Accessibility links

Vaşinqton ştatında qatarın relsdən çıxması nəticəsində üç nəfər ölüb


ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi İdarəsinin müstəntiqləri bildirir ki, Amtrak qatarı relsdən çıxdığı zaman icazə verilən sürətdən iki dəfə artıq sürətlə hərəkət edirdi. Qəza nəticəsində üç sərnişin ölüb, 100-dən çox insan xəsarət alıb.

ABŞ-ın şimal-qərbində yerləşən Vaşinqton ştatında xilasetmə işçiləri bazar ertəsi gecə saatlarında relsdən çıxıb yola düşən vaqonları təmizləyirdi. Qatar ilk dəfədir ki, daha sürətli yeni rels üzərində hərəkət edirdi.

“Buradakı əsas sual odur ki, “nə üçün qatar saatda 48 kilometr sürətlə getməli olduğu yerdə saatda128 ilə hərəkət edirdi?” Bununla bağlı nə isə demək hələ ki, tezdir. Biz şadıq ki, arxa lokomotivdəki özüyazan cihazdan hadisə ilə bağlı məlumat əldə edə bildik. Öndəki lokomotivə çıxış əldə etmək bir az çətindir. Amma ona da çıxış əldə edəndən sonra qatarın sürəti ilə bağlı daha çox məlumat verə biləcəyik,” deyə idarədən Bella Dinh-Zarr bildirib.

Milli Nəqliyyat Təhlükəsizliyi İdarəsinin müstəntiqləri qatar operatorlarını sorğu-sual edib, onların döngədə maksimum icazə verilən sürətin aşağı olduğundan xəbərdar olub-olmadığını öyrənməyə çalışır.

Qatar ştatın paytaxtı Olimpiya şəhəri ilə Leykvud şəhəri arasında relsdən çıxıb.

Leykvud meri Don Anderson Amerikanın Səsinə bildirib ki, şəhər yeni Amtrak xəttininin əleyhinə idi, çünki bu yolda sərnişin qatarları az işlənən yük xəttində hərəkət edir.

XS
SM
MD
LG