Accessibility links

Vəkillər 31 gündür aclıq edən Saleh Rüstəmlinin həbsdən azad edilməsi üçün məhkəməyə müraciət edib


Gədəbəy Rayon İcra Hakimiyyətinin həbsdə olan keçmiş başçısı Saleh Rüstəmli artıq 31 gündür aclıq edir.

Bu gün, dekabrın 6-da vəkillər Bəhruz Bayramov və Aqil Layıc Rüstəmlinin sağlamlıq durumui ilə əlaqədar həbs cəzasının qalan hissəsindən azad edilməsi barədə Bakının Nizami rayon Məhkəməsinə müraciət ediblər.

Aqil Layıcın sözlərinə görə, müdafiə tərəfi Cinayət Məcəlləsinin məhbusun ağır xəstəliyi ilə əlaqədar məhkəmə qərarı ilə cəzadan azad edilməsini nəzərdə tutan 78.2-ci maddəsinə istinad edib.

Rüstəmli böyrək çatışmazlığından əziyyət çəkir, bundan başqa uzun müddət aclıq etməsi onun sağlamlığına mənfi təsirlər göstərib.

Vəkilin sözlərinə görə, məhkəmə ərizəni icraata götürüb və qanunvericiliyə əsasən, ərizəyə baxılması müddəti 10 gündür. Amma məhkəmə ərizəyə təcili qaydada baxa bilər.

Bundan başqa, Avropa İnsan Hüquqları Məhkəməsi müdafiə tərəfinin müraciəti əsasında məhkəmənin Reqlamentinin Rüstəmliyə münasibətdə müvəqqəti tədbirlərin görülməsi haqqında 39-cu qaydasının mexanizmini işə salıb.

Vəkillər Strasburq Məhkəməsinə müraciətlərində uzun müddət davam edən aclıq aksiyası nəticəsində Rüstəmlinin komaya düşməsi təhlükəsini və səmərəli tibbi yardımın təmin edilməsi üçün onun həbsxana hospitalından mülki klinikaya köçürülməsi zərurətini qeyd ediblər.

Layıcın sözlərinə görə, Avropa İnsan Hüquqları Məhkəməsi Rüstəmlinin sağlamlığı ilə bağlı qaldırdığı suallara cavab vermək üçün hökumətə dekabrın 10-na qədər vaxt verib.

Vəkil Bəhruz Bayramov və siyasi məhbus Saleh Rüstəmlinin qardaşları bu gün onu quru aclığa keçməməyə razılaşdırmağa müvəffəq olublar.

Bu barədə vəkil Bəhruz Bayramov bildirib.

"Quru aclıq bir neçə saat sonra artıq komaya gətirib çıxara bilər, buna görə doğmaları ictimaiyyət nümayəndələrinin, siyasətçilərin, Gədəbəy sakinlərinin, onunla birlikdə birinci Qarabağ müharibəsində döyüşən veteranların israrlı çağırışlarını ona çatdıraraq, onu quru aclığa keçməməyə razılaşdırıblar," Bayramov bildirib.

Onun sözlərinə görə, aclığın 31-ci günündə Rüstəmlinin vəziyyəti həddindən artıq ağırdır, o, ağrılardan yata bilmir.

Saleh Rüstəmli 2018-ci il mayın 8-də narkotik ittihamıyla tutulub. İki gün sonra onun qardaşı oğlu Vidadi Rüstəmli də eyni ittihamla saxlanıb. Sonra, mayın 25-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üç funksioneri (Aqil Məhərrəmov, Babək Həsənov və Ruslan Nəsirov) tutulub. Bundan sonra ittihamların dəyişdiyi bəlli olub. Onların saxlanılması ilə bağlı yayılan rəsmi açıqlamaya görə, AXCP funksionerləri və Rüstəmli çirkli pul vəsaitlərini leqallaşdırmaqda günahlandırılıblar.

AXCP ittihami təkzib edib və siyasi sifariş adlandırıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Saleh Rüstəmli 7 il 3 ay, Aqil Məhərrəmov 4 il, Babək Həsənov isə 3 il azadlıqdan məhrum edilib. Vidadi Rüstəmli və Ruslan Nəsirova şərti cəza verilib. Onların heç biri məhkəmədə ittihamları qəbul etməyib. Babək Həsənov bu il martın 18-də əfv sərəncamı ilə azadlığa buraxılıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin Soçidə Ərdoğanla görüşüb
please wait

No media source currently available

0:00 0:12:02 0:00
XS
SM
MD
LG