Accessibility links

Vətəndaş cəmiyyəti Avropanın Azərbaycandakı layihələrinin effektivliyini sual edir


Avropa Şurası 2019-2021-ci illər üçün Azərbaycanla Əməkdaşlıq Planını təsdiq edib
please wait

No media source currently available

0:00 0:05:22 0:00

Oktyabrın 25-də Avropa Şurası və Avropa İttifaqı Şərq Tərəfdaşlığı çərçivəsində Azərbaycanda həyata keçirilən layihələrin nəticələrini təqdim edib.

2015-2018-ci illərdə "Yaxşı idarəetmə naminə tərəfdaşlıq" çərçivəsində Azərbaycanda 4 layihə həyata keçirilib. 5,2 mln. avro dəyəri olan bu layihələr Avropa İttifaqı və Avropa Şurası tərəfindən maliyyələşdirilib.

Xüsusi layihələrlə yanaşı, Azərbaycan həmçinin Şərq Tərəfdaşlığı ölkələri üçün 14 regional layihənin iştirakçısı olub.

Avropa Şurasının Bakı ofisinin rəhbəri Zoltan Hernyes deyib ki, onların məqsədi ifadə və media azadlığının inkişafına yardım, korrupsiyaya qarşı mübarizə səviyyəsinin artırılması, Ədliyyə Akademiyasının rolunun və potensialının gücləndirilməsi, hakimlərin təlimi və ədalətli mühakimə sisteminin effektivliyinin və keyfiyyətinin artırılması idi.

Onun sözlərinə görə, AŞ Nazirlər Komitəsi ötən həftə 2019-2021-ci illər üçün Azərbaycanla yeni əməkdaşlıq planını təsdiq edib.

Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri, səfir Kyastutis Yankauskas (Kestutis Yanukauskas) Avropa İnsan Hüquqları Konvensiyasının tətbiqi və çirkli pulların yuyulmasına qarşı mübarizə ilə bağlı iki layihənin davam etdiyinə diqqət çəkib.

Birinci layihə çərçivəsində vəkil və vətəndaş cəmiyyəti fəalları olan 100 hüquqşünas təlim keçib. İndi onların öz bilik və bacarıqlarını başqaları ilə bölüşməsi üçün onlardan milli trenerlər formalaşdırılması planlaşdırılır.

Bundan başqa, birinci mərhələdə təlim keçmiş hüquq fakultəsinin 52 tələbəsi pulsuz hüquqi xidmətlərin göstərilməsi üzrə layihənin həyata keçirilməsinə cəlb ediləcək.

Çirkli pulların yuyulmasına qarşı mübarizəyə gəlincə, Yankauskas Azərbaycanda bu hüquqpozmaya görə cinayət məsuliyyəti tətbiq edilməsini müsbət qiymətləndirib. Amma, onun sözlərinə görə, Azərbaycanda bu istiqamətdə araşdırma çox azdır.

Azərbaycan Xarici İşlər Nazirliyinin demokratiya və insan hüquqları idarəsinin rəis müavini Fərəh Acalova qeyd edib ki, 2019-2021-ci illər üçün yeni Fəaliyyət Planı Azərbaycan və Avropa Şurası arasında əməkdaşlıq üçün baza yaradır və islahatların dəstəklənməsinə töhfə verir.

Avropa Şurasının AŞ/Aİ şöbəsinin koordinatoru Arkadi Sıtin qeyd edib ki, 2014-2018-ci illərdə əməkdaşlıq layihələri çərçivəsində Azərbaycanda və xaricdə 100 tədbir keçirilib, onlarda 4 minə yaxın milli iştirakçı iştirak edib.

Azərbaycanın beş məhkəməsində pilot layihələr həyata keçirilib, burada qanunla müəyyən edilmiş müddət ərzində mülki işlərin 100%-nə baxılmasını təmin etmək mümkün olub.

Daha sonra mətbuatın iştirakı olmadan həyata keçirilmiş layihələrin yekunu və gələcək üçün prioritet vəzifələrin müəyyən edilməsi üzrə müzakirələr davam etdirilib.

Bununla yanaşı müstəqil QHT rəhbərləri hesab edir ki, Avropa Şurası və Avropa İttifaqının Şərq Tərəfdaşlığı çərçivəsində Azərbaycan hökuməti ilə həyata keçirdiyi layihələr səmərəsiz olub.

Araşdırmaçı jurnalist Xədicə İsmayılova Amerikanın Səsinə bildirib ki, Avropa Şurasının qrantları islahatlara təkan verməyib, əksinə islahatların əleyhinə işləyib.

“Statistikaya fikir versək, 2104-cü ilədək məhkəmələr diffamasiya işləri üzrə bir dənə də həbs hökmü çıxarmayıb. Amma 2015-2017-ci illər arasında Avropa Şurası təlimlər keçəndən sonra 2017-ci ildə diffamasiya hökmü üzrə 5 nəfər həbs olunub. Bu illərdə çoxlu sayda insan cinayət məsuliyyətinə cəlb olunub və cərimə hökmləri çıxarılıb. Mən anlaya bilmirəm ki, AŞ-nin ekspertləri təlimlərdə Azərbaycan hüquq-mühafizə orqanlarının və ədliyyə sistemi işçilərinə nə öyrədiblər ki, bu statistika azalmaq əvəzinə artıb”.

İsmayılova bildirib ki, AŞ layihələri həyata keçirməmişdən əvvəl, 2014-cü ildə siyasi məhbusların sayı 98 nəfər idi, indi, 2018-ci ildə siyasi məhbusların sayı 130 nəfərədək çoxalıb.

Mən bilmirəm, Avropa Şurası Azərbaycanda hakimlərə nə öyrədib, amma onların davranışında müsbət dəyişiklik olmayıb
Xədicə İsmayıl

“Bu illər ərzində Avropa İnsan Haqları Məhkəməsi Azərbaycana qarşı Avropa Konvensiyasının 18-ci maddəsi (Hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) üzrə 7 iş üzrə qərar qəbul edib. Orada siyasi ayrıseçkiliyə yol verildiyi tanınıb. O hökmlərin bir çoxu məhz 2015-ci ildən sonraya təsadüf edir. Mən bilmirəm, AŞ Azərbaycanda hakimlərə nə öyrədib, amma onların davranışında müsbət dəyişiklik olmayıb”, o qeyd edib.

Onun sözlərinə görə, QHT-lərlə bağlı qanunvericiliyə dəyişikliklər hazırlamaq üçün AŞ məsləhətçi ekspertlər göndərib.

“O ekspertlər hökumətin narazılığı nəticəsində bir neçə dəfə dəyişdi. Amma, dəyişilən ekspertlərin məsləhəti ilə hazırlanan qanun layihəsindən bir xəbər olmadı. Siyasi qərarların qəbulunda vətəndaş cəmiyyəti ilə dialoq məsələsi var idi, amma biz o dialoqun şahidi olmadıq”.

İsmayılovanın dediyinə görə, AŞ-nin layihəsinin bir komponenti də pulyuma ilə bağlı olub.

Mən bu layihə daxilində çirkli pulların yuyulması və ya korrupsiya halları ilə bağlı bir araşdırma belə görmədim. Hesab edirəm ki, bu layihənin özünü də pulyuma layihəsi hesab etmək olar.
Xədicə İsmayıl

“Mən bu layihə daxilində AŞ-nin təlim keçdiyi jurnalistlərin çirkli pulların yuyulması və ya korrupsiya halları ilə bağlı bir araşdırmasını belə görmədim. Hesab edirəm ki, bu layihənin özünü də pulyuma layihəsi hesab etmək olar”, o qeyd edib.

Vəkil Əsabəli Mustafayev Amerikanın Səsinə deyib ki, AŞ-nin Avropa Məhkəməsinin standartının tətbiqi ilə bağlı layihəsi çox lazımlı layihədir.

“Bu layihə çərçivəsində vəkillərə, hüquqşünaslara Avropa Məhkəməsinə müraciət, işlərin hazırlanması qaydaları öyrədilirdi. Lakin, burada bir çatışmamazlıq var. Hesab edirəm ki, layihənin nəticəsində göstərmək lazım idi ki, təlimdə iştirak edən neçə nəfər Avropa Məhkəməsinə şikayət yazıb. İkinci də məhkəmə qəraralarının icrası ilə bağlı araşdırma aparılmalı idi. Bunun olmaması layihənin keyfiyyətini olduqca aşağı salıb”.

Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu Amerikanın Səsinə deyib ki, AŞ-nin layihələri məhkəmə islahatlarına kömək etməyib.

“Biz əvvəllər ictimai müdafiəçi kimi məhkəmələrdə qadınların hüquqlarını müdafiə edə bilirdik. Qanunverciliyə son dəyişklikdən sonra biz ictimai müdafəçi kimi qadınların hüquqlarını məhkəmələrdə müdafiə edə bilmirik. Onlar faktiki olaraq müdafiəsiz qalır”, o qeyd edib.

Mülki-Sosial İnkişafa Dəstək İctimai Birliyinin rəhbəri İsrail İsgəndərov deyib ki, AŞ proseslərə sistemli yanaşmalıdır.

“Layihələr ilkin olaraq yaxşı idarəetmənin necə olması, bunun müsbət tərəflərini əhatə etməlidir. Bundan sonra idarəetmə islahatları ilə bağlı layihələr reallaşdırmaq olar. Amma, AŞ-nin layihələri sondan başlayır”, o qeyd edib.

Konstitusiya İslahatları Fondunun rəhbəri Əliməmməd Nuriyev Amerikanın Səsinə deyib ki, AŞ-nin layihələri Azərbaycan qanunvericilik sisteminin əhəmiyyətli dərəcədə dəyişməsinə yardım edir.

“Azərbaycan Avropaya inteqrasiyanı öz prioritetlərindən biri hesab edir. Azərbaycan AŞ-nin bir çox konvensiyalarına qoşulub. Bu konvensiyalardan irəli gələrək Azərbaycan öz qanunvericiliyində dəyişikliklər edib. Məsələn, “Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna əhəmiyyətli dəyişikliklər edilib. Eyni zamanda cinayət-prossesual qanunvericiliyinə dəyikliklər edilib. İnsan hüquq və azadlıqları ilə bağlı, həbs yerlərində saxlanılma ilə bağlı yeni qanun qəbul edilib. “Vəkllik və vəkillik fəaliyyəti haqqında” qanuna dəyişiklik edilib və yeni dyəişiklilər də hazırlanır. İctimai birliklərlə bağlı qanun haqqında bir çox təkliflər verilib”, o deyib.

Hüquq və İnkişaf İctimai Birliyinin rəhbəri Hafiz Həsənov bildirib ki, AŞ-nin layihələrinin əvvəllər az da olsa müsbət nəticələri olub.

“Ancaq, indiki halda AŞ-nin layihələrinin müsbət nəticələri demək olar ki yoxdur. AŞ-nin Venesiya Komissiyasının seçkilərlə, QHT-lərlə bağlı xeyli təklifləri var, amma bir nəticəsi yoxdur. Hesab edirəm ki, AŞ-nin indiki halda Azərbaycan hökuməti ilə həyata keçridiyi layihələrin o qədər də əhəmiyyəti olmur. Bu layihələr daha çox formal xarakter daşıyır, nəticələr qanedici deyil. Ölkədə nə seçki sisteminin, nə seçki qanyunvericiliyinin təkmilləşdirilməsinə, nə məhkəmə sistemində əsaslı islahatların aparılmasına, nə də Avropa Məhkəməsinin məhkəmə presedentlərinin Azərbaycanda tətbiqi üçün ciddi nəticə vermir”, o qeyd edib.

XS
SM
MD
LG