Accessibility links

Vəkil: Saleh Rüstəmovu halsız vəziyyətdə gördüm


Gədəbəy rayon İcra Hakimiyyətinin hazırda həbsdə olan keçmiş başçısı Saleh Rüstəmovun səhhətinin normal olduğu bildirilir. O, noyabrın 6-dan aclığa başlayıb.

Bu barədə vəkil Bəhruz Bayramov Amerikanın Səsinə müsahibəsində bildirib.

“Saleh Rüstəmov Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb, həkim nəzarətindədir. Mən onunla görüşdüm, Salehi halsız vəziyyətdə gördüm,” vəkil qeyd edib.

Vəkilin sözlərinə görə, Rüstəmovun aclıq aksiyasına başlamasına səbəb icrasına başlanan Amnistiya Aktına düşməməsi, qanunsuz olaraq üç ilədək həbsdə saxlanılması və ailəsinin mülkünün müsadirəsi edilməsidir. O bildirdi ki, bütün hüquqi mübarizələr tükənib.”

Vəkilin sözlərinə görə, amnistiya akrında elə xüsusi məqam var ki, bu aktı Rüstəmova tətbiq etmək mümkün deyil.

“Rüstəmov müharibə iştirakçısıdır, prezidentin fərmanı ilə əsir və girov düşənlərin axtarışı üzrə dövlət komissiyasının üzvü olub, Gədəbəy rayon müdafiə qərargahının rəhbəri olub, öhdəsində birinci qrup əlil olan övladı var. O hesab edir ki, Avropa Məhkəməsində də şikayətinə gec baxılacaq. Amnistiya aktı ağır cinayətlərə tətbiq olunmadığından Rüstəmova qarşı tətbiq edilməyəcək.”

Bayramovun sözlərinə görə, Saleh Rüstəmov axıradək aclığı davam etdirəcəyini bildirib.

“O, aclığın 10-cu günündən sonra quru aclığa başlayacağını dedi. Dedi ki, ya fiziki cəhətdən ölüb azadlığa çıxacaq, ya da ədaləti bərpa edib azadlığa çıxacaq,” o qeyd edib.

Vəkil bildirib ki, Saleh Rüstəmovun azadlığa çıxması əfv fərmanı və ya Ali Məhkəmənin Plenimunun qəraraı ilə mümkün ola bilər.

Bu gün, həmçinin Saleh Rüstəmovun ailəsindən Amerikanın Səsinə bildiriblər ki, Rüstəmovu cərimə təcridxanasına salıblar.

"Ona qarşı təzyiqlər başlayıb ki, könüllü qida qəbul etməsə, zorla qida qəbul etdirəcəklər. Saleh Rüstəmov deyib ki, aclığı davam etdirməsinə imkan verməsələr intihara cəhd edə bilər," ailə üzvü Amerikanın Səsinə deyib.

Bu deyilənlərə, hələlik, Penitensiar Xidmət və başqa aidiyyəti rəsmi qurumlardan münasibət öyrənmək mümkün olmayıb.

Azərbaycan Milli Məclisi noyabrın 5-də Amnistiya Aktı haqqında qərar qəbul edib. Aktın bütünlükdə 17 minədək insana şamil ediləcəyi, onlardan 3 minınin həbsdən azadlığa buraxılacağı bildirilir.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmov, Gənclər Komitəsi Məclisinin sədri Ruslan Nəsirov və Nərimanov şöbəsinin sədri Babək Həsənov 2018-ci il mayın 25-də saxlanılıb. AXCP fəalları ilə eyni cinayət işi üzrə təqsirləndirilən Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmov isə daha əvvəl həbs edilib.

Onların saxlanılması ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatına görə, AXCP funksionerləri və Saleh Rüstəmov çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunur.

Açıqlamada Saleh Rüstəmovun Rusiyadan AXCP-yə pul göndərdiyi, həbs edilmiş fəalların həmin vəsaitləri alıb partiya rəhbərinə çatdırdıqları bildirilir.

Onlar Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1, 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və sair maddələri ilə günahkar bilinib.

Bakı Ağır Cinayətlər Məhkəməsi Gədəbəy rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmovu 7 il 3 ay, AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmovu 4 il, bu partiyanın Nərimanov rayon şöbəsinin sədri Babək Həsənovu 3 il həbsə məhkum edib.

AXCP sədri Əli Kərimli ittihamı rədd edərək, bunu “qurama iş” adlandırıb.

Bu cinayət işi üzrə həbs edilənlərdən Babək Həsənov bu il martın 18-də əfv olunub.

XS
SM
MD
LG