaşlarından biri isə xanım Süleymanovanı və həyat yoldaşını kəskin ifadələrlə təhqir edib.

Polisin hərəkətləri sosial şəbəklərdə kəskin etirazlara, tənqid və təhqirlərlə səbəb olub.

Rəsmi məlumatda deyilir ki, polisin üstünə müxtəlif əşyalar atan 11 nəfərin şəxsiyyəti müəyyən edilib.

Saxlanılanlar arasında Gülər Süleymanovanın oğlanları Elvin və Kərim də var.

Daxili İşlər Nazirliyinin iyunun 8-də yaydığı məlumata görə, vətəndaşı təhqir edən polis əməkdaşı vəzifəsindən azad edilib və vətəndaşdan üzr istənilib.

Vəkil Cavad Cavadov Amerikanın Səsinə deyib ki, bu gün Süleymanovanın polis tərəfindən tutulan övladları Elvin (evindən çılpaq aparılan şəxs-red.) və Kərim (qardaşının çılpaq aparılmasına etiraz edən şəxs-red.) Süleymanovların işi üzrə apellyasiya şikayəti verəcək. Elvin Süleymanov İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq), Kərim Süleymanov isə 535-ci maddəsi (Polisin qanuni tələbinə tabe olmamaq) ilə hər biri 15 sutka inzibati həbsə məhkum edilib.

“Gülər Süleymanovaya qarşı yol verilən qanun pozuntuları ilə bağlı da şikayətlər olunacaq. Bununla belə Gulər xanıma üzrxahlıq edilməsi üçün Bakı Baş Polis İdarəsinə dəvət olunur. Məhkəmə qərarı olmadan onun evinə basqın edilib, təhqirə və qeyri-insani davranışa məruz qalıb, övladına qapaz vurulub. O ilk olaraq övladlarının azad olunmasını tələb edir və təqsirkar şəxslərin cəzalandırılmasından sonra yazılı qaydada rəsmi üzrxahlığı qəbul edəcəyini bildirir,” vəkil qeyd edir.

Məhkəmə orqanlarından Amerikanın Səsinə məlum olub ki, saxlanılan şəxslərin əksəriyyəti inzibati qaydada 15 sutkadan 30 sutkayadək həbs edilib.

Öz növbəsində Milli Məclis sədrinin birinci müavini Əli Hüseynov polisin hərəkətlərinin qanuni olduğunu bildirib.

“Burada dəyərləndirmə adekvatlıq prinsipi ilə ölçülməlidir. Daxili işlər orqanları qanunla öz üzərilərinə düşən vəzifələri yerinə yetirirlər. Çünki həm Milli Məclisin qəbul etdiyi qanun, həm Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarların icrası əsas etibarilə daxili işlər orqanları tərəfindən həyata keçirilir. Digər epizodda isə biz vətəndaşa münasibətdə polis nümayəndəsinin etik davranış qaydalarından kənar davranışını da müşahidə etdik. Bir tərəfdən də vətəndaşın qanun pozuntusunu müşahidə etdik. Nəticələr çox qısa zaman çərçivəsində araşdırıldı. Məlum oldu ki, qanunu pozan vətəndaşlar qanun qarşısında məsuliyyət daşıyır, etik davranış qaydasını pozan polis nümayəndəsi ilə də bağlı daxili işlər orqanları rəhbərliyi qısa zaman çərçivəsində tədbirlər gördü”.

Ə.Hüseynli bildirib ki, polisin tutma, saxlama ilə bağlı həyata keçirdiyi tədbirlər qanunvericilikdə nəzərdə tutulub

“Tam qanunauyğun olaraq bu tədbirlər həyata keçirilib. Xanım vətəndaşla davranışda isə etik davranış qaydasının pozulması müşahidə olunub. Buna da adekvat reaksiya verilib. Hesab edirəm ki, biz bu məsələdə günahkar axtarışında olmalı deyilik. Bu, bir epizodik haldır. Burada qaydanı pozan hər iki tərəfdən şəxslər müəyyən olunub və tədbirlər görülüb,” o qeyd edib.

Qeyd: Vəkil Amerikanın Səsinə bildirib ki, indiki anda xəstəliyi ilə əlaqədar olaraq Kərim Süleymanov həbsdən azad edilib.

XS
SM
MD
LG