Accessibility links

Vəkil Prezidentin keçmiş köməkçisinin məhkəmədə dindirilməsi barədə vəsatət qaldırıb


Vüqar Səfərli

Bu gün, avqustun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli, müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Vəkil məhkəmədə şahid qismində dindirilməsi üçün Azərbaycan Prezidentinin keçmiş köməkçisi Əli Həsənovun, onun oğlu Şamxal Həsənlinin və baldızı Gülər Vəliyevanın işə cəlb olunması ilə bağlı vəsatət verib. Hakim vəsatətə növbəti prosesdə baxılacağını bildirib.

Prosesdə prokuror ittiham aktını elan edib. İttiham aktına görə, fondun sabiq icraçı direktoru Vüqar Səfərli müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov və digər 7 nəfər şəxslə qabaqcadan əlbir olub vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ümumilikdə dövlətə məxsus 18 milyon 500 min manat məbləğində pul vəsaitini mənimsəyib.

İttiham aktına görə, Vüqar Səfərli baş mühasibi Təhminə Yaqubova ilə cinayətkar əlaqəyə girərək, Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə 2013 və 2017-ci illərdə Səbail rayonunda inşa edilmiş 2 binanın tikintisi üçün Prezidentin ehtiyat fondundan ayrılmış vəsaitin təyinatı üzrə xərclənməsini təmin etməyib.

Dövlət ittihamında deyilir ki, törədilən saxtakarlıqlar nəticəsində cinayət yolu ilə əldə edilmiş 5 milyon 700 min manat pul vəsaitinin leqallaşdırmasına əsaslı şübhələr yaranıb.

Prokuror Vüqar Səfərli və digərlərinin Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə- xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma- külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə- ağır nəticələrə səbəb olduqda), 313 (vəzifə saxtakarlığı) və digər maddələri ilə mühakimə olunmasını istəyib.

Təqsirləndirilən şəxslər özlərini təqsirli bilmədiklərini bildirib.

Hakim növbəti məhkəmə iclasını sentyabrın 3-nə təyin edib.

Cinayət işi üzrə Vüqar Səfərlinin barəsində məhkəmənin qərarı ilə həbs, digər şəxslər barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

İbtidai istintaq zamanı cinayətin törədilməsi nəticəsində vurulmuş maddi ziyanın bir hissəsinin ödənilməsi təmin edilib, habelə təqsirləndirilən şəxslərə məxsus olan daşınar və daşınmaz əmlak və bank əmanətlərinin üzərinə həbs qoyulub.

Vüqar Səfərli 2021-ci il yanvarın 14-də həbs olunub.

Vüqar Səfərli 1990-cı ildə Moskva Rabitə İnstitutunu bitirib. 1991-ci ilin martında Azərbaycan Qəzet Jurnal Ekspedisiyası İdarəsinə rəisi, 1996-cı ilin noyabrından "Azərmətbuatyayımı" İstehsalat Birliyinin sədri olub.

1993-cü ilin fevralından Yeni Azərbaycan Partiyasının üzvü, bu partiyanın Nərimanov rayon təşkilatı sədrinin müavini olub.

2009-2020-ci illərdə Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru olub.

KİVDF-nin fəaliyyəti bir qayda olaraq media işçiləri tərəfindən tənqid olunub. Xüsusilə jurnalistlər üçün dövlət tərəfindən tikdirilən evlərin bölünməsi zamanı haqsızlıqlara yol verilməsi ilə bağlı iddialar irəli sürülüb. Bu mənada qaydaların pozulmasında Vüqar Səfərli ilə yanaşı, Prezident Administrasiyasının keçmiş vəzifəli şəxslərinn adları da hallanıb.

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG