Accessibility links

Vəkil: Saleh Rüstəmli quru aclığı davam etdirir


Saleh Rüstəmov
Saleh Rüstəmov

Saleh Rüstəmli quru aclığı davam etdirir. Bu gecə bərk tirtətdiyini, üşüdüyünü dedi. Dərmanlardan, sudan imtina edib. O qırıq-qırıq, zəif səslə danışırdı, bəzi sözlərini başa düşmürdüm.

Bu barədə həbsxanada 39 gündür aclıq edən, dekabrın 13-dən quru aclığa keçən Saleh Rüstəmli ilə bu gün, dekabrın 14-də görüşdən sonra vəkil Bəhruz Bayramov Amerikanın Səsinə müsahibəsində deyib.

Bayramovun sözlərinə görə, bu gün Müalicə Müəssisəsinin rəhbəri Saleh Rüstəmli ilə görüşüb və onun aclıq etməsinin səbəbkarı kimi vəkili günahlandırıb.

“Saleh Rüstəmli ona cavabında deyib ki, 58 yaşı var və heç kim onu ölüm aclığına məcbur edə bilməz. Qərarı özü qəbul edib. Rüstəmli Müalicə Müəssisəsinin rəhbərinə bildirib ki, problemin həlli əvəzinə belə xırda işlərlə məşğul olur.”

Vəkil həmçinin bu gün cəzaçəkmə müəssisəsinin rəhbəri ilə görüşüb.

“Onun nəzərinə çatdırdım ki, Saleh Rüstəmli ilə qardaşları və bacısının görüşünə icazə vermədilər. Çünki qardaşalrı və bacıcı onun quru aclığa keçməməsi üçün təsir edə bilirdi. Bundan sonra bacısı ilə bu gün Salehin görüşünə icazə verdilər. Bu gün görüş baş tutacaq,” Bayramov qeyd edib.

Onun sözlərinə görə, həkimlər Saleh Rüstəmliyə qida qəbulu üçün məcburi müdaxilə ediləcəyini xatırladıb.

“Saleh Rüstəmli həkimlərə deyib ki, məcburi müdaxilə olarsa öz bildiyi yoldan istifadə edəcək,” vəkil bildirib.

Rüstəmli quru aclığa keçəndən sonra, dekabrın 13-də onun 4 nəfər ailə üzvü quru aclığa başlayıb. Bu gün Rüstəmlini müdafiə məqsədi ilə 7 nəfər aclıq edir.

Penitensiar Xidmət Saleh Rüstəmlinin quru aclığa keçməsi ilə bağlı hələ şərh verməyib.

Yalnız dekabrın 9-da Penitensiar Xidmətdən yerli mediaya bildiriblər ki, Penitensiar Xidmətin Müalicə müəssisəsində saxlanılan Gədəbəy Rayon İcra Hakimiyyətinin sabiq başçısı Saleh Rüstəmlinin qida qəbulundan imtina etməsi ilə bağlı səhhəti daim həkim nəzarətindədir və dəstəkləyici müalicə tədbirlərinə cəlb olunub.

“Rüstəmliyə, həmçinin dekabrın 7-də Azərbaycan Tibb Univerisitetinin professoru, tibb üzrə elmlər doktoru Adil Qeybulla tərəfindən tibbi baxış keçirilib, məhkumun vəziyyətinin nisbi kafi və aktiv olduğu, özünü sərbəst idarə etdiyi müəyyən edilib və aparılmış dəstəkləyici müalicənin tam uyğun olduğu təsdiq edilib”, Penitensiar Xidmət bildirib.

Saleh Rüstəmlini Penitensiar Xidmətin Müalicə Müəssisəsində müayinə edən həkim, tibb elmləri doktoru Adil Qeybulla Amerikanın Səsinə deyib ki, Saleh Rüstəmlinin durumu potensial ağırdır.

“Burada söhbət 37-38 gün aclqı edən insandan gedir. İkincisi, bu qədər zəifləmiş, çəki itirmiş, dərialtı piy əzələ kütləsi itirmiş adam üçün hər hansı qoşulan bir xəsətəlik (məsələn, adicə soyuqdəymə, pnevmaniya) onun həyatına son qoya bilər. Yəni, vəziyyət ciddidir və təhlükəlidir. Rüstəmlinin quru aclığa keçməsi, yəni su qəbulundan imtinası onu ölümə aparan çox yaxın yol deməkdir. Onu bu yoldan daşındırmaq lazımdır. Əgər Rüstəmli buna gedərsə onu itirə bilərik,” tibb elmləri doktoru Adil Qeybulla Amerikanın Səsinə müsahibəsində bildirib.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının tərəfdarı Saleh Rüstəmli 2018-ci ilin mayında həbs edilib və "AXCP-nin qanunsuz maliyyələşdirilməsi" haqqında iş üzrə 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıb.

Bu il noyabrın 6-dan etibarən o, azad edilməsi tələbi ilə müddətsiz aclığa başlayıb.

Saleh Rüstəmli 1992-1993-cü illərdə Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib.

Yerli və beynəlxalq təşkilatlar, hüquq müdafiəçiləri, ziyalılar, jurnalistlər Rüstəmlinin azadlığa buraxılması xahişi ilə hökumətə çoxsaylı müraciətlər edib.

ABŞ Dövlət Departamentinin rəsmisi Ned Prays dekabrın 10-da Twitter səhifəsində yazıb ki, Azərbaycan humanitar səbəblərdən Rüstəmlini təcili azad etməlidir ki, o, adekvat tibbi yardım ala bilsin. Artıq 35 gündür ki, aclıq aksiyasını davam etdirir və ölümə yaxındır.

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə məruzəçiləri Stefan Şennak və Riçard Bekon Saleh Rüstəmlinin durumu ilə bağlı xüsusi açıqlama yayıb.

Açıqlamada qeyd edilir ki, Saleh Rüstəmli ilə bağlı məsələ Azərbaycanda ədalətsiz mühakimənin geniş tətbiq edildiyini sübut edən faktlardan biridir.

AŞPA-nın yaydığı sənəddə Saleh Rüstəmlinin uzun müddət davam edən aclıq aksiyası nəticəsində səhhətinin narahatlıq doğuracaq səviyyədə olduğu bildirilir.

“Biz Azərbaycan hökumətini Saleh Rüstəmlini humanitar mülahizələrlə dərhal azadlığa buraxmağa çağırırıq,” məruzəçilər bildirir.

XS
SM
MD
LG