Accessibility links

Vəkillər Kollegiyası üç vəkillə bağlı şikayəti təmin etməyib


Vəkillər Kollegiyası

Azərbaycan Vəkillər Kollegiyası Baş Prokurorluğun təqdimatında Zibeydə Sadıqova və Nemət Kərimovun Vəkillər Kollegiyasından xaric olunması ilə bağlı şikayətini təmin etməyib.

Vəkillər Kollegiyasından Amerikanın Səsinə bildiriblər ki, kollegiya həmçinin vəkil Bəhruz Bayramov barəsində olan iki şikayəti də təmin etməyib

“Vəkillər Kollegiyası avqustun 11-də və 19-da qərarlar qəbul edərək şikayətləri əsassız sayıb. Araşdırma nəticəsində vəkillərin intizam pozuntusuna yol vermədiyi müəyyən edilib,” Vəkillər Kollegiyasından Amerikanın Səsinə bildiriblər.

Vəkil Bəhruz Bayramov Amerikanın Səsinə deyib ki, onunla bağlı məhkəmədə qarşı tərəf iki dəfə şikayət yazıb.

“Kollegiyanın araşdırılması zamanı məlum oldu ki, məhkəmə prosesində qarşı tərəflə qanunvericiliyin yol verdiyi tərzdə danışmışam. Məhkəməyə sədrlik edən hakim də bunu təsdiq edib,” o qeyd edib.

Öz növbəsində vəkil Zibeydə Sadıqova Amerikanın Səsinə bildirib ki, Gəncə işi ilə bağlı onun və vəkil Nemət Kərimlinin guya intizam pozuntusuna yol verdiyi üçün baş prokurorun keçmiş birinci müavini Rüstəm Usubov Vəkillər Kollegiyasına şikayət edib.

“Mənimlə bağlı şijkayətdə yazılmışdı ki, guya mən dövlət tərəfindən təyin edilən vəkilin fəaliyyətini şübhə altına almışam. Hansı ki, müdafiə etdiyim şəxsin yenidən mənim iştirakımla dindirilməsi barədə vəsatət qaldırmışdım. Vəkillər Kollegiyası hesab etdi ki, intizam pozuntusuna yol verməmişik,” Sadıqova qeyd edib.

Hər üç vəkil ölkədə müstəqil vəkil kimi tanınır, daha çox hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınan şəxslərin hüquqlarını müdafiə edir və Avropa İnsan Hüquqları Məhkəməsinə yerli məhkəmələrin qərarlarından onlarla şikayət göndərib.

Müşahidəçilər Vəkillər Kollegiyasının qərarırnı müsbət qarşılayır və vəkillərin hüquqlarının qorunmasını vacib sayır.

Son illər Azərbaycanda hüquq müdafiəçiləri tərəfindən müstəqil vəkil kimi tanınan Namizəd Səfərov, Xalid Bağırov, Aslan İsmayılov, Əlaif Həsənov, Elçin Namazov, Yalçın İmanov, İntiqam Əliyev, Müzəffər Baxışov, Ənnağı Hacıbəyli, Fərhad Mehdiyev, İradə Cavadova, Şəhla Hümbətova və digərlərinin vəkillik fəaliyyətinə xitam verilib. Bir çox vəkillər barəsində isə intizam tədbirləri görülüb.

Sonuncu dəfə, bu il iyunun 8-də Yeni Yasamalda həbs olunan şəxslərdən polislərin yarıçılpaq vəziyyətdə apardığı Elvin və Kərim Süleymanlı qardaşlarının hüquqlarını müdafiə edən vəkil Cavad Cavadova xəbərdarlıq olunub.

Vəkillər Kollegiyası bir qayda olaraq vəkillərin fəaliyyətinə xitam verilməsini onların qanun və əsasnaməni pozması ilə izah edir.

Beynəlxalq təşkilatlar dəfələrlə vəkillərin hüquqlarının pozulmasına son qoyulması barədə bəyanatlarla çıxış edib.

Şərhlərə bax

XS
SM
MD
LG