Accessibility links

Vaşinqtonun Müasir İncəsənət Bağı

Vaşinqton şəhərinin gəzməli və görməli yerlərindən biri də Milli İncəsənət Qalereyasının həyətində yerləşən heykəl parkıdır. İl boyu ziyarətçilərin diqqətini çəkən parkda istər incəsənət muzeyinin kolleksiyasından sənət nümunələri nümayiş olunur, istərsə də xüsusi açıq hava sərgiləri keçirilir.

Botanika bağı ilə incəsənət muzeyini özündə birləşdirən parkın bağında bir sıra sadəcə Amerikada yetişdirilən sarmaşıq gülləri, müxtəlif ekzotik çiçək və bitki növləri əkilib. Parkın tam ortasında böyük fontan var. Bu fəvvarə qış aylarında buz pateninə dönüştürülərək şəhər sakinlərinin əyləncə və idman mərkəzlərindən biri olur. Parkda yerləşən Pavilion kafe də incəsənət muzeyinin tarixi ruhuna uyğun şəkildə dizayn olunub və parkın ahənginə xeyli yaraşır.

Hal-hazırda parkda 19 sənət əsəri nümayiş olunur. Onlardan ən çox diqqət çəkəni, metal ağacdır. 2009-cu ildə sənətçi Roksi Peyn tərəfindən ərsəyə gələn əsərin adı “Qraft”dır.

İlk öncə, parka daxil olub bu ağacın əsl ağac olduğunu sanırsınız. Lakin abidəyə yaxınlaşdıqca, parıltılı gümüşü rəngi sizdə maraq oyadır. Gələcəyin naməlum soyuqluğu, robotlaşma dövrünün təbiətdə özünü necə əks etdirəcəyini düşündürür sizə. Gələcəyə addım atarkən, əlimizdəkilərin qiymətini itirməməyimizi yadımıza salır.
Qarşımıza çıxan digər skulptura 1996-cı ildə Roy Lixtenşteyn tərəfindən yaradılan “Mən, ev” abidəsidir. İlluziya effekti ilə 3D formaya bürünən rəngarəng ev sənənçinin imza əsərlərindən biridir.

Bir digər əsər isə, Klaes Oldenburq və Kusje van Bruggenin işi olan “Çap maşını pozanı” adlı işdir. 1960-cı illərdən etibarən bu iki sənətçi gündəlik həyatda istifadə olunan əşyalardan heykəllər yaratmaq fikrinə düşüb. Məşhur hadisələr və ya dahi şəxslər yerinə adi məişət əşyalarına heykəl ucaltmağa başlayıblar. Məsələn, qayçı, tennis topu, mişar və sairə. Çap maşını pozanı da belə əşyalardan biridir. 1960-cı illərdə çap maşınında yazı yazan insanların çoxunun evində belə bir xüsusi pozan olurmuş. İnsanlar bu gün bu pozanı Vaşinqtonun ən gözəl parklarından birində görüb, keçmişdəki varlığı üçün ona təşəkkür etmiş olur.


XS
SM
MD
LG