Accessibility links

Vəkil: Keçmiş səfir Eldar Həsənovun səhhəti yenidən pisləşib


Hazırda həbsdə olan sabiq səfir Eldar Həsənovun səhhəti yenidən pisləşib.

Vəkil Cavad Cavadov bildirib ki, avqustun 8-də Eldar Həsənov saxlanıldığı Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Hospitalında növbəti başgicəllənmə nəticəsində huşunu itirərək üzü üstə yerə yıxılıb.

”Bunun nəticəsində bədənində təhlükəli olmayan zədələr yaranıb, xoşbəxtlikdən başından hər hansı zədə almayıb. Tibbi yardım göstərilsə də başgicəllənmələr 15-20 dəqiqə ərzində dayanmayıb və həkimlər bunun həyəcanverici siqnal olduğunu bildirib. Həmin gün mənimlə və müstəntiqlə görüşə Eldar Həsənov artıq əlil arabasında gətirilmişdi. Özünün bildirdiyinə görə, həkimlər ona bu vəziyyətdə artıq sərbəst (hətta çəliklə belə) hərəkət etməyi israrla qadağan edib. Bax beləcə, vaxtında tibbi yardım göstərilməməsinə görə insanın bu duruma salınmasının şahidi olduq,” o Facebook səhifəsində qeyd edib

Vəkil Baş Prokuror Kamran Əliyevə Eldar Həsənovun müalicəsinin ixtisaslaşmış xəstəxanada və həbssiz davam etdirilməsi üçün yeni vəsatət ünvanlayıb.

“Çox ümid edirəm ki, heç olmasa bu müraciətə müsbət yanaşılacaq və növbəti dəfə “Eldar Həsənovu artıq itirdik” xəbəri yaymayacağıq. Heç bir şişirtmə olmadan bildirirəm ki, hər şey ona doğru gedir,” Cavadov bildirib.

Vəkilin sözlərinə görə, Eldar Həsənov keçən ilin oktyabr ayından başlayaraq təkrarlanan başgicəllənmələrdən, ayaqların tutulmasından və nəticədə yıxılmalardan şikayət edir.

“İndiyə kimi 170 dəfədən artıq belə yıxılmalar baş verib. Həmin vaxtdan çəliklə hərəkət etmək məcburiyyətində qalıb. Hospitalda stasionarda olan zaman, müayinə zamanı onda paroksizmal pozision vertiqo, sol tərəfli diskogen boyun radikulopatiyası, diskogen lumbal radikulopatiya aşkar olunub. Beləliklə hazırkı vaxtadək başgicəllənmələrin və yıxılmaların səbəbi bu xəstəlik olub,” o qeyd edilir.

Baş Prokurorluq hələ vəkilin müraciətinə münasibət bildirməyib.

Avropa İnsan Haqları Məhkəməsi bu il mayın 7-də və iyunun 23-də Məhkəmə Qaydalarının 39-cu maddəsinə uyğun olaraq, Eldar Həsənovun səhhətindəki problemlərlə əlaqədar stasionar qaydada hospitala yerləşdirilməsi, zəruri müayinə, cərrahiyyə əməliyyatı aparılması barədə qərar qəbul etmişdi. Bundan sonra iyulun 2-də keçmiş səfir Dövlət Təhlükəsizliyi Xidmətinin Hospitalında əməliyyat olunub.

İyulun 31-də Dövlət Təhlükəsizliyi Xidmətinin Təcridxanasının İstintaq otağında istintaq hərəkəti zamanı Eldar Həsənov növbəti başgicəllənməsi səbəbindən yerə yıxılıb. Bundan sonra o, yenidən Dövlət Təhlükəsizliyi Xidmətinin Hospitalına köçürülüb.

Eldar Həsənov 1995-2000-ci illərdə Azərbaycanın Baş prokuroru olub. Baş prokuror vəzifəsindən azad edildikdən sonra Azərbaycanın Rumıniyadakı səfiri təyin edilib. 12 il bu vəzifədə çalışandan sonra 2013- cü ildə Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfir vəzifəsinə təyin olunub. 2020-ci ilin avqustunda Bakıda Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb.

Eldar Həsənov Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 308-1.1 (büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə) maddələri ilə ittiham olunur.

Keçmiş səfir ittihamları qəbul etmir. Bu cinayət işi üzrə həbs edilən Xarici İşlər Nazirliyinin digər əməkdaşlarının hamısı barədə həbs qətimkan tədbiri dəyişdirlib. Yalnız Həsənov həbsdədir.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG