Accessibility links

Vəkil Ombudsmanla görüşdə Müsavat Partiyasının fəalının narkoloji dispanserə yerləşdirilməsini qanunsuz adlandırıb


Nemət Kərimli

Vəkil Nemət Kərimli mayın 19-da Azərbaycanin İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva ilə görüşündə müdafiə etdiyi Müsavat Partiyasının fəalı Nizaməli Süleymanov və onun qohumu Akif Süleymanovun əvvəlcə həbs olunması, sonra isə narkoloji dispanserə məcburi müalicəyə göndərilməsinin qanunsuz olduğunu bildirib.

Vəkil Amerikanın Səsinə deyib ki, Ombudsmanla görüşdə xatırladıb ki, "müxalifət fəallarının yaşadığı Suraxanı rayonunun polis rəisi olan Süleyman Nemətov 2011-ci ildə rəis müavini vəzifəsində işlədiyi Nəsimi rayonunda mitinqdə iştirak edənlərə, o cümlədən Müsavat fəallarından Tofiq Yaqubluya və Mustafa Hacılıya özü şəxsən işgəncə verib. Onların barəsində Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsinin pozulması barədə Avropa Məhkəməsinin qərarı var, lakin indiyə kimi yerli məhkəmələr həmin işlərə yenidən baxmayıb. Süleyman Nemətov indi də Suraxanı rayonunda əməllərini davam etdirir, vəkil qeyd edib.

Nemət Kərimli bildirib ki, Nizaməli və Akif Süleymanovların təqib olunması Nemətovun bu rayona polis rəisi təyin edilməsindən sonra başlanıb.

“Suraxanı rayonunun Hövsan qəsəbəsində Zeytun sovxozu deyilən ərazidə Müsavat Partiyası Suraxanı rayon təşkilatının Şura üzvü Nizaməli Süleymanovun şəxsi ferması var. 2021-ci il fevralın 14-də onun şəxsi fermasında partiyanın rayon təşkilatının Zeytun özəyinin iclası keçirilib. İclas yekunlaşandan sonra qardaşı oğlu Akif üç nəfər dostu ilə ora gəlib. Bir qədərdən sonra Nizaməli qonaqları yola salmaq üçün küçəyə çıxıb, bu zaman 3 mülki, 3 polis maşını ilə gələn polislər onları saxlayaraq karantin qaydalarını pozduqlarını deyib. 20-dən çox polis onun mülkiyyət hüququna zidd olaraq həyətə daxil olub, telefon ilə çəkiliş aparıblar, iclas keçirilmiş otağa daxil olub seyfi açıblar, qanunsuz olaraq orada axtarış edib, zibil qabından siqaret kötüklərini yığıblar. Nizaməli Süleymanovu, onun qardaşı oğlu Akif Süleymanovu və üç dostunu 30-cu polis bölməsinə aparıblar. Orada sahə rəisi bildirib ki, otağınızda partiya iclaslarının keçirildiyi barədə məlumatlar almışıq. Belə toplantıların keçirilməməsi barədə onlara xəbərdarlıq ediblər və saxlamanı karantin qaydalarının pozulması adı ilə rəsmiləşdiriblər. Onlar bütün gecəni polis bölməsində saxlanılıb. Mən Nizaməli və Akif Süleymanovlarla sonradan narkoloji dispanserdə görüşdükdə, bildirdilər ki, təxminən səhər saat 6-ya yaxın qaldığıqları yerə bir neçə nəfər salıblar, guya karantin qaydalarını pozublar, siqaret çəkməyə başlayıblar, bundan sonra fəallar bunun siqaret iyi olmadığını hiss edib. Yəqin ki, siqaret kötüklərdə narkotik maddə aşkar edilmədiyindən, belə addıma əl atıblar. Onlar təxminən səhər saat 10-da Respublika Narkoloji Mərkəzdə narkoloji ekspertizadan keçirilib və sidiklərində mariaxuana aşkar edilməsi barədə ekspert rəyi verilib. Onlar polis idarəsində 16 saat saxlanıldıqdan sonra sərbəst buraxılıblar. Halbuki inzibati qanunvericiliyə əsasən bir neçə istisnalar nəzərə alınmaqla 3 saatdan artıq tutma ola bilməz,” Kərimli vurğulayıb.

Nizaməli və Akif Süleymanovları aprelin 5-də Bakının Suraxanı Rayon Məhkəməsi hakim Elnur Nuriyevin sədrliyi ilə 20 sutka inzibati həbsə məhkum edib. Onlar psixotrop maddədən istifadə etməkdə ittiham olunub və İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib. Onların inzibati həbsi başa çatan kimi məcburi qaydada narkoloji dispanserə yerləşdiriliblər. Hər iki şəxs hazırki anda da dispanserdə saxlanılır.

Nizaməli Süleymanov məhkəmə qərarının onun siyasi fəaliyyəti ilə bağlı olduğunu deyib.

“Müxtəlif üsullarla məni təhdid edib, Müsavat Partiyasından çıxmağımı istəyirlər. Çıxmadığım üçün cəzalandırırlar,” o qeyd edib.

Rəsmi qurumlar, həmçinin Ombudsman Aparatı fəalların həbsinə və narkoloji dispanserə yerləşdirlməsinə hələ münasibət bildirməyib.

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG