Accessibility links

Vəkil: Saleh Rüstəmli quru aclığa keçdiyini bildirdi


Həbsdə olan Gədəbəy rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmli bu gün, dekabrın 13-də su qəbul etməkdən imtina edərək quru aclığa keçdiyni bildirib. O 38 gündür aclıq edir.

Bu barədə vəkil Bəhruz Bayramov bu gün onunla görüşdən sonra Amerikanın Səsinə bildirib.

Vəkil: Saleh Rüstəmli quru aclığa keçdiyini bildirdi
please wait

No media source currently available

0:00 0:01:00 0:00

“Bu gün Saleh Rüstəmli ilə 3-4 dəqiqə görüşümüz oldu. O dedi ki, daha ağrılara dözə bilmir və ağrılardan qurtulmaq üçün quru aclığa keçir, su qəbulundan imtina edir,” o qeyd edib.

Vəkilin sözlərinə görə, Rüstəmli tez bir zamanda komaya düşə bilər.

Rüstəmli bildirdi ki, gec-tez komaya düşəcək, daha dözə bilmir. Ona görə də su qəbulundan imtina edir.
Bəhruz Bayramov, vəkil

“Mən ondan quru aclığa keçməməsini xahiş etdim. Məhkəmə barədə soruşdu. Dedim hələ bir xəbər yoxdur. Rüstəmli bildirdi ki, gec-tez komaya düşəcək, daha dözə bilmir. Ona görə də su qəbulundan imtina edir,” o qeyd edib.

Vəkilin dediyinə görə, Rüstəmlinin səhhəti çox ağırdır.

“Artıq yeriyə bilmirdi. Yeriməyə taqəti qalmayıb. Çəkisi 17 kiloqramadək azalıb. Danışığında rabitə pozulub. O, ağrılardan yata bilmir. Çox halsızdır, oynaqlarında kəskin ağrılar var,” Bayramov bildirib.

Bayramov əlavə edib ki, Saleh Rüstəmlinin işi ilə bağlı Ali Məhkəmənin Plenumuna və Nizami Rayon Məhkəməsinə müraciət olunsa da, hələ proseslər təyin olunmayıb.

Bir neçə gün öncə Saleh Rüstəmlini Penitensiar Xidmətin Müalicə Müəssisəsində müayinə edən həkim, tibb elmləri doktoru Adil Qeybulla Amerikanın Səsinə deyib ki, Saleh Rüstəmlinin durumu potensial ağırdır.

Rüstəmlinin quru aclığa keçməsi, yəni su qəbulundan imtinası onu ölümə aparan çox yaxın yol deməkdir.
Adil Qeybulla, tibb elmləri doktoru

“Burada söhbət 37-38 gün aclq edən insandan gedir. İkincisi, bu qədər zəifləmiş, çəki itirmiş, dərialtı piy əzələ kütləsi itirmiş adam üçün hər hansı qoşulan bir xəsətəlik (məsələn, adicə soyuqdəymə, pnevmoniya) onun həyatına son qoya bilər. Yəni, vəziyyət ciddidir və təhlükəlidir. Rüstəmlinin quru aclığa keçməsi, yəni su qəbulundan imtinası onu ölümə aparan çox yaxın yol deməkdir. Onu bu yoldan daşındırmaq lazımdır. Əgər Rüstəmli buna gedərsə onu itirə bilərik,” tibb elmləri doktoru Adil Qeybulla Amerikanın Səsinə müsahibəsində bildirib.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının tərəfdarı Saleh Rüstəmli 2018-ci ilin mayında həbs edilib və "AXCP-nin qanunsuz maliyyələşdirilməsi" haqqında iş üzrə 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıb.

Bu il noyabrın 6-dan etibarən o, azad edilməsi tələbi ilə müddətsiz aclığa başlayıb.

Saleh Rüstəmli 1992-1993-cü illərdə Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib.

Yerli və beynəlxalq təşkilatlar, hüquq müdafiəçiləri, ziyalılar, jurnalistlər Rüstəmlinin azadlığa buraxılması xahişi ilə hökumətə çoxsaylı müraciətlər edib.

Azərbaycan humanitar səbəblərdən Rüstəmlini təcili azad etməlidir ki, o, adekvat tibbi yardım ala bilsin
Ned Prays, ABŞ Dövlət Departamentinin rəsmisi

ABŞ Dövlət Departamentinin rəsmisi Ned Prays dekabrın 10-da Twitter səhifəsində yazıb ki, Azərbaycan humanitar səbəblərdən Rüstəmlini təcili azad etməlidir ki, o, adekvat tibbi yardım ala bilsin. Artıq 35 gündür ki, aclıq aksiyasını davam etdirir və ölümə yaxındır.

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə məruzəçiləri Stefan Şennak və Riçard Bekon Saleh Rüstəmlinin durumu ilə bağlı xüsusi açıqlama yayıb.

Açıqlamada qeyd edilir ki, Saleh Rüstəmli ilə bağlı məsələ Azərbaycanda ədalətsiz mühakimənin geniş tətbiq edildiyini sübut edən faktlardan biridir.

AŞPA-nın yaydığı sənəddə Saleh Rüstəmlinin uzun müddət davam edən aclıq aksiyası nəticəsində səhhətinin narahatlıq doğuracaq səviyyədə olduğu bildirilir.

“Biz Azərbaycan hökumətini Saleh Rüstəmlini humanitar mülahizələrlə dərhal azadlığa buraxmağa çağırırıq,” məruzəçilər bildirir.

XS
SM
MD
LG