Accessibility links

Vəkil: Saleh Rüstəmli insanları aksiya keçirməməyə çağırdı


Saleh Rüstəmli
Saleh Rüstəmli

Həbsdə olan Gədəbəy rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmli 36 gündür acılıq edir. O insanları aksiyalar keçirməməyə çağırıb.

Vəkil Bəhruz Bayramovun bu gün, dekabrın 11-də onunla görüşdən sonra Amerikanın Səsinə müsahibəsində bildirib ki, Rüstəmli aclıq aksiyasını davam etdirir.

Vəkil: Saleh Rüstəmli insanları aksiya keçirməməyə çağırdı
please wait

No media source currently available

0:00 0:02:07 0:00

“Bu gün o artıq yeriyə bilmirdi. Görüşə qolundan tutaraq gətirmişdilər. Dünən o özü divarlardan tuta-tuta görüşə gəlmişdi. Bu gün artıq yeriməyə taqəti yox idi. Çəkisi 17 kiloqramadək azalıb. Yaddaşında da problemlər yaranıb. Sözləri tez-tez unudur. Danışığında rabitə pozulub. O ağrılardan yata bilmir. Çox halsızdır, oynaqlarında kəskin ağrılar var.”

Rüstəmli ona dəstək verən təşkilatlara, insanlara minnətdarlıq bildirib.

“Amma, dedi ki, kütləvi aksiyalar keçirməyə ehtiyac yoxdur, çünki o öz mübarizəsini davam etdirir. Fikrini belə əsaslandırdı ki, ona görə insanlar xəsarət alır, zorakılığa məruz qalır, inzibati qaydada həbs olunurlar. Bu baxımdan insanların ona görə əziyyət çəkməsini istəmir. O bir daha xahiş etdi ki, mübarizəni aksiyalar keçirmədən davam etdirək,” vəkil qeyd edib.

Bayramov əlavə edib ki, Saleh Rüstəmlinin işi ilə bağlı Ali Məhkəmənin Plenumuna və Nizami Rayon Məhkəməsinə müraciət olunsa da, hələ proseslər təyin olunmayıb.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının tərəfdarı Saleh Rüstəmli 2018-ci ilin mayında həbs edilib və "AXCP-nin qanunsuz maliyyələşdirilməsi" haqqında iş üzrə 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıb.

Bu il noyabrın 6-dan etibarən o, azad edilməsi tələbi ilə müddətsiz aclığa başlayıb.

Saleh Rüstəmli 1992-1993-cü illərdə Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib.

Yerli və beynəlxalq təşkilatlar, hüquq müdafiəçiləri, ziyalılar, jurnalistlər Rüstəmlinin azadlığa buraxılması xahişi ilə hökumətə çoxsaylı müraciətlər edib.

ABŞ Dövlət Departamentinin rəsmisi Ned Prays dünən, dekabrın 10-da Twitter səhifəsində yazıb ki, Azərbaycan humanitar səbəblərdən Rüstəmlini təcili azad etməlidir ki, o, adekvat tibbi yardım ala bilsin. Artıq 35 gündür ki, aclıq aksiyasını davam etdirir və ölümə yaxındır.

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə məruzəçiləri Stefan Şennak və Riçard Bekon Saleh Rüstəmlinin durumu ilə bağlı xüsusi açıqlama yayıb.

Açıqlamada qeyd edilir ki, Saleh Rüstəmli ilə bağlı məsələ Azərbaycanda ədalətsiz mühakimənin geniş tətbiq edildiyini sübut edən faktlardan biridir.

AŞPA-nın yaydığı sənəddə Saleh Rüstəmlinin uzun müddət davam edən aclıq aksiyası nəticəsində səhhətinin narahatlıq doğuracaq səviyyədə olduğu bildirilir.

“Biz Azərbaycan hökumətini Saleh Rüstəmlini humanitar mülahizələrlə dərhal azadlığa buraxmağa çağırırıq,” məruzəçilər bildirir.

XS
SM
MD
LG