Accessibility links

Vəkil: Tofiq Yaqublu su içməkdən imtina edə bilər


Nigar Həzi atası Tofiq Yaqublu ilə sentyabrın 16-da telefonla danışıb.

"İndi atayla danışdım. Bu gün bizim qanuni zəng günümüz idi. Səsi çox zəif gəlirdi. Vəziyyəti çox pisdir. Dəhşətli dərəcədə halsızdır. Dedi ki, köməksiz ayağa dura bilmirəm, nə qədər çalışıram yumruğumu sıxa bilmirəm, gözüm cox pis görür, artıq eynək belə kömək etmir. Bu gün qan analizi götürüıüb, nəticəsi çox pis çıxıb. Təcili qan köçürülməsinin zəruriliyi yaranıb. İndi qan bankından qanın alınması prosesi gedir. Həkim qeyd etdi ki, həyatı üçün ciddi təhlükə var. Hər an komaya düşə bilər və biz Tofiq Yaqublunu itirə bilərik.

Hakimiyyət Tofiq Yaqublunu indi azadlığa buraxmasa, biz onu itirəcəyik. Zaman isə sürətlə Tofiq Yaqublunu ölümə aparır.

Tofiq Yaqublu: "Balam, mən ölürəm. Artıq heç taqətim qalmayıb. Sümüklərim çox sızıldayır. Bilmirəm nə qədər ömrüm qalıb. Bircə bunu bil ki, mən bu mübarizəmi M.Ə. Rəsulzadəyə ithaf etmişəm. Demokratiya uğrunda mübarizə aparan Belarus xalqına da öz dəstəyimi bu yolla bildirirəm.
Hakimiyyət tez bir zamanda qərar verməlidir. Ya məni azadlığıma qovuşdurmalıdır, ya da mən sudan imtina edib ölümün tez gəlməsini gözləyəcəm".

*****

Vəkil Aqil Layıcov sentyabrın 16-da xəstəxanada hüquqlarını müdafiə etdiyi müxalif siyasi xadimi Tofiq Yaqublu ilə görüşüb.

Bu barədə Aqil Layıcov açıqlama yayıb.

"Nəhayət, 4-cü cəhdimdə Tofiq Yaqublu ilə görüşə bildim. Sağlamlığında gündən-günə problemlər baş qaldırır. Fikirləri aydın olsa da, ifadə etməkdə fizioloji çətinlik çəkir, gözlərinin görməsində problemlər baş qaldırıb, əllərini belə yummağa gücü çatmır,” vəkil qeyd edib.

O vurğulayıb ki, Yaqublu indiyədək qida və qidaverici sistemlərdən imtina edib.

Tofiq Yaqublunun fikirləri aydın olsa da, ifadə etməkdə fizioloji çətinlik çəkir, gözlərinin görməsində problemlər baş qaldırıb, əllərini belə yummağa gücü çatmır.
Aqil Layıcov, vəkil

“Qeyd etdi ki, ona qarşı olan ədalətsizliyə son qoyulmasa sudan belə imtina edəcək. Ehtiyaclarını Penitensiar Xidmətin əməkdaşlarının köməyi ilə həyata keçirir. Penitensiar Xidmətin əməkdaşlarının davranışlarından çox razılıq etdi. Həmçinin, xüsusilə, qeyd etdi ki, həkim Adil Qeybulla möhtəşəm işlər görərək, onun körpə uşaq kimi qayğısına qalır və xahiş etdi ki, həkimi barədə olan manipulyasiyalara son qoyulsun," vəkil deyib.

Tofiq Yaqublu on beşinci gündür aclığı davam etdirir. Onun aclıq aksiyasına başlamasına səbəb həbsi barədə məhkəmə hökmüdür.

Penitensiar Xidmətdən bundan öncə açıqlamaya görə, Yaqublunun səhhətinə qayğı ilə həssas yanaşılaraq və humanizm nümayiş etdirilib, o, mülki xəstəxanaya – "City Hospital"a köçürülüb.

Sentyabrın 3-də Bakının Nizami Rayon Məhkəməsi hakim Nəriman Mehdiyevin sədrliyi ilə Milli Şuranın və Müsavat Partiyasının üzvü, prezident İlham Əliyevin sərt tənqidçilərindən olan Tofiq Yaqublunun 4 il 3 ay həbsə məhkum edilməsi barədə hökm çıxarıb.

Bu il martın 22-də Tofiq Yaqublunun park edilmiş avtomobilini başqa avtomobil vurub. Buna baxmayaraq, Bakının Nizami rayon Polis İdarəsində Yaqubluya qarşı cinayət işi qaldırılıb.

Sentyabrın 2-də Tofiq Yaqublu son sözündə məhkəmə və hakimiyyəti ittihamı saxtalaşdırmaqda və siyasi sifarişdə ittiham edib. Yaqublu məhkəmədə həbsinə etiraz olaraq aclıq aksiyasına başladığını elan edib.

Vəkil Aqil Layıcovun Avropa İnsan Hüquqları Məhkəməsinə 39-cu Qaydaya görə ünvanladığı müraciət əsasında sentyabrın 12-də Yaqublu saxlanıldığı Şüvəlan təcridxanasından Bakıdakı mülki xəstəxanaya (City Hospital özəl klinikası) köçürülüb. Bu qayda insan həyatı üçün geridönməz həyatı təhlüklər olduqda tətbiq olunur.

Sentyabrın 15-də vəkillərini və ailə üzvlərini görüşə buraxmayıblar. Sentyabrfın 14-də Tofiq Yaqublunun qızı Nigar Həzi onunla görüşdən sonra bildirib ki, xeyli zəifləyib, gözlərinin çuxuru daha da dərinləşib və yataq rejimində olub.

XS
SM
MD
LG