Accessibility links

Vəkil: Saleh Rüstəmli hər an həyatını itirə bilər


Saleh Rüstəmov
Saleh Rüstəmov

“Saleh Rüstəmlinin vəziyyəti çox kritikdir, hər an həyatını itirə bilər. Bu bizim hüquq sistemimizə, beynəlxalq ictimaiyyət qarşısında dövlətimiz üçün böyük problemlər yarada bilər. Saleh Rüstəmli sona qədər getməkdə israrlıdır. Ona görə, xahiş edirəm onunla bağlı məsələni həll etsinlər.”

Bu barədə həbsxanada 22 gündür aclıq edən Gədəbəy rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmlinin vəkili Bəhruz Bayramov bu gün, noyabrın 27-də onunla görüşdən sonra Amerikanın Səsinə deyib.

Rüstəmlinin aclıq aksiyasına başlamasına səbəb icrasına başlanılan Amnistiya Aktına düşməməsi, qanunsuz olaraq üç ildən çoxdur həbsdə saxlanılması və ailəsinin mülkünün müsadirə edilməsidir.

Vəkil bildirib ki, əgər hesab edirlərsə insan cinayət törədib, baxmayaraq mən də daxil, o təqsirli olduğunu qəbul etmir, artıq 3 il 7 aydır həbsdədir, özünün və qohumlarının əmlakını müsadirə ediblər.

“Bu insan kifayət qədər cəza çəkib. Onu nəzərə alsınlar.”

Vəkil bildirib ki, Saleh Rüstəmli daimi həkim nəzarətindədir.

“Analizlərinin cavabı gəlib. Həkim bildirib ki, orqanizmi artıq tükənmək üzrədir, son həddir. Artıq orqanizmin müəyyən orqanları sıradan çıxmaq üzrədir.”

Bu gün Ombudsman Aparatının əməkdaşları da Saleh Rütstəmliyə baş çəkib.

“Onların həkim əməkdaşı da müayinə edib. Vəziyyətinin ağır olduğunu bildiriblər. Ombudsman Aparatının əməkdaşları Ombudsman Səbinə Əliyeva ilə telefonla danışıb. Ombudsman Rüstəmlinin aclığı dayandırmasını israrla xahiş edib. Saleh Rüstəmli daim diqqət göstərdiyinə görə Ombudsmana təşəkkür edib və aclığı dayandırmayacağını bildirib,” vəkil qeyd edib.

Saleh Rüstəmli bildirib ki, məcburi qidalandırma olarsa öz bildiyi yoldan istifadə edəcək.

Bununla yanaşı, vəkil bildirib ki, Rüstəmlinin aclıq aksiyasına rəsmi qurumlardan heç bir reaksiya yoxdur.

Saleh Rüstəmli 2018-ci il mayın 8-də narkotik ittihamıyla tutulub. İki gün sonra onun qardaşı oğlu Vidadi Rüstəmli də eyni ittihamla saxlanılıb. Daha sonra mayın 25-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üç funksioneri (Aqil Məhərrəmov, Babək Həsənov və Ruslan Nəsirov) tutulub. Bundan sonra ittihamın dəyişdiyi bəlli olub. Onların saxlanılması ilə bağlı yayılan rəsmi açıqlamaya görə, AXCP funksionerləri və Rüstəmli çirkli pul vəsaitlərini leqallaşdırmaqda günahlandırılırlar.

AXCP ittihamı təkzib edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Saleh Rüstəmli 7 il 3 ay, Məhərrəmov 4 il, Həsənov isə 3 il azadlıqdan məhrum edilib. Vidadi Rüstəmli və Ruslan Nəsirova şərti cəza verilib. Onlar məhkəmədə ittihamları qəbul etməyib. Həsənov bu il martın 18-də əfv sərəncamı ilə azadlığa buraxılıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG