Accessibility links

Vəkillər Kollegiyasının sədri: Baş Prokurorluğun intizam tədbiri ilə bağlı məktubu araşdırılır


Anar Bağırov

“Məm inanmıram ki, Baş Prokurorluq qanunsuz yolla əldə edilmiş sübuta görə vəkili kiminsə müdafiəsindən uzaqlaşdırsın. Bu qətiyyən mümkün olmayan bir şeydir. Baş Prokurorluqdakı insanların bilik səviyyəsi, təcrübəsi kifayət qədərdir və onlar heç zaman belə işlərə getməzlər. Müvafiq qərarda cinayət işinin materiallarına istinad olunur və hər hansı dinləmədən söhbət getmir və yeri gəlmişkən, bu heç nəzəri-nöqteyi cəhətdən belə ola da bilməz. Hüquqşünaslar bunu yaxşı anlayırlar”. Bu barədə Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov Amerikanın Səsinin vəkil Elçin Sadıqovun Gəncə hadisələri zamanı həbs edilmiş Yunis Səfərovun müdafisindən uzaqlaşdırılması ilə bağlı Baş Prokurorun birinci müavini Rüstəm Usubovun imzası əks olunmuş qərarın sosial şəbəkələrdə yayılmış foto-surətinin həqiqi olub-olmanması ilə bağlı sualına cavabda deyib.

İyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis serjantı Qasım Aşbazova silahlı sui-qəsd olub. Sui-qəsdin törədilməsində şübhəli bilinən Yunis Səfərov həbs edilib. Hüquq-mühafizə qurumları baş verənləri terror sayır. Onlar iddia edirlər ki, Yunis Səfərovun terror aktını törətməkdə əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan islam dövləti qurmaq olub. Hələlik Yunis Səfərov bu iddialarla bağlı münasibətini açıqlamayıb.

Bu sui-qəsddən bir qədər sonra sosial şəbəkələrdə iyulun 10-da Gəncədə aksiya keçirilməsi ilə bağlı məlumatlar yayılıb. Rəsmi məlumata görə, iyulun 10-da Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada yüksək rütbəli polis zabitləri - İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetirilib.

Baş Prokurorluq hər iki hadisə ilə bağlı 60-dan çox insanın həbs edildiyini açıqlayıb. Habelə, rəsmi məlumatlarda silahlı müqavimət göstərdiyi bildirilən 6 nəfərin hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən öldürüldüyü bildirilib.

Elçin Sadıqov
Elçin Sadıqov

Elçin Sadıqov Gəncə Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Elmar Vəliyevə sui-qəsddə təqsirli bilinən Yunis Səfərovun vəkilidir. Sentyabrın 11-də Yunis Səfərovun anası Leylaxanım İsmayılova müraciət yayaraq, oğlu ilə vəkilinin görüşünün dinlənildiyini, vəkilin təhdid olunduğunu bildirib.

Sentyabrın 5-də Baş Prokurorluq Elçin Sadıqovun Səfərovun müdafiəsindən kənarlaşdırılması haqda qərar qəbul edib və Sadıqov barədə intizam tədbiri görülməsi üçün Vəkillər Kollegiyasına müraciət edib.

Baş Prokurorun birinci müavini Rüstəm Usubovun imzası olan qərarın sosial şəbəkələrdə foto-surəti yayılıb. Foto-surətdə vəkilin müdafiə etdiyi şəxslə konfedensiallığı qanunla qorunan söhbətlərindən misallar çəkilir. Bununla yanaşı, yayılmış foto-surətin həqiqi olub-olmaması barədə prokurorluq hələ şərh verməyib.

“5 sentyabr 2018-ci ildə baş prokurorun birinci müavininin imzaladığı qərar 6 sentyabr 2018-ci ildə oğluma təqdim edilib. Həmin qərarda göstərilir ki, Baş Prokurorluq Bakı İstintaq Təcridxanasında oğlumla vəkilinin qanunla konfedensial olmalı olan görüşlərini izləyib. Vəkilin oğluma məsləhətlərini dinləyib və onun oğluma məsləhətləri xoşuna gəlmədiyi üçün vəkili cinayət işindən kənarlaşdırıb”, Səfərovun anası Leylaxanım İsmayılova ictimaiyyətə müraciətində qeyd edib.

Vəkillər Kollegiyasınəın sədri Anar Bağırov Amerikanın Səsinin “belə bir qərarın imzlanması mümkündürmü?” - sualının cavabında deyib ki, qüvvədə olan cinayət-prossesual qanunvericiliyinin tələblərinə görə müdafiəçinin cinayət prosesində iştirakını istisna edən hallar müəyyən edildiyi halda, onun cinayət işinin iraatında iştirak etməkdən kənarlaşdırılması barədə qərarın qəbul olunmasında prokurorluq orqanları tam səlahiyyətlidir.

“Əgər sübut olunsa ki, vəkilin iddia etdiyi kimi bu qanunsuz dinləmə nəticəsində baş verib, təbii ki, qanunu rəhbər tutan İntizam Komissiyasının da, Rəyasət Heyətinin də qanunusuz yolla əldə olunmuş sübut əsasında vəkilin barəsində intizam tədbiri seçməsi istisna olunur. Ancaq yenə də deyirəm, bzidə olan sənədlərdə cinayət işinin materiallarına istinad olunur, dinləmədən söhbət getmir”, Bağırov qeyd edib.

Vəkillər Kollegiyasının sədri vəkil Elçin Sadıqovla bağlı məsələni müzakirə etdiyini bildirib.

“Məsələni Elçin Sadıqovla da müzakirə etdik, onu dinlədim. Sonra Sadıqovun özü də görüşümüz barədə açılqama verdi. Həm də dedi ki, onun barəsində bundan öncə iki dəfə intizam tədbiri ilə bağlı müraciət obyektiv, qərəzsiz araşdırılıb və hər hansı narazılığı yoxdur. Hətta bir dəfə ona irad da bildirilib. Onu da normal qarşılayıb və təşəkkür bildirib. Elçin Sadıqovu İntizam Komissiyasında da dinlədilər, yazılı hesabatını təqdim edib. Onun fikri odur ki, o fərz edir ki, onu dinləyiblər. Biz də deyirik ki, qərarda yazılmayıb ki, dindirmə nəticəsində belə faktlar aşakara çıxıb. Orada yazılır ki, cinayət işinin materiallarından bu görünür, bir sözlə fərziyyə irəli sürməklə bu cür çaşdırıcı fikirlərin səsləndirilməsi cəmiyyəti çaşdırır, məsələnin obyektiv araşdırılmasına mane olur, Vəkillər Kollegiyası müstəqil qurumdur və heç kəs onun işinə təzyiq və təsir edə bilməz, bu yolverilməzdir.”, o qeyd edib.

Bağırov bildirib ki, hazırda Baş Prokurorluğun vəkil Elçin Sadıqova qarşı intizam tədbiri görülməsi barədə məktubu Vəkillər Kolegiyasında araşdırılır.

“Araşdırmalar başa çatdıqdan sonra Rəyasət Heyəti məsələyə baxıb müvafiq qərar qəbul edəcək”, kollegiyanın sədri Amerikanın Səsinə deyib.

Öz növbəsində Elçin Sadıqov Amerikanın Səsinə deyib ki, ona qarşı prokuorluğun müraciətinin tam qanunsuz olması mübahisə doğurmayan haldır.

“Bununla belə, şikayətin əsaslı olub-olmamasından asılı olmayaraq, Vəkillərin İntizam Komissiyası onu araşdırmalı, Vəkillər Kollegiyasının Rəyasət Heyəti qərar verməlidir”.

O həmçinin şikayətlə bağlı Vəkillər Kollegiyasının sədri Anar Bağırovla və Vəkillərin İntizam Komissiyasının üzvü ilə görüşdüyünü təsdiq edib.

“Görüşdə barəmdəki yeni intizam icraatı barədə söhbət etdik. İcraatın materialları hamıya bəlli olan qərarın mətnindən ibarətdir. Ümidvaram ki, Vəkillər Kollegiyasının Rəyasət Heyəti intizam icraatı barədə qərar verərkən obyektivlik və ədalətlilik nümayiş etdirəcək, vəkilliyin nüfuzuna qarşı olan bu şikayət üzrə intizam icraatına xitam verəcək”, o qeyd edib.

O bildirib ki, indiyədək Vəkillər Kollegiyasının Rəyasət Heyətindən özünə qarşı hər-hansı qərəz müşahidə etməyib.

“Kollegiyanın Rəyasət Heyətinin üzvləri ilə daim qarşılıqlı hörmətə əsaslanan münasibətlərimiz var. Yada salım ki, 2018-ci ildə barəmdə iki intizam icraatı olub. Hər iki işdə şikayətçi qarşı tərəf olub. Həmin şikayətlərdə iddia olunurdu ki, guya, mən onlara qarşı kobud davranmışam, vəkil etikasını pozmuşam. Məhkəmə iclas protokolları ilə təsdiq edilmədiyindən, Vəkillər Kollegiyası həmin şikayətlər üzrə açılmış intizam icraatlarına xitam vermişdi”, o qeyd edib.

Baş Prokurorluq bundan öncə də vəkillərlə bağlı Vəkillər Kollegiyasına şikayət edib. Vəkillər Kollegiyasının məhkəməyə müraciəti əsasında onlardan bəzilərinin vəkillik fəaliyyətinə ya xitam verilib, ya məhdudlaşdırılıb.

XS
SM
MD
LG