Accessibility links

Vəkil: “Jurnalistin cinayət işində günahının sübutu yoxdur”


Elçin İsmayıllı
Elçin İsmayıllı

Azərbaycan Ali Məhkəməsi jurnalist Elçin İsmayıllının cəza müddətini iki il azaldıb.

Noyabrın 20-də Ali Məhkəmədə hakim İmran Hacıqayıbovun sədrliyi ilə keçirilən məhkəmə prosesində vəkil Elçin Sadıqov jurnalistin günahsız olduğunu bildirib.

“Işdə günahın sübutu yoxdur”, vəkil qeyd edib.

Vəkil diqqəti ona yönəldib ki, zərərçəkənlər bundan öncə ifadə veriblər ki, İsmayıllı onlardan pul tələb etməyib və onlar özlərini zərərçəkən hesab etmirlər.

Prokuror Cövdət Mehraliyev israr edib ki, aşağı instansiya məhkəmələri jurnalistin günahını sübut edib.

Sonda məhkəmə Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311-ci (rüşvət almaq) maddələri üzrə itthamları götürüb. Eyni zamanda məhkəmə heyəti İsmayıllının Cinayət Məcəlləsinin 182-ci maddəsi üzrə (hədə yolu ilə pul tələb etmək) günahını təsdiqləyib.

İki maddənin götürülməsilə cəza müddəti 9 ildən 7 ilədək azaldılıb.

Müdafiə tərəfi Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət vermək niyyətindədir.

2017-ci il sentyabrın 18-də Şəki Ağır Cinayətlər Məhkəməsi İsmayıllını Cinayət Məcəlləsinin 182-ci (hədə yolu ilə pul tələb etmək), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311-ci (rüşvət almaq) maddələri üzrə təqsirli bilərək 9 il azadlıqan məhrum edib.

Jurnalist 2017-ci il fevralın 17-də həbs olunub. İstintaqın məlumatına görə, o, İsmayıllı rayonundakı məmurları nüfuzdan salacaq materiallar dərc etməklə hədələyərək pul tələb edib.

İsmayıllı müxtəlif müstəqil KİV-lərlə, o cümlədən hazırda Azərbaycanda internet saytlarına giriş bloklanmış “Azadıq” qəzeti, “Azərbaycan Saatı” televiziya proqramı ilə əməkdaşlıq edib, İsmayıllı rayonunda iqtisadi və sosial problemləri işıqlandırıb. Həbsdən öncə kend.info saytının redaktoru olub.

Hüquq müdafiəçiləri Elçin İsmayıllını siyasi məhbus kimi tanıyıb.

Azərbaycanda hazırda ondan çox jurnalist və bloger həbsdədir. Onların çoxu Amnesty İnternational təşkilatı tərəfindən vicdan məhbusu elan edilib.

Azərbaycan hökuməti ölkədə söz və media azadlığının tam təmin edildiyini bildirsə də, beynəlxalq təşkilatlar ölkəni tənqid edən bəyanatlarla çıxış edir. Ölkə beynəlxalq media azadlığı indeksinə görə 189 ölkə arasında 163-cü yerdədir.

XS
SM
MD
LG