Gədəbəy rayon İcra Hakimiyyətinin hazırda həbsdə olan keçmiş başçısı Saleh Rüstəmov aclıq aksiyasını davam etdirir. O, noyabrın 6-dan aclığa başlayıb.
Bu barədə vəkil Bəhruz Bayramov Amerikanın Səsinə bildirib.
“Saleh Rüstəmov Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb, həkim nəzarətindədir. Mən onunla görüşdüm, Salehi halsız vəziyyətdə gördüm. Saleh bəy artıq hərəkət etməkdə çətinlik çəkir,” vəkil qeyd edib.
Vəkilin sözlərinə görə, Rüstəmovun aclıq aksiyasına başlamasına səbəb icrasına başlanılan Amnistiya Aktına düşməməsi, qanunsuz olaraq üç ilədək həbsdə saxlanılması və ailəsinin mülkünün müsadirəsi edilməsidir. O bildirib ki, bütün hüquqi mübarizələr tükənib.”
Bundan əlavə vəkil Gədəbəy rayon İcra Hakimiyyətinin keçmiş başçısının aclıq aksiyasını sonadək davam etdirəcəyini deyib.
“O, aclığın 10-cu günündən sonra quru aclığa başlayacağını dedi. Dedi ki, ya fiziki cəhətdən ölüb azadlığa çıxacaq, ya da ədaləti bərpa edib azadlığa çıxacaq,” o qeyd edib.
Vəkil bildirib ki, Saleh Rüstəmovun azadlığa çıxması əfv fərmanı və ya Ali Məhkəmənin Plenimunun qərarı ilə mümkün ola bilər.
Bu deyilənlərə, hələlik, Penitensiar Xidmət və başqa aidiyyəti rəsmi qurumlardan münasibət öyrənmək mümkün olmayıb.
Azərbaycan Milli Məclisi noyabrın 5-də Amnistiya Aktı haqqında qərar qəbul edib. Aktın bütünlükdə 17 minədək insana şamil ediləcəyi, onlardan 3 mininin həbsdən azadlığa buraxılacağı bildirilir.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmov, Gənclər Komitəsi Məclisinin sədri Ruslan Nəsirov və Nərimanov şöbəsinin sədri Babək Həsənov 2018-ci il mayın 25-də saxlanılıb. AXCP fəalları ilə eyni cinayət işi üzrə təqsirləndirilən Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmov isə daha əvvəl həbs edilib.
Onların saxlanılması ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatına görə, AXCP funksionerləri və Saleh Rüstəmov çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunur.
Açıqlamada Saleh Rüstəmovun Rusiyadan AXCP-yə pul göndərdiyi, həbs edilmiş fəalların həmin vəsaitləri alıb partiya rəhbərinə çatdırdıqları bildirilir.
Onlar Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1, 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və sair maddələri ilə günahkar bilinib.
Bakı Ağır Cinayətlər Məhkəməsi Gədəbəy rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmovu 7 il 3 ay, AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmovu 4 il, bu partiyanın Nərimanov rayon şöbəsinin sədri Babək Həsənovu 3 il həbsə məhkum edib.
AXCP sədri Əli Kərimli ittihamı rədd edərək, bunu “qurama iş” adlandırıb.
Bu cinayət işi üzrə həbs edilənlərdən Babək Həsənov bu il martın 18-də əfv olunub.