Accessibility links

Valideynlər şagirdin intiharında günahı olanların cəzalandırılmasını tələb edib


162 saylı məktəbin qarşısında aksiya

Bakının 162 saylı tam orta məktəbinin binası qarşısında bu məktəbin şagirdinin intihar etməsində günahı olan şəxslərin azadlıqdan məhrum edilməsi tələbi ilə aksiya keçirilib. Aksiyaya onlarla valideyn qatılıb.

Aksiya iştirakçıları məktəbin divarları önünə intihar etmiş şagirdin fotolarını qoyub. Onun xatirəsinə divar boyu şamlar yandırılıb, gül çəlləngələri və oyuncaqlar düzülüb.

162 saylı məktəbin qarşında aksiya
162 saylı məktəbin qarşında aksiya

Aksiya iştirakçıları məktəbin direktoru və rəhbər heyətindən narazıdır.

“Mən bir neçə ay öncə direktor və onun əlaltısı olan müəllimlərdən şikayət etmişəm. Şikayətimə baxılsa idi, məktəbdə ölüm olmazdı. Mənim qızımı da bunun aqibəti gözləyir. Direktor mənim uşağımı da intihar edən qız kimi təhqir etmişdi. O problemin qabağında şikayət etməsə idim, mənim də qızımın aqibəti belə olardı. Mənim qızımın təhlükəsizliyinin təmin edilməsini istəyirəm,” məcburi köçkün, valideyn Səbahə Quliyeva bildirib.

Direktor mənim uşağımı da intihar edən qız kimi təhqir etmişdi. O problemin qabağında şikayət etməsə idim, mənim də qızımın aqibəti belə olardı. Mənim qızımın təhlükəsizliyinin təmin edilməsini istəyirəm
Səbahə Quliyeva, valideyn

Aksiya iştirakçıları həmçinin şagirdin ölümündə günahı olanların indiyədək həbs olunmamasından narahatdırlar.

“Biz şagirdin ölümündə günahı olanların cəzalandırılmasını tələb etmək üçün məktəbin qarşısına toplaşmışıq. Onun qanı yerdə qalmamalıdır. Məktəbdəki qalmaqal bir yana, direktorun uşağı iki saat yerdə saxlaması, otağına aparması, valideynlərinə və təcili tibbi yardıma vaxtında xəbər verməməsi düzgün deyildi. Cinayət işi üçün bunlar bəs edir. Daha nə olmalıdır. Direktor adamlara hədə-qorxu gəlirdi. Hamı ondan qorxurdu, ağzını aça bilmirdi. Şikayət olanda deyirdi ki, uşağınızı gecə gəlib apararam, məktəbdə belə edərəm, elə edərəm. Hamı bu direktordan çəkinir. Bu direktor kimə güvənir, necə güvənir onu bilmirik. Kimin günahı var cəzalandırılsın. Sinif rəhbərinin də məsələdən xəbəri var. Şagird ona dəfələrlə deyib ki, uşaqlar mənimlə yaxşı danışmır. Onu 11-ci sinif uşaqları döyüb, koridorda sataşıblar,” adını açıqlamayan digər aksiya iştirakçısı bildirib.

162 saylı tam orta məktəbin 8-ci sinif şagirdi aprelin 4-də özünü oxuduğu məktəbin 3-cü mərtəbəsindən atıb. Şagird iki gün sonra Klinik Tibbi Mərkəzdə dünyasını dəyişib.

Faktla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Şagirdin intiharı sosial şəbəkələrdə geniş müzakirlərə yol açıb. Yüzlərlə insan sosial şəbəkələrdə #ElinaÜçünSusma və #BullinqəSon şüarı ilə keçirilən kampaniyaya qoşulub.

Təhsil nazirinin əmri ilə məktəbin direktoru Sevinc Abbasova aprelin 8-də cinayət araşdırılması dövründə vəzifədən kənarlaşdırılıb.

Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib ki, şagirdin intiharı ölkə başçısının və birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqətində və nəzarətindədir.

“Bununla bağlı aidiyyəti dövlət qurumlarına -Təhsil Nazirliyinə, Ailə, Qadın və Uşaq Məsələri üzrə Dövlət Komitəsinə, Daxili İşlər Nazirliyinə xüsusi tapşırıqlar verilib ki, bu iş ciddi araşdırılsın. Belə məsələlərdə diqqətli olmaq lazımdır. Çünki burada söhbət uşağın və ailənin hüquqlarından gedir.”

Komitə sədri həmçinin əlavə edib ki, şagirdin intiharı çox müzakirə olunur.

“Bunu dərk etmək lazımdır ki, istintaq gedir və araşdırmalar olmalıdır. Kimin bu işdə günahı varsa, onlara qarşı cinayət işi başlanacaq və cəza alacaq. Sosial şəbəkələrdə işi dərk etməyən insanlar iradlar tutur və populist çıxışlar edirlər,” o qeyd edib.

XS
SM
MD
LG