Accessibility links

Vəkilin Psixiatriya Xəstəxanasındakı AXCP fəalı ilə görüşünə imkan verilməyib


Aqil Hümbətov

Vəkil Nemət Kərimlinin Bakının Maştağa qəsəbəsindəki 1 saylı Psixiatriya Xəstəxanasına yerləşdirilən AXCP fəalı Aqil Hümbətovla görüşməsinə imkan verilməyib.

Kərimli Amerikanın Səsinə bildirib ki, aprelin 10-da Psixatriya Xəstəxanasında olub və baş həkim onun hüquqlarını müdafiə etdiyi Hümbətovla görüşünə icazə verməyib.

Vəkil "üzləşdiyi qanunsuzluqla" bağlı Ombudsman Aparatına müraciət etdiyini deyib.

Nemət Kərimlinin sözlərinə görə, Bakı Apellyasiya Məhkəməsi Aqil Hümbətovun qeyri-könüllü qaydada psixatriya xəstəxanasına yerləşdirilməsi barədə qərar çıxarıb.

Qoyulan “parayonal tibb pozuntusu” diaqnozu tibbi ədəbiyyatda xəstəlik deyil, şəxsiyyət tipi hesab olunur. Ekspert rəyində də göstərilir ki, Aqil Hümbətov zahirən gərgindir, bələdliliyi qorunur, ünsiyyətcildir. Bunları əsas turaraq deyə bilərəm ki, Hümbətovun qeyri-könüllü qaydada psixatriya xəstəxanasına yerləşdirlməsi qanunsuzdur
Nemət Kərimli, vəkil

“Martın 30-da Xəzər Rayon Polis İdarəsinin əməkdaşları Aqil Hümbətovu saxlayaraq Psixatriya Xəstəxanasına təhvil verib. Xəstəxananın baş həkimi Aqil Hümbətovun qeyri-könüllü qaydada psixatriya xəstəxanasına yerləşdirilməsi üçün Sabunçu Rayon Məhkəməsinə ərizə ilə müraciət eib. Aqil Hümbətova “paranoyal tibb pozuntusu” diaqnozu qoyulub. Lakin Sabunçu Rayon Məhkəməsi ərizənin tələbini rədd edib və Aqil Hümbətov sərbəst buraxılıb. Sabunçu rayon Məhkəməsində hətta Sabunçu rayon İcra Hakimiyyətinin Qəyumlluq və Himayəçilik şöbəsinin nümayəndəsi ərizənin təmin edilməsinin əleyhinə çıxış edib. Buna baxmayaraq Bakı Apellyasiya Məhkəməsi Aqil Hümbətovun qeyri-könüllü qaydada psixatriya xəstəxanasına yerləşdirilməsi barədə qanunsuz qətnamə çıxarıb. Bununla bağlı Ali Məhkəməyə şikayət edəcəyik. Lakin karantin rejimi ilə əlaqədar Apellyasiya Məhkəməsi işləmir, ona görə Aqil Hümbətovun barəsində çıxarılmış qətnaməni ala bilmirəm,” Kərimli bildirib.

Vəkilin sözlərinə görə, Aqil Hümbətova qoyulan diaqnoz xəstəlik hesab edilmir.

“Qoyulan “paranoyal tibb pozuntusu” diaqnozu tibbi ədəbiyyatda xəstəlik deyil, şəxsiyyət tipi hesab olunur. Ekspert rəyində də göstərilir ki, Aqil Hümbətov zahirən gərgindir, bələdliliyi qorunur, ünsiyyətcildir. Bunları əsas turaraq deyə bilərəm ki, Hümbətovun qeyri-könüllü qaydada psixatriya xəstəxanasına yerləşdirlməsi qanunsuzdur,“ vəkil Amerikanın Səsinə deyib.

AXCP fəalı martın 30-da saxlanılıb və Bakının Maştağa qəsəbəsindəki 1 saylı Psixiatriya Xəstəxanasına yerləşdirilib. Aprelin 1-də o, sərbəst buraxılıb. Aqil Hümbətov sərbəst buraxıldıqdan sonra Facebook-da canlı yayımda ölkə başçısına müraciət edib. O, müracitəində sərt tənqidi ifadələr işlədib. Müxalifətçi kimi durumunun ağırlığını, şərlənərək Psixiatriya Xəstəxanasına salındığını, xəstəxanada durumun acınacaqlı olduğunu bildirib.

“Xəstəxanadakı durum barədə ictimaiyyətə məlumat vermək mənim insanlıq borcumdur. 1 saylı Psixatriya Xəstəxanasında vəziyyət çox acınacaqlıdır, antisanitariyadır. Orada olan xəstələr çox ağır vəziyytədə saxlanılır. Xəstələrlə insan kimi davranmırlar, xəstlərə daş daşıdırlar, onları işlədirlər. Mən qoca xəstəyə ağır kubik daşıtdırdıqlarını gördüm. Kubiki götürməyə gücü belə çatmırdı. Düzdür həkimlərin mənə kobud hərəkəti olmadı. Amma orada olduqca acınacaqlı bir vəziyyətdir. Xəstlərin sanitar qovşağı tam antisanitariyadır. Adam oraya girə bilməz. Orada virus, mənim işlədiyim zibilxanadan çoxdur. Allahdan qorxun. Orada vəziyyəti düzəldin. Yeməklərdə istifadə edlilən əti it də yeməz. Xəstələri işlətməyin. Oranı təmir etdirin. Orada ən böyük virus, xəstəlik tüğyan edir,” Aqil Hümbətov qeyd edib.

Onun aprelin 2-də yenidən psixatriya xəstəxanasına aparılması tənqidi çıxışından sonraya təsadüf edir.

AXCP fəalın saxlanılmasını və təkrarən psixatriya xəstəxanasına yerləşdirlməsini sosial şəbəkələrdə prezident İlham Əliyevə müraciətinin səbəb oluğunu bildirib.

Rəsmi qurumlar Hümbətovun xəstəxanadakı durumla bağlı dediklərinin həqiqətə uyğun olmadığını bildirib.

AXCP fəalı bundan öncə də saxlanılıb.

Hümbətov 2019-cu il martın 14-də saxlanılaraq 30 sutka inzibati həbsə məhkum edilib. AXCP onun saxlanılmasına sosial şəbəkələrdə prezident İlham Əliyevə müraciətinin səbəb oluğunu bildirib.

Bakının Zirə qəsəbəsinin sakini olan Hümbətov deyib ki, işsizdir və üç uşaq böyüdür, yerli hakimiyyət onun problemləri ilə məşğul olmur, buna görə o, zibilliklərdə karton yığıb satmaqla pul qazanmaq məcburiyyətindədir.

XS
SM
MD
LG