Accessibility links

Vəkil: Saleh Rüstəmovun vəziyyəti kritikdir


Saleh Rüstəmov
Saleh Rüstəmov

Həbsxanada 17-ci gündür aclıq edən Gədəbəy rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmovun vəziyyət çox kritikdir.

Bu barədə bu gün, noyabrın 22-də onunla görüşdən sonra vəkil Bəhruz Bayramov bildirib.

“Şüşə pəncərə arxasından baş tutan görüşdə artıq 17-ci gündür ki, aclıq edən Saleh Rüstəmov 10 dəqiqə qala bildi, sonda bunları dedi: Əgər həftə ərzində tələblərim təmin edilməsə, sudan da imtina edəcəm!” o qeyd edib.

Vəkil hesab edir ki, Saleh Rüstəmovun bu hərəkəti faciəvi olar.

“Biz onu itirə bilərik. Azərbaycanın altını üstünə çevricək fəlakət baş verər. Ona görə də dövlət başçısı İlham Əliyev yubanmadan qərar verməlidir, qazi Saleh Rüstəmovun azadlıq hüququnu tanımalıdır. Xalq baş verənlərə əsla laqeyd yanaşmamalı, kütləvi surətdə İlham Əliyevə müraciət etməlidir. Nəhayət, anlamalıyıq ki, biz birlikdə güclüyük və dərinləşən vətəndaş həmrəyliyinin önündə hökumət inadı heç nədir, puçdur,” Bayramov Facebook səhifəsində yazıb.

Məsələ ilə bağlı Penitensiar Xidmətin Müalicə Müəssisəsindən və Ədliyyə Nazirliyinin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr İdarəsindən münasibət öyrənmək mümkün olmayıb.

Saleh Rüstəmov 2018-ci il mayın 8-də narkotik ittihamıyla tutulub. İki gün sonra onun qardaşı oğlu Vidadi Rüstəmli də eyni ittihamla saxlanıb. Sonra, mayın 25-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üç funksioneri (Aqil Məhərrəmov, Babək Həsənov və Ruslan Nəsirov) tutulub. Bundan sonra ittihamın dəyişdiyi bəlli olub. Onların saxlanılması ilə bağlı yayılan rəsmi açıqlamaya görə, AXCP funksionerləri və Rüstəmov çirkli pul vəsaitlərini leqallaşdırmaqda günahlandırılırlar.

AXCP ittihami təkzib edib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rüstəmov 7 il 3 ay, Məhərrəmov 4 il, Həsənov isə 3 il azadlıqdan məhrum edilib. Rüstəmli və Nəsirova şərti cəza verilib. Onların hamısı məhkəmədə ittihamları qəbul etməyib. Həsənov bu il martın 18-də əfv sərəncamı ilə azadlığa buraxılıb.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG