Accessibility links

Vəkil: Saleh Rüstəmli aksiya iştirakçılarına üzrxahlığını çatdırmağı xahiş etdi


Saleh Rüstəmov
Saleh Rüstəmov

“Saleh Rüstəmli şiddətli ağrılardan dəhşətli əziyyət çəksə də aclığı davam etdirməkdə qərarlıdır. Onun quru aclığa keçməməsinə çalışırırq.”

Bu barədə həbsxanada 27 gündür aclıq edən Gədəbəy rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmlinin vəkili Bəhruz Bayramov bu gün, dekabrın 2-də Amerikanın Səsinə bildirib.

Vəkilin sözlərinə görə, Rüstəmli aksiya iştitrakçılarına üzrxahlığını çatdırmasını xahiş edib.

“Mənə görə insanlar zorakılığa məruz qalıb, həbs edilib. Xüsusilə Tofiq bəy qəddarlıqla qarşılaşıb. Buna görə təəssüf etdi və üzrxahlığını çatdırmağımı xahiş etdi. O, Tofiq bəyin qəddarlığa məruz qalmasından çox həyəcan keçirir,” Bayramov Amerikanın Səsinə deyib.

Dekabrın 1-də bir qrup fəal Bakıda "Saleh Rüstəmliyə azadlıq!" şüarı ilə aksiya keçirib. Aksiyaya polis müdaxilə edib, 40-dan çox insan saxlanılıb. AXCP-nin məlumatına görə, onlarla insan xəsarət alıb. Tofiq Yaqublu isə xüsusi qəddarlıqla döyüldüyünü bildirib.

Vəkilin dediyinə görə, Rüstəmlinin səhhəti son günlər daha da pisləşib.

“Onun nitqində artıq problem yaranıb, qırıq-qırıq danışır. Huşsuz hala keçir, böyrəklərində və digər orqanlarında, əsəb sistemində problemlər yaranıb,” o qeyd edib.

Rüstəmlinin aclıq aksiyasına başlamasına səbəb icrasına başlanılan Amnistiya Aktına düşməməsi, qanunsuz olaraq üç ildən çoxdur həbsdə saxlanılması və ailəsinin mülkünün müsadirə edilməsidir.

Vəkilin sözlərinə görə, ziyalıların, QHT rəhbərlərinin, siyasi partiyaların, beynəlxalq təşkilatların rəsmi qurumlara çoxsaylı müraciətlərinə baxmayaraq hökumətin hələ hər hansı reaksiyası yoxdur.

Saleh Rüstəmli 2018-ci il mayın 8-də narkotik ittihamı ilə tutulub. İki gün sonra onun qardaşı oğlu Vidadi Rüstəmli də eyni ittihamla saxlanılıb. Daha sonra mayın 25-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üç funksioneri (Aqil Məhərrəmov, Babək Həsənov və Ruslan Nəsirov) tutulub. Bundan sonra ittihamın dəyişdiyi bəlli olub. Onların saxlanılması ilə bağlı yayılan rəsmi açıqlamaya görə, AXCP funksionerləri və Rüstəmli çirkli pul vəsaitlərini leqallaşdırmaqda günahlandırılırlar.

AXCP ittihamı təkzib edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Saleh Rüstəmli 7 il 3 ay, Məhərrəmov 4 il, Həsənov isə 3 il azadlıqdan məhrum edilib. Vidadi Rüstəmli və Ruslan Nəsirova şərti cəza verilib. Onlar məhkəmədə ittihamları qəbul etməyib. Həsənov bu il martın 18-də əfv sərəncamı ilə azadlığa buraxılıb.

XS
SM
MD
LG