Accessibility links

Vəkil Elçin Sadıqov haqqında intizam icraatı başlanıb


Elçin Sadıqov və Mehman Hüseynov
Elçin Sadıqov və Mehman Hüseynov

Azərbaycan Vəkillər Kollegiyası vəkil Elçin Sadıqov haqqında intizam icraatına başlayıb. Bu barədə Sadıqovun özü “Facebook” səhifəsində yazıb.

“Vəkillərin İntizam Komissiyasının üzvü Sərdar Qasımov zəng etmişdi. Həftənin birinci günü (sentyabrın 17-də-red) konfedensial görüşün dinlənilməsi və onun əsasında Baş Prokurorluğun şikayəti ilə tanış olmağım üçün Vəkillər Kollegiyasına dəvət olunmuşam. Bax belə, həm konfedensial görüşüm dinlənilib, həm də barəmdə intizam icraatı başlanılıb”, Sadıqov qeyd edib.

Elçin Sadıqov Gəncə Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Elmar Vəliyevə sui-qəsddə təqsirli bilinən Yunis Səfərovun vəkilidir. Sentyabrın 11-də Yunis Səfərovun anası Leylaxanım İsmayılova müraciət yayaraq, oğlu ilə vəkilinin görüşünün dinlənildiyini, vəkilin təhdid olunduğunu bildirib.

Sentyabrın 5-də Baş Prokurorluq Elçin Sadıqovun Səfərovun müdafiəsindən kənarlaşdırılması haqda qərar qəbul edib və Sadıqov barədə intizam tədbiri görülməsi üçün Vəkillər Kollegiyasına müraciət edib.

Baş Prokurorluğun qərarının sosial şəbəkələrdə foto-surəti yayılıb. Foto-surətdə vəkilin müdafiə etdiyi şəxslə konfedensiallığı qanunla qorunan söhbətlərindən misallar çəkilir. Bununla yanaşı, yayılmış foto-surətin həqiqi olub-olmaması barədə prokurorluq hələ şərh verməyib.

“5 sentyabr 2018-ci ildə baş prokurorun birinci müavininin imzaladığı qərar 6 sentyabr 2018-ci ildə oğluma təqdim edilib. Həmin qərarda göstərilir ki, Baş Prokurorluq Bakı İstintaq Təcridxanasında oğlumla vəkilinin qanunla konfedensial olmalı olan görüşlərini izləyib. Vəkilin oğluma məsləhətlərini dinləyib və onun oğluma məsləhətləri xoşuna gəlmədiyi üçün vəkili cinayət işindən kənarlaşdırıb”, Səfərovun anası Leylaxanım İsmayılova ictimaiyyətə müraciətində qeyd edib.

Leylaxanım İsmayılovanın və Elçin Sadıqovun açıqlamalarına Baş Prokurorluqdan və Vəkillər Kollegiyasından hələ münasibət almaq mümkün olmayıb.

İyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis serjantı Qasım Aşbazova silahlı sui-qəsd olub. Sui-qəsdi törədilməsində şübhəli bilinən Yunis Səfərov həbs edilib.

Hüquq-mühafizə qurumları baş verənləri terror sayır. Onlar iddia edirlər ki, Yunis Səfərovun terror aktını törətməkdə əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan islam dövləti qurmaq olub. Hələlik Yunis Səfərov bu iddialarla bağlı münasibətini açıqlamayıb.

Bu sui-qəsddən bir qədər sonra da sosial şəbəkələrdə iyulun 10-da Gəncədə aksiya keçirilməsi ilə bağlı məlumatlar yayılıb. Rəsmi məlumata görə, iyulun 10-da Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada yüksək rütbəli polis zabitləri - İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetirilib.

Baş prokurorluq hər iki hadisə ilə bağlı 60-dan çox insanın həbs edildiyini açıqlayıb. Habelə, rəsmi məlumatlarda silahlı müqavimət göstərdiyi bildirilən 6 nəfər hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən öldürüldüyü bildirilib.

Prokurorluq orqanları, eləcə də başqa dövlət qurumları son dövrlər vəkillərdən kollegiyaya çoxsaylı şikayət edib. Bu şikayətlər adətən vəkillərin fəaliyyətinə xitam verilməsi və ya fəaliyyətlətinin müvəqqəti dayandırılması ilə nəticələnir.

Vəkillər Kollegiyası son 7-8 ayda bir sıra vəkillərin fəaliyyətini şikayətlər əsasında dayandırıb. Onların sırasında ictimai, siyasi və dindar fəal kimi tanınan şəxslərin müdafiəsini həyata keçirən vəkillər Yalçın İmanov, Əsabəli Mustafayev, Nemət Kərimli, Fəxrəddin Mehdiyev və başqaları var. Yalçın İmanov istisna olmaqla, digərlərinin fəaliyyətinə bir illik məhdudiyyət tətbiq olunub. Bu yaxınlarda isə vəkillər İradə Cavadova və Fuad Ağayev cəzalandırılıb.

Öz növbəsində Vəkillər Kollegiyası vəkillərin cəzalandırılmasının səbəbi kimi onların qanunvericiliyin normalarını pozmasını göstərilir.

Elçin Sadıqovun müdafiə etdiyi şəxslə konfedensiallığı qanunla qorunan görüşlərinin dinlənilməsi barədə yayılan xəbərlər sosial şəbəkələrdə geniş tənqidlərə yol açıb. Bir sıra vəkillər, icitimai şəxslər, siyasi liderlər prokurorluğun vəkilin danışığının dinlənilməsi ilə bağlı izahat verməli olduğunu, günahkar şəxslərin hüquqi məsuliyyətə cəlb edilməsini tələb edir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG