Accessibility links

Milli fəal Vədud Əsədi müvəqqəti azadlığa buraxılıb


İran hökumətinin kəşfiyyat agentləri tərəfindən nəzarət altına alınan milli fəal Vədud Əsədi müvəqqəti olaraq sərbəst buraxılıb.

İnsan hüquqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyi xəbərinə görə, İranın Gilan vilayətinin Rəşt şəhərində yaşayan azərbaycanlı fəal Vədud Əsədi noyabr ayının 27-də 170 milyon tümənlik girov müqabilində müvəqqəti olaraq məhkəmənin son qərarına qədər Rəşt Həbsxanasından azad edilib.

Əsədi oktyabrın 30-da təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək 20 gündən çox Rəşt Kəşfiyyat İdarəsinin təxridxanasında sorğu-suala çəkilib. Bu müddət ərzində Əsədiyə sadəcə bir dəfə ailəsilə qısa telefon söhbətinə izin verildiyi zaman onun Kəşfiyyat İdarəsinin təcridxanasında saxlanıldığı bəlli olmuşdu.

Vədud Əsədi və Əlirza Fərşinin azadlığı tələbi ilə şəhərdə pplakatlar yerləşdirilmişdi. Milli fəalın ailəsi dəfələrlə Rəşt İqilab Məhkəməsinin Prokurorluğuna müraciət etsə də, ədliyyə rəsmiləri fəalın ailəsinə məlumat vermirdi.

O, noyabrın 22-də Rəşt şəhərinin kəşfiyyat İdarəsinin təcridxanasında dindirmə prosesinin başa çatması ilə Rəşt şəhərinin 2 saylı həbsxanasına köçürülmüşdü. Milli fəala qarşı irəli sürülən ittihamlarla bağlı hələ ki, heç bir məlumat yayılmayıb.

Milli fəal Vədud Əsədi daha öncə də təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib. O, Rəşt şəhərində yaşayan digər türk fəallarla birgə İkinci Qarabağ Müharibəsi zamanı Azərbaycana dəstək mitinqlərində iştirak etməklə əlaqədar məhkəməyə çağırılmışdı.

Keçmiş tələbə fəalı Əsədi daha öncə də Ərdəbildə təhsil aldığı zaman mədəni fəaliyyətlərindən dolayı saxlanılıb və mühakimə edilmişdi. O, qapadılmış “Səhər” tələbə jurnalının keçmiş baş redaktorudur.

XS
SM
MD
LG