“Saleh Rüstəmli bu həftə quru aclığa keçəcəyini bildirdi. O kəskin ağrılara dözə bilmir, gecələr ağrılardan yata bilmir.”
Bu barədə həbsxanada 25 gündür aclıq edən Gədəbəy rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmlinin vəkili Bəhruz Bayramov bu gün, noyabrın 30-da Amerikanın Səsinə bildirib.
Onun sözlərinə görə, Rüstəmlinin səhhəti pisləşməkdə davam edir.
“Mən Rüstəmli ilə şüşə səddin arxasından danışıram. O, hiss etdirməsə də 15 kiloqramadək arıqladığı hiss edilir. Daha sərbəst yeriyə bilmir. Yeriyən zaman stoldan, stuldan, divardan tutur. Oynaqlarında dəhşətli ağrılar baş qaldırıb. Deyir ağrılara dözə bilmir, bu səbəbdən quru aclığa keçərək həyatına son qoyacaq. Daha onun quru aclığa keçməsini dayandıra bilmirik, xahiş edəndə bizə hirslənir,” vəkil qeyd edib.
Rüstəmlinin aclıq aksiyasına başlamasına səbəb icrasına başlanılan Amnistiya Aktına düşməməsi, qanunsuz olaraq üç ildən çoxdur həbsdə saxlanılması və ailəsinin mülkünün müsadirə edilməsidir.
Vəkilin sözlərinə görə, ziyalıların, QHT rəhbərlərinin, siyasi partiyaların, beynəlxalq təşkilatların rəsmi qurumlara çoxsaylı müraciətlərinə baxmayaraq hökumətin hələ hər hansı reaksiyası yoxdur.
Saleh Rüstəmli 2018-ci il mayın 8-də narkotik ittihamı ilə tutulub. İki gün sonra onun qardaşı oğlu Vidadi Rüstəmli də eyni ittihamla saxlanılıb. Daha sonra mayın 25-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üç funksioneri (Aqil Məhərrəmov, Babək Həsənov və Ruslan Nəsirov) tutulub. Bundan sonra ittihamın dəyişdiyi bəlli olub. Onların saxlanılması ilə bağlı yayılan rəsmi açıqlamaya görə, AXCP funksionerləri və Rüstəmli çirkli pul vəsaitlərini leqallaşdırmaqda günahlandırılırlar.
AXCP ittihamı təkzib edib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Saleh Rüstəmli 7 il 3 ay, Məhərrəmov 4 il, Həsənov isə 3 il azadlıqdan məhrum edilib. Vidadi Rüstəmli və Ruslan Nəsirova şərti cəza verilib. Onlar məhkəmədə ittihamları qəbul etməyib. Həsənov bu il martın 18-də əfv sərəncamı ilə azadlığa buraxılıb.