Accessibility links

“Vəkillərin Eldar Həsənovla bağlı 74 vəsatəti təmin edilməyib,” işgəncə ilə bağlı bəyanatda belə deyilir


Eldar Həsənov məhkəmə zamanı
Eldar Həsənov məhkəmə zamanı

Dörd aya yaxın davam edən məhkəmədə müdafiə tərəfinin Eldar Həsənov barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı 74 yazılı və şifahi vəsatəti rədd edilməyib.

Bu barədə İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzinin bu gün, yanvarın 8-də yaydığı bəyanatda deyilir.

Yanvarın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı keçmiş səfiri Eldar Həsənovun əmlakı müsadirə edilməklə 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Eldar Həsənov 2020-ci il avqustun 13-də vəzifə səlahiyyətlərindən sui-istifadədə və büdcə vəsaitindən təyinatına uyğun olmayan istifadədə şübhəli bilinərək Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Eldar Həsənovla birgə ittiham olunan digər şəxslər barədə cinayət işi ayrıca icraata ayrılıb və sonradan onların hamısı barəsində həbs qətimkan tədbiri dəyişdirilib, şərti cəzaya məhkum ediliblər.

Bununla yanaşı, Həsənov həbsdə olarkən xəstəliyi ilə əlaqədar bir neçə dəfə hospitala köçürülüb. O cərrahi əməliyyata məruz qalıb. Vəkillərin istintaq müddətində barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətləri təmin edilməyib.

Həsənova qarşı Cinayət Məcəlləsinin 3 maddəsi: 179.3.2 (mənimsəmə), 193-1.3.2 (qanunsuz yolla əldə edilmiş vəsaitin leqallaşdırılması), 308.2 (vəzifə səlahiyyətindən sui-istifadə), 308-1.1 (büdcə vəsaitlərindən məqsədinə uyğun olmayan istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittiham irəli sürülüb.

Həsənov Rumıniyada, Serbiyada, Bosniya və Herseqovinada və Monteneqroda Azərbaycanın səfiri vəzifəsində işlədiyi dövrdə vəsaiti mənimsəməkdə ittiham olunur. Söhbət səfirlik binalarının təmiri və alınması zamanı 180 min avrodan çox vəsaitin mənimsənilməsindən gedir.

İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzin bəyanatında deyilir ki, keçmiş səfirin əleyhinə toplanan sübutların əsaslı olmaması və dövlət ittihamçısının qeyri adekvat cəza istəməsi, cəza istəyən zaman Eldar Həsənovun yaşının, xəstəliklərinin yüngülləşdirci hal kimi qeyd edilməməsi, məhkəmə baxışı zamanı sədrlik edənin qərəzli davranışı Avropa İnsan Hüquqları Konvensiyanın 6-cı maddəsinə uyğun deyil.

“Eldar Həsənovla eyni vaxtda, 2020-ci ilin iyul ayında Xarici İşlər Nazirliyinin digər vəzifəli şəxsləri də tutulsalar da, bir neçə ay sonra ev dustaqlığına buraxılıblar, həmin şəxslər xüsusilə ağır cinayətlərdə ittiham olunmalarına baxmayaraq şərti cəzalara məhkum edilib. Eldar Həsənovun isə bununla bağlı vasatətləri əsassız olaraq rədd edilib,” sənəddə qeyd edilib.

İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi keçmiş səfir Eldar Həsənovun ilkin həbsini, həbsdə saxlama müddətinin uzadılmasını və dörd aydan artıq davam edən məhkəməsinin monitorinq altında saxladığını bildirir.

Mərkəz ilk olaraq hesab edir ki, Eldar Həsənovun səhhətində çox sayda ciddi xarakter daşıyan xəstəliklər olmasına baxmayaraq ona adekvat tibbi yardım göstərilməsindən yerli qurumlar tərəfindən əsassız imina edilib və bununla bağlı Avropa İnsan Hüquqları Məhkəməsi Məhkəmə Qaydalarının 39-cu maddəsinə əsasən üç müvəqqəti təmin etmə tədbiri qərar qəbul edib.

“Buna baxmayaraq üç aya yaxındır ki, onun saxlanıldığı təcridxanaya ümumiyyətlə hər hansı həkim buraxılmır, işə baxan Bakı Ağır Cinayətlər Məhkəməsi bununla bağlı müdafiə tərəfinin həkimlərin dəvət olunması ilə bağlı verdiyi bütün vəsatətləri rədd edir, Eldar Həsənovun səhhəti dəfələrlə məhkəmədə pisləşib, dəfələrlə o xərəkdə məhkəmədən çıxarılıb."

Eldar Həsənov 1995-2000-ci illərdə Azərbaycanın Baş prokuroru olub. Baş prokuror vəzifəsindən azad edildikdən sonra Azərbaycanın Rumıniyadakı səfiri təyin edilib. 12 il bu vəzifədə çalışandan sonra 2013-cü ildə Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfiri vəzifəsinə təyin olunub.

İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi 2020-ci il noyabrın 2-də təsis edilib. Mərkəzin rəhbəri deputatlığa keçmiş namizəd, ictimai fəal Fikrət Cəfərlidir.

Öz növbəsində, rəsmi Bakı ölkədə ədalətli məhkəmə sisteminin formalaşdığını, insanların işgəncələrə məruz qalmadığını bildirir. Baş Prokurorluq isə Həsənovun həbsdə olduğu müddətdə daim həkim nəzarətində olduğunu, dəfələrlə müayinədən keçdiyini, hospitalda müalicə aldığını bildirib.

XS
SM
MD
LG