Accessibility links

Vəkillər Kollegiyası iki vəkilin fəaliyyətini bir il müddətinə dayandırıb


Vəkillər Kollegiyası
Vəkillər Kollegiyası

Aprelin 23-də Vəkillər Kollegiyası vəkillər Əsabəli Mustafayev və Nemət Kərimlinin vəkillik fəaliyyətinin bir illik dayandırılması barədə qərar qəbul edib. Bu barədə vəkil Asabəli Mustafayev Amerikanın Səsinə bildirib.

Vəkil Əsabəli Mustafayev məhkəmə zalında
Vəkil Əsabəli Mustafayev məhkəmə zalında

“Baş prokurorun birinci müavini Rüstəm Usubov mən və vəkil Nemət Kərimli barədə Vəkillər Kollegiyasına şikayət təqdim edib. İddia olunur ki, Nemət Kərimli jurnalist Əfqan Muxtarlının (Gürcüstandan müəmmalı şəraitdə Azərbaycana gətirilərək həbs edilən tənqidçi jurnalist-red) işini, mən isə Gözəl Bayramlının (müxalifətdə olan Xalq Cəbhəsi Partiyasının sədr müavini-red) işini siyasiləşdirmişik. Məhkəmədə Baş Prokurorluğun istintaq idarəsinin (Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsi nəzərdə tutulur-red) ünvanına guya əsassız tənqidlər söyləmişik. Tənqidlər işin mahiyyəti və sübutlarla bağlı olub. Vəkillər Kollegiyası şikayətə baxıb və bir il müddətində vəkillik fəaliyyətimizin dayandırılması ilə bağlı qərar verib. Nə İntizam Komissiyasının, nə də Kollegiyanın qərarını hələ almamışam, tam mətnlə tanış deyiləm. Onu bilirəm ki, Kollegiya razılaşıb ki, mən müsahibələr verməklə vəkilin etik davranış qaydalarını pozmuşam”, o Amerikanın Səsinə deyib.

Mustafayev Vəkillər Kollegiyasının qərarını alıb tanış olandan sonra məhkəməyə müraciət edəcəyini bildirib.

Nemət Kərimli
Nemət Kərimli

Hər iki vəkil hüquq müdafəçiləri tərəfindən “siyasi məhbus” kimi, Amnesty İnternational (Beynəlxalq Əfv) təşkilatı tərəfindən “vicdan məhbusu” elan edilən çoxsaylı müxalif və tənqidçi insanların hüquqlarını məhkəmələrdə müdafiə edib. Əsabəli Mustafayev Avropa İnsan Hüquqları Məhkəməsində yüzdən çox şikayəti müdafiə edib və qalib olub.

Vəkillərin fəaliyyətinin dayandırılması sosial şəbəkələrdə də tənqidlə qarşılanıb. Statuslarda həbsə məhkun edilmiş müxalifətçilərin, müstəqil jurnalistlərin, din xadimlərinin hüquqlaırnın müdafiəsi sahəsində problemlər yaranacağı bildirilir.

“Bir informasiya mənim Azərbaycan vəkilliyinə olan son ümidimi də qırdı. Təkcə Azərbaycanın yox, 47 Avropa Şurasına üzv dövlətin vəkilləri üçün əlçatmaz bir rəqəm olan, Avropa Məhkəməsində 136 işi udan dəyərli vəkil Əsabəli Mustafayevin vəkillik fəaliyyətinə, digər bir dəyərli vəkil Nemət Kərimli ilə bərabər bir illiyinə xitam veriblər. Daha deyiləcək söz yoxdur. Bir qrup hüququ və vəkilliyi gözdən salmaq üçün əlindən gələni edir. Yazıqlar olsun!” hüquqşünas Ələsgər Məmmədli facebook səhifəsində yazıb.

XS
SM
MD
LG