Accessibility links

Roma Papası İranda etirazçılara qarşı ölüm hökmünün tətbiq edilməsini pisləyib


Roma Papası Frensis
Roma Papası Frensis

Roma Papası Frensis bazar ertəsi diplomatlara ənənəvi Yeni il müraciəti zamanı ilk dəfə olaraq İranın etirazçıları edam etməsini pisləyib və Ukraynada müharibəni "Allaha və insanlığa qarşı cinayət" adlandırıb.

Papa bu sözləri Yeni iİlin əvvəlində Vatikanda akkreditə olunmuş diplomatlar qarşısında "dünyanın vəziyyəti" kimi tanınan qeyri-rəsmi çıxışı zamanı deyib.

Onun italyan dilində Vatikanda akkreditə olunmuş 183 ölkənin əksəriyyətinin nümayəndələri qarşısında oxunan səkkiz səhifədən ibarət nitqi Afrika, Yaxın Şərq və Asiya da daxil olmaqla, dünyanın bütün münaqişə bölgələrini əhatə edib.

O, abortu qınadığını təkrar edərək, "xüsusən də siyasi məsuliyyət daşıyanları ən zəif olanların hüquqlarını qorumağa" çağırıb və yenidən nüvə münaqişəsi təhlükəsi barədə xəbərdarlığını bir daha təkrar edib.

Bununla belə, Roma Papasının Vatikanın Mərasimlər Zalındakı çıxışında əsas yenilik onun keçən il sentyabr ayında polis nəzarətində olan 22 yaşlı kürd qadın Məhsa Əmininin ölümündən sonra İranda baş verən ümummilli iğtişaşlar qarşısında sükutu pozması olub.

"Qadınların ləyaqətinə daha çox hörmət edilməsi tələbi ilə keçirilən son nümayişlərdən sonra İranda əvvəllər olduğu kimi bu günlər də ölüm hökmünün davam etməsi yaşamaq hüququnun təhdid edilməsidir" - deyə, Roma Papası bildirib.

İslam Respublikasında etirazlar dalğası ilə əlaqədar dörd etirazçı edam edilib.

"Ölüm cəzası iddia edilən dövlət ədaləti üçün tətbiq edilə bilməz, çünki bu, nə çəkindirir, nə də ədaləti təmin edir, bu, ancaq intiqam hissini artırır," Papa Frensis bildirib.

Daha sonra o, bütün dünyada ölüm cəzasına son qoyulması üçün müraciətini təkrarlayaraq, deyib ki, "bu, insanın toxunulmazlığına və ləyaqətinə zərbə vurduğu üçün yolverilməzdir".

Roma Papası Frensis bir çox ölkələrin insan hüquqlarına hörmətlə bağlı öhdəliklərinə yalnız sözdə əməl etdiklərini deyib. O, qadınlara hörmət etməyə çağıraraq, onların hələ də geniş şəkildə ikinci dərəcəli vətəndaş kimi qəbul edildiyini, zorakılığa və sui-istifadəyə məruz qaldıqlarını bildirib.

Frensis "Ukraynada ölüm və dağıntılarla müşayiət olunan və təkcə atışma və zorakılıq aktları nəticəsində deyil, həm də mülki infrastrukturlara hücumlara görə insanların aclıq və soyuqdan həyatlarını itirməsinə səbəb olan müharibədən" danışıb.

Sonra o, Vatikan konstitusiyasından sitat gətirərək deyib ki, "bütün şəhərlərin və ya geniş ərazilərin sakinləri ilə fərq qoymadan dağıdılmasına yönəlmiş hər bir müharibə Allaha və bəşəriyyətə qarşı cinayətdir və qəti və birmənalı olaraq qınanmağa layiqdir".

XS
SM
MD
LG